Azərbaycan əhalisinə şad xəbər - İnternetin qiyməti kəskin ucuzlaşacaq
“Delta Telekom LTD” MMM provayderlərə təmin olunan internetin qiymətində təxminən 70 faizə qədər endirim etməklə bağlı qərar qəbul edib.
Bununla bağlı “Delta Telekom LTD”dən məlumat verilib.
Bildirilib ki, bunun məqsədi internet xidmətinin keyfiyyətinin yüksəldilməsi və qiymətlərin hər bir şəxs üçün əlçatan olmasının təmin edilməsidir.
Mayın 10-dan endirim qiymətlərindən istifadə etmək istəyən provayderlər satdığı internetin keyfiyyətinin yüksək səviyyədə olması və son istifadəçiyə qiymətlərdə endirim etməsi öhdəliyini götürməlidir.
Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bu addımı müsbət qiymətləndirib:
“Uzun müddətdir Azərbaycanın internet bazarında qiymət və keyfiyyət problemi qalmaqda idi. Bizdə qiymətləri internet bazarı deyil, daha çox dövlət provayderləri müəyyən edir. İkinci dərəcəli provayderlər isə interneti alıb, vətəndaşlara satır.
Azərbaycanda internetin qiymətinin ucuzlaşması tarixinə baxsaq, görərik ki, adətən, ikinci provayderlər dövlət provayderlərinin qiyməti endirməsindən sonra ucuzlaşmaya əl atırlar. Azərbaycan internet bazarının 50 faizə qədəri dövlət provayderlərinin əlindədir.
Biz gözləyirdik ki, dövlət provayderləri qiyməti salacaqlar. Ancaq indiki halda “Delta Telekom LTD” belə bir maraqlı təşəbbüs irəli sürüb. Bu da bazarda şərtləri kifayət qədər dəyişəcək. Çünki provayderlərin xeyli hissəsi interneti bu MMM-dən alır.
Əgər əsas provayder qiyməti 70 faizə qədər endirirsə, düşünürəm ki, bazarda provayderlər də qiyməti ucuzlaşdırmalıdır. Burada iki cür yanaşma olur. Birincisi, provayderlər də qiyməti endirir, ikincisi, ikinci dərəcəli provayderlər qiyməti saxlayıb, sürəti qaldırırlar.
Düşünürəm ki, bu, yaxşı təşəbbüsdür. Həm internetin keyfiyyətinin artmasına təsir edəcək, həm də bazarda inkişafa səbəb olacaq. Ümid edirəm ki, bundan sonra dövlət provayderləri də bu məsələyə ciddi yanaşacaqlar”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət