Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycan ailəsində uşaqlar: qızlar niyə azalır

Azərbaycan ailəsində uşaqlar: qızlar niyə azalır
Sakura

Qız uşaqlarının sayının azalması problemi gündəmə gətirildi

"Azərbaycan ailəsində uşaqlar: qızlar niyə azalır?" Bu mövzu Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən dəyirmi masada müzakirə edilib. Tədbirin moderatoru İlqar Vəlizadə qeyd edib ki, son illərdə Azərbaycanda ailə institutu ilə bağlı ciddi narahatçılıqlar var. Statistika göstərir ki, qurulan ailələrin sayı getdikcə azalır, boşanmaların sayı isə durmadan artır. Eyni zamanda ailələrdə qız uşaqlarının sayının azalması problemi də mövcuddur. Selektiv abortlarla bağlı aparılan izahat işlərindən, maarifləndirici tədbirlərdən və dövlətin müdaxiləsindən sonra problemi qismən aradan qaldırmaq mümkün olsa da, məsələ aktual olaraq qalır. Odur ki, ailələrdəki mövcud durumu və selektiv abortlar fonunda respublikanın sosial-demoqrafik vəziyyəti gündəmə gətirməklə biz cəmiyyətin diqqətini bu problemlərə cəlb etmək istəyirik.

 

"Qadın Liderliyi Uğrunda" İctimai Birliyin sədri Ülkər Abdullayeva qeyd edib ki, "Klassik Azərbaycan ailə modelinin təbliği" layihəsi çərçivəsində keçirilən bu dəyirmi masa ailələrdə qadınların, qız uşaqlarının vacib rolunu diqqətə çatdırmaq, eyni zamanda qızların niyə hələ də bir çox Azərbaycan ailələrində arzuedilməz olmasının səbəblərinə aydınlıq gətirməkdir.

Psixoloq Zeynəb Əyyubova Azərbaycan ailələrində "mənim niyə oğlum yoxdur?" sualının populyar olduğunu bildirib. O, sırf oğlu olmadığına görə, psixoloji problemləri yaranan pasientlərinin olduğunu qeyd edib. Ekspertin sözlərinə görə, bəzən Azərbaycan ailələrində oğlu olmayan qadına sonsuz kimi baxır, onu qınaq obyektinə çevirirlər. Oğlan uşağı dünyaya gətirməyən gəlinlər ən arzuolunmaz gəlinlərdir.

Araşdırmaçı-jurnalist Raminə Eyvazqızı qeyd edib ki, ailələrdə qız uşaqlarına münasibəti dəyişmək üçün sosial çarxların, kütləvi tədbirlərin köməyilə ciddi maarifləndirmə işləri aparmaqla ilə yanaşı qaydaları sərtləşdirmək lazımdır.


"Klassik Azərbaycan ailə modelinin təbliği" layihəsi

Sosioloq Əhməd Mansurovun fikrincə, müasir ailələrdə qız uşaqları üçün münasib həyat şəraiti standartları yaratmaq lazımdır. Başlıca problem ailənin qız övladına normal həyat şəraiti yaratmamasındadır. Oğlan uşaqları üçün ev, torpaq payı, miras nəzərdə tutulduğu halda, qız uşaqları mülkiyyət hüquqlarından məhrum olur.

Beynəlxalq Avrasiya Mətbuat Fondu sədrinin köməkçisi, gender problemləri üzrə ekspert Anastasiya Lavrina isə qeyd edib ki, cəmiyyətimizdə qadın və kişi hüquqlarını bərabər olduğu fikrini təlqin etmək lazımdır. Qızların zəif cinsin nümayəndəsi kimi təqdim edilməsi yanlışdır. Bu, əks cinsdə zəifi əzmə instinktini formalaşdırır. Qız uşaqlarının arzu olunmamasının həm də iqtisadi faktorlarla bağlı olduğunu vurğulayan Lavrina, oğlanlara ailələrdə əlavə işçi qüvvə, evə çörəkgətirən kimi yanaşıldığını qeyd edib.

Araşdırmaçı jurnalist Ramella İbrahimxəlilova qadına qarşı diskriminasiyanın, selektiv abortların hüquqi tərəflərinə aydınlıq gətirib.

Tədbirdə politoloqlar İsmayıl Kərimov, Zaur İbrahimli, hüquqşünas-filosof Gülnar Əhməd, iqtisadçı ekspert Qadir İbrahimli, Mətbuat Şurasının üzvü Azər Həsrət, ictimai fəallar Nərmin Şamilova, Nərmin Əzizova, araşdırmaçı jurnalist Təranə Məhərrəmova çıxış edərək mövzu ilə bağlı fikir və təkliflərini səsləndiriblər.

Sonda Ülkər Abdullayeva AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasını dəstəyi ilə həyata keçirilən bu layihənin sona çatdığını bildirib. O, layihə çərçivəsində Bakı, Gəncə və Mingəçevir şəhərlərində kütləvi tədbirlər, eləcə də fləşmob keçirildiyini, KİV-də yayılan materiallar vasitəsilə geniş maarifləndirmə işlərinin aparıldığını qeyd edib. QHT sədri layihə başa çatsa da, problemin gündəmdə saxlanılacağını və maarifləndirmə işlərinin davam etdiriləcəyini deyib.


Mənbə:Sputnik.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1988

Redaktor seçimi

SON XƏBƏRLƏR