Azərbaycan ailələri üçün qorxunc təhlükə - Həyəcan
Son vaxtlar boşanan insanlar arasında yaşanan insidentlə bağlı xəbərlərə tez-tez rast gəlirik. Bu yaxınlarda Şəmkirdə həyat yoldaşından boşanan şəxsin qayınatasının evini yandırması nəticəsində keçmiş həyat yoldaşı və azyaşlı övladının dünyasını dəyişməsi bu mövzunu bir daha aktuallaşdırıb.
Bəs görəsən, ölkəmizdə boşanma mədəniyyətinin olmaması, boşandıqdan sonra cütlüklərin bir-birinin həyatına müdaxilə etməyə çalışmasının əsas səbəbləri nələrdir?
Mövzu ilə bağlı Axar.az-a danışan psixoloq Gülnar Orucova bildirib ki, boşandıqdan sonra qarşı tərəfə narahatlıq vermək insanların şəxsiyyət tipləri ilə əlaqədardır:
“Psixologiyada paranoid, şizoid kimi müxtəlif şəxsiyyət tipləri var. Belə insanlar davamlı qarşısındakını izləyir, əl çəkmir. Bu da onun psixoloji problemləri ilə əlaqədardır. Buna görə də adətən ayrılan kişilərin keçmiş həyat yoldaşına zərər verməyə çalışdığını müşahidə edirik”.
Psixoloq bildirib ki, cəmiyyətdəki təzyiqlər bir çox hallarda qadının özünə zərər verməsi ilə nəticələnir:
“Boşanma bütün ölkələrdə baş verir və bu, normal qəbul olunur. Avropaya baxanda görürük ki, boşanmaların və ikinci dəfə ailə həyatı quranların sayı bizdən qat-qat çoxdur. Amma o cəmiyyətlərdə sadalanan problemlər belə qabarıq deyil. Diqqət etsək, görərik ki, bizdə boşandıqdan sonra ikinci dəfə ailə quran xanımların sayı olduqca azdır. Çünki ictimai qınaq nəinki növbəti dəfə ailə qurmağı, heç boşanmanı qəbul etmir.
Əslində, boşanma həqiqətən bir mədəniyyətdir. Əgər iki insan bir yerdə yola gedə bilmirsə, boşanma yolu qəbul olunmalıdır. Boşanmalar normal davam etdiyi təqdirdə şəxslər sağlam psixologiyaya sahib övladlar yetişdirə bilər. Bizim insanlarımızda sahiblənmək duyğusu daha çoxdur. Milli-mənəvi dəyərlərimiz də bunu tətikləyir.
Xüsusilə qadınlarımız boşananda böyük çətinliklərlə üzləşirlər. Çünki bu gün hələ də Azərbaycanda boşanma mədəniyyəti formalaşmayıb. Qadınlar boşananda ona dəstək verən olmur deyə, çıxış yolu tapmaqda, aliment almaqda, eləcə də hər hansı bir iş tapmaqda çətinlik çəkirlər. Bəzi hallarda isə qadın işə başlayanda keçmiş həyat yoldaşı gedib iş yerində dava salır və s. Bütün bu səbəblərdən dolayı boşanan qadınlar bəzən intihara da əl atır”.
Sosioloq Əhməd Qəşəmoğlu problemli ayrılıqların uzun illər ərzində yarandığını söyləyib:
“Bu, bir-iki ilin hadisəsi deyil. 15 ilə yaxındır ki, ölkədə belə hadisələr müşahidə olunur. Azərbaycan ailəsi indiki vaxtda çox gərgin vəziyyətdədir. Bununla bağlı böyük həyəcan təbili çalmaq lazımdır. Azərbaycan ailəsini xilas etməyin yollarını tapmalıyıq.
Hazırda bizdə ailə institutu elə ciddi formada dəyişilib ki, anlaşmazlıqlar faciəvi sonluqla nəticələnir. Bu hadisələrə tez bir zamanda müdaxilə etmək lazımdır. Azərbaycanda yüzillər boyu formalaşan ailə ənənələri dağılıb. Əvvəllər gənclər bilirdilər ki, evlilikdən sonra onları hansı məsuliyyət gözləyir. Cəmiyyət ailəni belə tənzimləyirdi. İndi dəyərlər dəyişib, insanların ailə haqqında təsəvvürü itib. Bir gərginlik yarandığı zaman hər kəs öz gücünü nümayiş etdirməyə çalışır. Nadan kişilər fiziki güc tətbiq edirlər, əsəblərini bıçaqlamaqla, fiziki zərər yetirməklə soyudacaqlarını düşünürlər. Qadınlar isə boşandıqdan sonra müxtəlif üsullarla kişiyə maneə yaratmağa çalışırlar. Qadın əlinə bıçaq almır, kişini gedib döymür deyə onların da tamamilə günahsız olduğunu demək olmaz”.
Sosioloqun sözlərinə görə, boşandıqdan sonra mehriban yola getmək, bir-birinin qayğısına qalmaq mənəvi cəhətdən inkişaf etmiş insanların xüsusiyyətləridir:
“İstənilən bir davranışın formalaşmasında mühüm rol oynayan cəhətlər insanın yaşadığı mühit, aldığı informasiya və üstünlük verdiyi dəyərlərdir. Bizim ölkədə hazırda mövcud olan mühit ailənin xeyrinə işləmir. Biz çalışmalıyıq ki, bu sahədə maarifləndirmə işini gücləndirək”.
Ə.Qəşəmoğlu maarifləndirmə baxımından teleserialların xüsusi rolu olduğunu diqqətə çatdırıb:
“Dünyada teleseriallar ona görə çəkilir ki, bir cəmiyyətdə mövcud olan xoşagəlməz halları açıb göstərsin və onun dəyişilməsinə nail olunsun. Çox təəssüf ki, yerli teleseriallar çəkən rejissorlarımızın bundan xəbərləri yoxdur. Başa düşmürlər ki, teleseriallar bu mənfilikləri dəyişmək üçündür. Bizdə isə əksinə, seriallar yaranmış ab-havanı gərginləşdirir.
Hesab edirəm ki, seriallarla yanaşı, maarifləndirici televiziya proqramlarının göstərilməsinə, boşanma mədəniyyətinin formalaşdırılmasına da böyük ehtiyac var.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də bu məsələyə elmi cəhətdən yanaşmalı, bu istiqamətdə fəaliyyət proqramları hazırlanmalıdır.
Cəmiyyətdə mənəvi dəyərlər sıxışdırıldıqca mənfi tendensiyalar yaranır. Ölkədə bu sahədə humanitar siyasət dəyişməlidir. Belə olan halda bu münasibət zamanla tənzimlənəcək”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət