Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu: builki dərs ilinin yenilikləri
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda 2018/2019-cu tədris ilində Səhiyyə nazirliyi tərəfindən təsdiq olunmuş təqvim planında bir sıra yeniliklər tətbiq olunacaq. Yeni təqvim planına müasir, informasiya və təhsil texnologiyalara əsaslanan ixtisasartırma kursları daxil edilib.
İnstitutdan AZƏRTAC-a verilən məlumata görə, yeniliklərdən ən başlıcası səhiyyə nazirinin əmrinə uyğun olaraq builki tədris ilindən səhiyyə mütəxəssislərinin peşə bilik və bacarıqlarının təkmilləşdirilməsi prosesinin beynəlxalq təcrübəyə uyğunlaşdırılması məqsədilə tam davamlı tibbi təhsil sisteminə keçirilməsidir. Həmin sistemə keçid dövrü üçün institutun sinir xəstəlikləri, anesteziologiya və reanimatologiya, mikrobiologiya və epidemiologiya, otorinolarinqologiya və kardiologiya kafedralarında ixtisasartırma kurslarının təşkili və proqramların hazırlanması, həmçinin sertifikasiyadan keçmək üçün sənədlərin qəbulu pilot layihəsi üzrə aparılıb. Bu layihə özünü tam doğrultduğuna görə 2018/2019-cu tədris ilindən institutun bütün kafedraları həmin sistemlə işləyəcəklər.
Tətbiq edilmiş “Həkimlərin bilik və bacarıqlarının təkmilləşdirilməsinə dair Qaydalar”a əsasən davamlı tibbi təhsili ali tibb təhsilini təsdiq edən sənəd alınan gündən başlayır və həkimin peşəkar fəaliyyəti dövrünü əhatə edir. Davamlı tibbi təhsilin zəruri miqdarının hesablanması kreditlər vasitəsilə həyata keçirilir. Həmin kreditlər ixtisasartırma kurslarında və toplanma sistemi metodu ilə yığılır.
İxtisasartırma kursları Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu tərəfindən müvafiq ixtisaslar üzrə təhsil proqramlarının modulları əsasında həyata keçirilir, əyani və distant (məsafədən) formada təşkil edilir. İxtisasartırma kursları 2 həftə davam edəcək.
Toplanma sistemi həkimin ölkədə və ya beynəlxalq səviyyədə qeydiyyata alınmış davamlı tibbi təhsil üzrə tədris yaxud elmi tədbirlərdə iştirakı, elmi, pedaqoji, həmçinin müstəqil davamlı tibb təhsili fəaliyyəti vasitəsilə kredit vahidlərinin yığılması yolu ilə həyata keçirilir. Sertifikasiya dövrü ərzində həkim hər il orta hesabla 48 kredit olmaqla minimum 240 kredit toplamalıdır. Davamlı tibb təhsili kreditlərinin hesablanması təsdiq olunmuş xüsusi cədvələ əsasən aparılacaq. Sertifikasiya dövründə davamlı tibb təhsilinin minimal zəruri miqdarının toplanması həkimin sertifikasiya prosesinə buraxılması üçün mütləq şərtdir. İxtisasartırma kurslarından istifadə olunduqda ixtisas üzrə təhsil proqramının bütün modullarını bir (və ya bir neçə) ixtisasartırma kursu ilə keçərək 240 kreditin toplanması həkimin sertifikasiya prosesinə buraxılması üçün kifayət edəcək.
Builki tədris ilində də tədris prosesində modul sistemindən istifadə ediləcək, iş yerində ixtisaslaşma keçmək istəyən həkimlər üçün də şərait yaradılacaq. Belə arzusu olan həkimlərin çalışdıqları müəssisə rəhbərləri məktubla institut rəhbərliyinə müraciət etməlidirlər. Kurslara qəbulun optimallaşdırılması instituta müraciət edən müdavimlərin sayının əhəmiyyətli dərəcədə artmasına səbəb olacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət