Slimfit
  1. AZƏRBAYCAN

Azadlıq dastanı təsviri sənət əsərlərində

Azadlıq dastanı təsviri sənət əsərlərində
Sakura

Azadlıq dastanı təsviri sənət əsərlərində

Azərbaycan xalqının qan yaddaşı, zaman-zaman məruz qaldığı soyqırımı, deportasiya və digər faciələr ədəbiyyat və incəsənətimizdə, o cümlədən təsviri sənət ustalarımızın yaradıcılığında geniş şəkildə əksini tapmışdır.

Azərbaycanın yeni tarixinin, müstəqillik mücadiləsi salnaməsinin hüznlü və eyni zamanda qürur doğuran səhifəsi olan 1990-cı ilin 20 yanvarı, dinc əhaliyə qarşı sovet hərb maşını tərəfindən törədilən dəhşətli təcavüz bir çox rəssam və heykəltəraşların əl işlərində təcəssüm etmişdir.

Tanınmış rəssamlarımız 20 Yanvarın ürək dağlayan səhnələrini təsviri sənətin dili ilə bədiiləşdirərək bu faciənin ümumilikdə insanlığa, bəşəriyyətə qarşı cinayət olduğunu göstərməyə çalışmışlar. Buna misal olaraq Azərbaycan Milli İncəsənət Muzeyinin fondundasaxlanılan əsərləri - xalq rəssamları Mikayıl Abdullayevin “Bakı müsibəti”, Böyükağa Mirzəzadənin "19 yanvar 1990-cı il", Cahangir Rüstəmovun "Şəhidlərə ithaf", Kamil Nəcəfzadənin "Azərbaycan harayı", "Şəhid anası", "Gözləyir", Ağa Mehdiyevin "Qanlı gecə", əməkdar incəsənət xadimləri Hafiz Məmmədovun "Şəhidlər", "Qara bayram", Əyyub Məmmədovun "Yanvar hadisələri" tablolarını, Xalq rəssamı Elmira Şahtaxtinskayanın “Güc siyasəti XX əsrin rüsvayçılığıdır” plakatını, əməkdar rəssamlar Adil Rüstəmovun “Haray”, Arif Ələsgərovun “Əsrin faciəsi” silsilələrinə aid qrafika işləri və digərlərini qeyd etmək olar. Bu əsərlərin hər biri yüksək vətəndaşlıq duyğuları və əsl sənətkarlıq məharəti ilə işlənmiş nümunələrdir.

Qanlı Yanvar faciəsi qurbanlarının dəfn mərasimi misli görünməmiş bir xalq izdihamı ilə müşayiət olunmuş, xalqımız öz qəhrəmanlarını çiyinləri üzərində, tər qərənfillərə qərq edilmiş şəkildə Şəhidlər xiyabanında dəfn etmişdir. Xalq rəssamı Mikayıl Abdullayev buxalq izdihamını “Bakı müsibəti” adlı əsərində olduqca bədii biçimdə və güclü emosional təsir qüvvəsi ilə təsvir etmişdir.

Xalq rəssamı Elmira Şahtaxtinskaya “Güc siyasəti XX əsrin rüsvayçılığıdır” adlı plakat əsərində həmin gün Azərbaycan xalqının başına gətirilmiş müsibətin gerçək mahiyyətini açıb göstərə bilmişdir. Əsər bir daha sübut edir ki, xalqımızın müstəqillik ideallarını heçzaman yağı düşmənlər məhv edə bilməyəcək və bu cür cəhdlərlə onlar sivil dünyanın gözü qarşısında bir daha özlərini ifşa etmiş olacaqlar.

Xalq rəssamı Kamil Nəcəfzadənin “Şəhid anası” tablosunda təsvir edilmiş qara geyimli, əlini üzünə söykəmiş, qəmli ananın çöhrəsindən sanki həzin inilti səsləri “eşidilir”.

Əməkdar incəsənət xadimi Əyyub Məmmədov “Yanvar hadisələri” əsərində heç bir çərçivəyə sığmayan insanlıq faciəsini tablonun çərçivələrini dağıdaraq təsvir etmiş, mövzunun bəşəriliyini və miqyassızlığını göstərməyə çalışmışdır. Əsərin mərkəzində Azərbaycan xəritəsinin fonunda tank, aşağı hissədə isə sınmış çərçivə qalıqları və axan qan izləri təsvir edilib. Əsərə diqqət yetirdikdə tamaşaçı xalqımızın üzləşdiyi faciənin ağırlığını bir daha duymuş olur. Həmin gecə tankların qarşısına çıxan hər şeyi əzib keçməsi, təcili tibbiyardım maşınlarını gülləbaran etməsi çox dəhşətli idi.

“Haqq nazilər, üzülməz!” müdrik el misalında ifadə olunduğu kimi, gec-tez Azərbaycanın haqq işi qələbə çalacaq. İllər, əsrlər keçsə də, Azərbaycana qarşı bu ədavətin mahiyyəti dəyişməz qalacaq. Zaman ötəcək, nəsillər bir-birini əvəz edəcək, amma xalqımız heçzaman şəhidlərimizi unutmayacaq və həmişə onların ruhunu əziz tutacaq.

Xalq şairi Bəxtiyar Vahabzadə özünün misralarında vurğuladığı kimi:

 

İnsan insan olur öz hünəriylə,

Millət, millət olur xeyri, şəriylə,

Torpağın bağrına cəsədləriylə,

Azadlıq tumunu əkdi şəhidlər.

 

Azərbaycan xalqının müstəqilliyə gedən yolu Qanlı Yanvardan keçdi. 20 Yanvar dramatikliyi, bütün ağrı-acılarıyla bərabər, şübhəsiz ki, həm də milli azadlıq dastanımızın, milli azadlıq mübarizəmizin ən şanlı səhifələrindən biridir.

 

Əsəd Quliyev

sənətşünas, AMEA-nın dissertantı, Rəssamlar İttifaqının üzvü

 

Mədəniyyət.- 2016.- 20 yanvar.- S. 9.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanların nəfəs aldığı havanın cəmi 20%-ni oksigen təşkil edir

Redaktor seçimi

SON XƏBƏRLƏR