Slimfit
  1. TARİXDƏ BU GÜN

Azərbaycan dilinin qüruru

Azərbaycan dilinin qüruru
Sakura

Bu gün, 1 avqust – Azərbaycanda ana dili günüdür. Azərbaycan, İran, Türkiyə, Gürcüstan, Rusiya, İraq,…

Dilin adı bir neçə dəfə dəyişdirilib, axırıncı dəfə Heydər Əliyev dilçilərlə məşvərət keçirəndən sonra rəsmi olaraq, Azərbaycan dili kimi qəbul ediblər.

Azərbaycan dilinin öz üstünlükləri və kəsiri, qüruru və qorxuları var.

Üstünlüyü

Bir dəfə iş elə gətirdi ki, yol çəkən azərbaycanlı fəhlələrə kənarda dayanıb tamaşa etdim. Onlar düz yanlarında dayanmış əcnəbi rəislərini ələ salırdılar.

Rəis yayın cırhacırında yəqin ki, sərin olan köşkündən çıxıb günün altında yanmış, işin altında tərləmiş fəhlələrə yolu göstərir, əlilə işarələr verirdi. Fəhlələr və rəis bir-birlərinin dilini bilmirdilər. Tərcüməçi isə ortada görünmürdü.

İş yiyəsilə işçilər bir-birindən narazıydılar. Bir tərəf görülən işin keyfiyyətindən, o biri tərəf verilən puldan narazıydı.

Fəhlələr rəisin üzünə uca səslə deyirdilər: “Sən bizi boğaza yığdın bu gün”, “Ə düdük, bizdən yaxşı bilirsən?”, “Get kondisioneri qoş, kofeni iç”. Rəis hər dəfə başa düşməyib “Ok, Ok” – deyəndə fəhlələr bir-birinə göz vururdular.

Bu fəhlələr dünyanın başqa yerlərində - qəhvə plantasiyalarından tutmuş kömür şaxtalarına qədər, daha betər şərtlər altında işləyən milyonlarla fəhlədən daha xoşbəxt idilər. Heç olmasa, ürəklərini belə arın-arxayın boşalda bilirdilər öz dillərində. Başqa yerlərdəki fəhlələrin rəisləri də ingiliscə danışır, özləri də; yaxud da rəisləri milliyyətcə portuqaldır, özləri portuqal müstəmləkələrində dillərini itirmiş portuqaldilli kiçik xalqlar.

Azərbaycan dili bizim hər birimizə o fəhlələrə verdiyinə bənzər bir ortaq sirr, ortaq sevinc bəxş edir.

Kəsiri

Doğrudur, dünyanın elm dərgiləri bizim dilimizdə deyil, aparıcı elm, ədəbiyyat, fəlsəfə, sənət, həyat müzakirələri bizim dilimizdə getmir.

İri şirkətlərin işgüzar dili Azərbaycan dili deyil. Dünyanı çiyninə qoyub daşıyan insanlar bir-birilə bu dildə yox, başqa dillərdə danışırlar.

Qorxuları

Azərbaycan dilinin sosiologiyası zəifdir. Pis siyasət nəticəsində Azərbaycan dilində təhsil, televiziya çox aşağı səviyyədədir.

Uşağı təzə dil açan xeyli sayda azərbaycanlılar indi tərəddüd edirlər, onun beyninin ən təmiz yerini tutub niyə ən birinci Azərbaycan dilini öyrətməliyəm; bu dil onu – bu balaca balığı hansı okeana göndərəcək?!

Doğrudur, insan öz dilini bilməlidir, ancaq qoy onun ikinci dili olsun Azərbaycan dili, - belə praqmatist qərar verirlər. Təhsil zəiflədikcə onunla bərabər dil də hörmətdən düşür.

Hərçənd, pis təhsil böyük dilə də pis yanaşır; budur, Azərbaycanda rus bölməsinin ikinci sinif dərsliyindən bir şeir: “Eldjan poluchil peterku, skaji Eldjan, ay djan, ay djan”.

Qüruru

Dünyada yüz milyonlarla azərbaycanlı yaşayır, dəqiq rəqəm yazmağa çətinlik çəkirəm, hərə bir rəqəm deyir. Onlar yaşadıqları ölkələrin dilində həyatla qaynayıb-qarışıblar. İndi Azərbaycan dilini elə evdə-həyətdə danışmaq, öz aralarında dərdləşmək üçün işlədirlər.

Yüz milyonlarla azərbaycanlı üçün Azərbaycan dili ev pijaması funksiyası yerinə yetirir. Çöldə-bayırda böyük dillər, evin içində dərdləşmək üçün öz dilləri.

Onlar bu dildə on ildə bir dəfə də olsun, kitab oxumurlar. O hekayə, roman kitabları ki, başqa heç bir dildə onları oxumaq mümkün deyil, yalnız Azərbaycan dilində mövcuddur. Dolayısıyla, bəzi fars, rus millətçilərinin bəzi söhbətlərini təsdiq edirlər: "Azərbaycan dilində böyük ədəbiyyat yaratmaq olmaz, Azərbaycan dili ev dilidir"...

Buna baxmayaraq, Azərbaycan yazarları bu dildə ədəbiyyat yaradırlar. Azərbaycan klassik və müasir ədəbiyyatı bu dildədir. Bu gün Bakıda yeni kitablar nəşr olunur, modern poeziya, yeni roman, yeni hekayə kitabları çıxır. Azərbaycan dilinin qüruru da yəqin ki, elə budur.

Sonda cənubi azərbaycanlı Məhəmmədtağı Zehtəbinin 1946-cı ildə yazdığı şeirdən bir hissəni paylaşıram, buyurun oxuyun:

Su deyibdir mənə əvvəldə anam, ab ki yox,Yuxu öyrətdi uşaqlıqda mənə, xab ki yox.İlk dəfə ki, çörək verdi mənə, nan demədi,Əzəlində mənə duzdanə nəməkdan demədi...Yaxşı xatırlayıram, yaz günü axşam çağılar,Bağçanın günçıxanında ki, ilıq gün yayıla,Gəl deyərdi darayım başıvı, ey nazlı bala,Gəlməsən gər bacıvun astaca zülfün dararam.O deməzdi ki, biya şane zənəm bir səri to,Gən nəayi be zənəm şane səri xahəri to.Bəli, daş yağsa da göydən, sən osan, mən də buyam,Var sənin başqa anan, vardı mənim başqa anam...

 

Müəllif: Nərmin Kamal

Mənbə: BBC Azərbaycan

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhər əhalisi öldürülən azərbaycanlıların yanında. Bakı, 1918-ci il. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı Soveti və Erməni Daşnak Partiyasından olan silahlı dəstələr tərəfindən 12

Redaktor seçimi

SON XƏBƏRLƏR