Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

Azərbaycan Dövlət Neft Akademiyasında terror hadisəsi qurbanı - Yusif Bəndəliyev Telman oğlu

Azərbaycan Dövlət Neft Akademiyasında terror hadisəsi qurbanı - Yusif Bəndəliyev Telman oğlu
Sakura

Azərbaycan Dövlət Neft Akademiyasında terror hadisəsi qurbanı - Yusif Bəndəliyev Telman oğlu

Qətlə yetirilənlərin içində vurulacaqlarını, hətta öləcəklərini bilə-bilə qəhrəmancasına terrorçunun üzərinə gedənlər də olub. Onlardan biri də Yusif Bəndəliyevdir.

Bəndəliyev Yusif Telman oğlu 1989-cu ildə Cəlilabad şəhərində anadan olub. O, ADNA gömrük işinin təşkili fakültəsinin II kurs tələbəsi idi. Mərhum Cəlilabad şəhər 2 saylı orta məktəbini bitirib. Cəlilabad Rayon İcra Hakimiyyətindən şəhid tələbənin ailəsinə bildirilib ki, həmin məktəbə Yusifin adı veriləcək. Ailədə dörd uşaq olublar. Yusif ailənin ilk oğlan övladı idi. Anası rayonda, atası isə Rusiyada yaşayır.
“Yusifin həftədə cəmi bir dəfə II korpusda dərsi olurmuş. Tərslikdən dərs günü də elə faciə gününə təsadüf edib”. Bunu bizə Yusifin xalasının həyat yoldaşı Qurban Mehdiyev danışır. Qurban bəy Yusifin onun Bakıdakı evində yaşadığını söylədi: “Elə Yusifin ölüm xəbərini də ilk eşidən də xalası, yəni mənim həyat yoldaşım olub. O, ADNA-dakı qırğın barədə xəbər tutan kimi Yusifə zəng vurub. Amma Yusifin telefonuna cavab verən olmayıb. Bundan sonra xanımım mənə zəng vurdu ki, bəs Yusif itib. Neft Akademiyasına getdik. Gördük nə özü var, nə də qrup yoldaşları. Dedilər Musa Nağıyev adına xəstəxanaya gedin. Getdik orada da axtardıq, yaralılar içində də onun adını tapa bilmədik. Ümidimiz kəsilmiş halda üz tutduq meyitxanaya. Axırda orada tapdıq Yusifi. Bizə dedilər ki, Yusif qəhrəmancasına həlak olub, icazə verin onu Şəhidlər Xiyabanında dəfn edək. Biz isə razılaşmadıq. Öz rayonumuzda dəfn etmək qərarına gəldik. Qrupda 23 qız, 22 oğlan idilər. Yalnız Yusif şəhid olub. Oğlumla bir yerdə böyüyüblər. İnanın ki, oğlum hələ də şokdadır. Yusif öləsi oğul deyildi. Çox təmiz, saf, mərd, tərbiyəli oğlan idi. Bilmirəm niyə Allah həmişə yaxşıları seçib aparır”.

Son sözü “qorxmayın” olub

Qatil 6-cı mərtəbəyə, Yusifin oxuduğu auditoriyaya yaxınlaşır. Cinayətkarla üz-üzə olan tələbələrin qaçmaq şansı olmur. Yusif 20 metrliyində olan qatilin fikrini yayındırmaq üçün yumruqlarını qəzəblə düyünləyib onun üstünə yeriyir. “Bunun nəyindən qorxursunuz?” deyərək qatilə yaxınlaşır. Bəlkə də qatilin üstünə atılıb onu yerə yıxmaq, zərərsizləşdirmək istəyirmiş. Qatilin 5-10 metrliyinə çatanda o yaramaz dönüb Yusifin baş nahiyəsinə atəş açır. Yusifin dostları deyir ki, o, qarışqanı tapdamaqdan da çəkinərmiş. Amma adi vaxtda qarışqanı belə əzməkdən çəkinən Yusif qarşısına çıxan hər kəsi güllələyən qatilin üzərinə əliyalın gedir. Gedir və öz həyatı bahasına olsa da, onlarla tələbə yoldaşını xilas edir. Mərhumun dostları deyir ki, o, təkcə yaşamağın yox, yaşatmağın da nə olduğunu öz həyatı bahasına göstərdi. Dostları onu da deyir ki, hətta ölümündən sonra da Yusifin qatilə düyünlədiyi yumruğunu açmaq mümkün olmayıb.

“Bizim ona can borcumuz var”

Yusifin tələbə yoldaşları onun üç mərasiminə qədər rayonda qalıblar. Anası Səlminaz xanım deyir ki, qrup yoldaşları Yusifin qəbrinin üstündən getmək istəmirdilər. Cəlilabadın icra başçısı Əziz Əzizov gəncləri güclə sakitləşdirib, yola salıb: “Dostları mənə deyirdilər ki, bizim Yusifə can borcumuz var, o olmasaydı, bəlkə də hamımız öləcəkdik. Mənə həmişə deyirdi ki, qoy oxuyub qurtarım, Bakıdan ev alacam, qoymayacam səni burada qalasan. Gömrükçü olacağına görə fəxr edirdi”. Anası deyir ki, Yusif uşaqlıqdan həkim olmaq arzusunda olub. Amma anası “bizim nəslə həkim düşmür. Hamısı cavan ölür” deyərək onu fikrindən daşındırıb.

Yusif nəsillərinin yeddinci qurbanıdır

Yusifin əmisinin də ölümü onu tanıyanları sarsıdıb. Əflatun Bəndəliyev 1952-ci ildə anadan olmuş, 1978-ci ildə Azərbaycan Tibb Universitetini bitirmişdi. Cəlilabad Rayon Gigiyena Mərkəzində şöbə müdiri işləyirdi. 46 yaşında vəfat edib. Mərhumun digər əmisi Qələndər Bəndəliyev 1956-cı ildə anadan olmuş, Saratov Hərbi Tibb Akademiyasını bitirmişdi. Buryatiya Muxtar Respublikasının Ulan-Ude şəhərində mərkəzi hərbi hospitalın bas həkimi işləyirdi. Hərbi təlim zamanı həlak olub. Öləndə 35 yaşı vardı. Yusifin əmisi oğlu Hüseyn Möhübbət oğlu Bəndəliyev 2006-cı il martın 16-da axşam saat 21:00 radələrində Tərtərin Torpaqtəpə deyilən məntəqəsində ermənilərlə döyüşdə şəhid olub. Hərbi hissə komandirinin deməsinə görə, ermənilər Hüseynin qulluq etdiyi hərbi hissəyə qəfildən basqın ediblər. Bu vaxt Hüseyn və onun iki əsgər yoldaşı postda olub. Qüvvələr qeyri-bərabər, hava isə çox sərt, dumanlı imiş. Hüseyn və iki əsgər yoldaşı son nəfəslərinə kimi vuruşublar. Bu döyüşdə Hüseyn 8 güllə yarası alaraq şəhid olub. Daha sonra məlum olub ki, Hüseyn postdakı dostları ilə birgə 20-dən çox ermənini öldürüb. Yusifin məzarı Cəlilabad şəhərində dəfn edilən Hüseynin qəbri ilə yanaşı qazılıb. Amma Yusifin ölümü hamısından dəhşətli olub. Bu faciə təkcə Bəndəliyevləri deyil, bütün ölkəni sarsıtdı. Cəlilabadda təşkil olunan dəfn mərasiminə xalq şairi Zəlimxan Yaqub və Ombudsman Aparatının rəhbəri Elmira Süleymanova da qatılıb. Qurban Mehdiyev deyir ki, Cəlilabad rayonundan seçilən deputatların heç biri yas mərasiminə gəlməyib: “Deputatlardan heç biri bir dəfə də olsun yas mərasiminə baş çəkmədi. Nə də ki, akademiya rəhbərliyindən ailəyə başsağlığı verilməyib”. Qurban bəy bir məqamdan da narazılığını gizlətmədi. Deyir ki, mətbuatın, xüsusən də telekanalların terror qurbanlarına münasibəti Yusifin ailəsini qane etmir. Ailə “bu da bir təsəlli olar deyə” çəkiliş üçün ANS telekanalına ərizə ilə müraciət etsə də, onlardan səs çıxmayıb: “Mən özüm şəxsən ANS telekanalına getdim. Şirkətin prezidenti Vahid Mustafayevlə görüşmək istəsəm də, buna şərait yaratmadılar. Sonradan ərizə ilə müraciət etdim. Söz verdilər ki, 40 mərasiminə qədər gəlib çəkiliş aparacaqlar. Amma gəlmədilər”.

Əmisi oğlunun şəhid olduğu hərbi hissədə qulluq etməyi arzulayırdı

Yusifi tanıyanlar onun əsgərliyə getmək həvəsində olduğunu deyirlər. Özü də əmisi oğlu Hüseynin qəhrəmanlıqla həlak olduğu hərbi hissəyə getmək niyyətində imiş. Hətta o, Neft Akademiyasına daxil olmamışdan öncə hərbi xidmətə getmək istəyib. Amma ailəsi buna mane olub. Və onu ali məktəbə sənəd və imtahan verməyə məcbur ediblər. Yusif də imtahan verib və yüksək balla ADNA-ya daxil olub. İndi anası deyir ki, kaş əsgər gedəydi, bəlkə onda ölməzdi. Amma Yusif əsgərliyə getməsə də, əsgər paltarını geyinməyə macal tapıb. O, xalası oğlunun hərbi formasını geyib, bu formada hətta şəkil də çəkdirib. Kim bilir, bu formanı heç vaxt geyə bilməyəcəyi bəlkə də ürəyinə damıbmış. Ən böyük arzusuna çatmayacağını bilirmiş. Kim bilir... Beləcə, bir gəncin həyat hekayəsi və arzuları yarıda qaldı. Allah rəhmət eləsin. Allah ailəsinə səbir versin.

 

www.big.az

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İspaniya tərcümədə "dovşanlar məkanı" deməkdir

Redaktor seçimi

SON XƏBƏRLƏR