Azərbaycan Gimnastika Federasiyası ilin ilk dünya kuboku yarışlarına hazırlaşır
Azərbaycan Gimnastika Federasiyası (AGF) fevralın 16-17-də batut gimnastikası və tamblinq üzrə ilin ilk dünya kuboku yarışlarına hazırlaşır.
AZƏRTAC AGF-yə istinadla xəbər verir ki, turnirdə 31 ölkədən 200-dən artıq gimnastın mübarizə aparacağı gözlənilir. 2019-cu və 2020-ci illərdə Tokio Yay Olimpiya Oyunlarına batut gimnastikası üzrə təsnifat xarakterli 8 dünya kuboku yarışları keçiriləcək. Paytaxtımız isə bu kuboklardan ikisinə ev sahibliyi edəcək.
Ötən il Bakıda 26 ölkənin iştirakı ilə gimnastikanın bu növü üzrə Avropa çempionatı, daha öncəki illərdə isə dünya kubokları (2016-cı il 17 ölkə, 2017-ci il 15 ölkə) təşkil olunub. Bu il baş tutacaq yarışa marağın səbəbi isə kubokun təsnifat xarakterli olmasıdır. Turnirdə iştirak edəcək nümayəndə heyətlərinin adlarının qeyd olunduğu siyahı yanvarın sonlarında məlum olacaq.
Ölkəmizi turnirdə batut yarışlarında qadınlar arasında fərdi proqramda son Avropa çempionatının gümüş medalçısı Veronika Zemlyanaya, kişilər arasında sinxron və fərdi proqramlarda Ruslan Ağamirov, İlya Qrişunin, Oleq Piunov və tamblinq cığırında Avropa çempionumuz Mixail Malkin təmsil edəcəklər.
İki gün davam edəcək yarışların ilk günü təsnifat mərhələləri, ikinci günü isə final mərhələləri baş tutacaq.
Turnirdə ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” kuboku da təqdim olunacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət