Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

Azərbaycan Dövlət Neft Akademiyasında terror hadisəsi Qurbanı - Ruslan Babaşov Cəfər oğlu

Azərbaycan Dövlət Neft Akademiyasında terror hadisəsi Qurbanı - Ruslan Babaşov Cəfər oğlu
Sakura

Azərbaycan Dövlət Neft Akademiyasında terror hadisəsi Qurbanı - Ruslan Babaşov Cəfər oğlu

30 aprel terrorunda həyatını dəyişən gənclərdən biri. Neft Akademiyasının "Xarici iqtisadi əlaqələr fakültəsi"nin ikinci kurs tələbəsi olan Ruslan Sabirabad rayonunun Muradbəyli kəndində doğulub. Rayon mərkəzindən 30 km uzaq olan bu kənd Sabirabadın ucqarı sayılır. Kənd bir tərəfdən Kürdəmirlə, o biri tərəfdən İmişliylə sərhəddir. Onun ailəsinə baş sağlığı vermək üçün Muradbəyliyə getməli oldum. Kəndin girişində diqqətimi bir zaman Ruslanın şagird olduğu məktəb çəkir. Bir mərtəbəli, miskin görkəmli, həyətində bir-iki yulğun kolundan başqa ağac olmayan məktəbdə Ruslanın necə yüksək təhsil aldığı bu andan məni düşündürməyə başlayır… Axı öyrəndiyimə görə, qəbul imtahanında Ruslan kənd yeri üçün olduqca yüksək sayılacaq bal yığıb – 490. 40 mərasimi ad gününə düşdü Babaşovların evi elə məktəblə üz-üzədir. Darvazasına qırmızı-qara lent bağlanan evin sahibi – dəhşətli faciədən hələ də özünə gələ bilməyən Cəfər bəy bizi qarşılayır. Babaşovlar ailəsinin indi iki oğulu var. Onlardan biri -Rizvan da bizlə birgə əyləşir. Ata oğlunun yanında ha özünü sıxıb kövrəlmək istəməsə də, Ruslan haqda söhbət başlayandan qurtaranadək gözünün yaşını saxlaya bilmir. Rizvan da atasına qoşulur. Öyrənirəm, Ruslan 1990-cı ilin 8 iyununda anadan olub. Bu tarixlə bağlı atası kədərli bir təsadüfü qeyd edir: "8 iyunda balamın 19 yaşı tamama olacaqdı. İş gör necə gətirdi ki, balamın 40 mərasimi ad gününə düşdü. Ad günündə balamın ruhu da ev-eşiyimizi tərk edəcək. Fələk başıma gör nə oyun gətirdi…" Ata fikirlərini fələk haqda bir bayatıyla tamamlayır; bayatının axırıncı cümlələri yaddaşıma hopur: "girdi güllü bağçama, ələk-vələk eylədi". "Ata, tapança mənlik deyil" Ruslanın tərbiyəvi davranışından daim razı qalan Cəfər bəy danışır ki, oğulu həmişə elmə yüksək marağı ilə seçilib. Qeyd edim ki, Babaşovlar ailəsinin hər iki valideyni təhsillərini fərqlənmə ilə bitirib. Ruslanın anası Çiçək xanım kimya- biologiya müəlliməsidir. Ata öz övladının ali məktəbə daxil olmaq üçün böyük əziyyətlər çəkdiyini deyir: "İki il ciddi hazırlaşdı. Əvvəl mən istəyirdim ki, o Milli təhlükəsizlik akademiyasına getsin. Bu niyyətimi ona dedim. Etiraz elədi, qayıtdı ki, ata, tapança mənlik deyil. Balam tapança istəmədi, özü tapança gülləsinə gəldi…" Muradbəyli kəndindəki fizika-riyaziyyat fənni üzrə kadr çatışmamazlığı ucbatından Ruslan iki il 10 km uzaqda Kürdəmirin Axtaçı kəndinə müəllim yanına getmək məcburiyyətində qalıb: "Yağış, qar bilmirdi, yazıq balam hər həftə bu yolu gedib gəlirdi. Bir velosiped də almışdı onunçün. Hadisə olandan sonra dedim ki, o velosipedi aparın atın Kürə (Kür Muradbəylinin yaxınlığından keçir. Ruslan hər dəfə Kürü adlayıb müəllimin yanına gedirmiş) gözümü çıxartmasın. Bu oğlum özünü öldürdü ki, qoymaram, qardaşımın yadigarı kimi saxlayacağam". Nakam arzu Bir neçə ay imiş ki, Ruslan dərsləri ilə yanaşı kompüter və ingilis dili kurslarına gedirmiş. Təzəliklə o, özünə kompüter də aldırıb. Ruslan kənddə olanda Lomonosov adına MQU-nun məzunu olan dayısı, müəllim əmisi ilə elmi mübahisələr edirmiş və həmişə də onlarla razılaşmırmış. O, yaxınlarının biliklərini məhdud sayıb və atasına tez- tez dünya şöhrətli neftçi olacağını deyirmiş. Nakam bir arzu… Cəfər bəy deyir ki, çalışacaq ki, o biri oğlu Ruslanın arzusunu yerinə yetirsin. Ölümdən bir gün əvvəl Tələbə Ruslan axırıncı dəfə kənddəki evlərində Novruz bayramında olub. Amma atası deyir ki, hər gün onunla telefonla danışıblar, bir günləri də Ruslanla hal-əhval tutmadan keçməyib. Aprelin 29-da ata-oğul son dəfə bir yerdə olublar. Cəfər bəy oğlunun gözündən şikayətinə görə Bakıya gəlib: "Səhər tezdəndən Bakıya gəlib onu götürüb apardım Zərifə Əliyeva adına göz institutuna. Aparatdan keçirdim. Bir eynək yazdılar, aldım. Balam bir gün eynəyini vurdu. Qəzetlərdə də onun eynəkli şəkili çıxır. Bu məni yandırır". Xəstəxanadan sonra oğlu ilə şəhəri uzun müddət birgə gəzdiyini deyir Cəfər bəy: "Mən evə tez gəlmək istəyirdim. O isə məndən əl çəkmirdi. Deyirdi ata hara tələsirsən eee? Onsuz da bütün gününü təsərrüfatla məşğulsan, fürsətdir heç olmaya bu gün doyunca Bakını gəz. Məni o ki var gəzdirdi". O, qruplarından terrorçuyla rastlaşan yeganə adamdır Ruslanın təhsil aldığı qrupdan ondan başqa nə vəfat edən var, nə yaralanan. Bunun izah olunan səbəbi var. İş ondadır ki, bir gün əvvəl Cəfər bəy oğlunun gözündən əlavə sinirlərini də müayinə etdirib. Həkimlər deyib ki, sabah səhər analiz vermək gərəkdir. Aprelin 30-u səhər Ruslan xəstəxanaya gedir, analizini verib Neft Akademiyasına dönür… Və elə burda da əcəli tamamlanır. Atasının deməsinə görə, Ruslan üç ay imiş ki, ibadətə başlayıbmış… Atası bu haqda ancaq onun ölümündən sonra xəbər tutub. Ruslanın müəlliminin dedikləri Abdulla Mahmudov Muradbəyli kənd orta məktəbinin dil-ədəbiyyat müəllimidir. O, keçmiş şagirdini "dilinə yalan söz gətirməyən, düzgün" insan kimi xarakterizə edir. Onun sözlərinə görə Ruslan daim çalışqanlığı və tərbiyəsi ilə seçilib. Abdulla müəllimin tələbə oğlu Bakıda bir il Ruslanla kirayə yoldaşlığı edib: "Daim onun haqqında oğulumdan da xoş sözlər eşitmişəm. Zəhmətkeş, bilikli bir insan idi rəhmətlik". İş elə gətirib ki, hadisə baş verən gün Abdulla müəllim də Bakıda olub. Hadisəni eşidən kimi xəstəxananın qarşısına həyəcanla xəstəxananın önünə qaçan Abdulla müəllim və oğlu artıq hər şeyin gec olduğuna şahid olurlar. Ruslanı tanımaq üçün ilk dəfə "morq"a Abdulla müəllimin oğlu girib. Onun sözlərinə görə Ruslanın sifətindən cəmi bir güllə dəyib. Cəfər bəy isə hadisəni eşidib "morq"a necə özünü çatdırdığını güclə danışır. "Morq"da özündən gedib.

 

Nakam qalan taleyler

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Mirzə Fətəli Axundzadənin 1850-ci ildə yazdığı "Sərgüzəşti-vəziri-xani-Lənkəran" komediyası Azərbaycan teatrı səhnəsində qoyulmuş ilk dramatik əsərdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR