Slimfit
  1. AZƏRBAYCANLI

Ayağı ilə dünyanı fəth edən qız – Ona azacıq dəstək lazımdır

Ayağı ilə dünyanı fəth edən qız – Ona azacıq dəstək lazımdır
Sakura

Ayağı ilə dünyanı fəth edən qız – Ona azacıq dəstək lazımdır

Hər zaman rəssamları gözəl əl qabiliyyətinə sahib biri kimi təqdim edirik. Lakin bu dəfə həmsöhbətimiz olan rəssam qızı belə təqdim edə bilməyəcəyik. Çünki o, əli ilə deyil, ayağı ilə xariqələr yaradır. Həmsöhbətimiz, I qrup əlil, anadangəlmə serebral iflic xəstəsi olan Samirə Salmanovanın atası Ramiz Salmanovdur.

1981-ci il təvəllüdlü Samirə nə danışa, nə də ki, əli ilə özünü idarə edə bilir. O, demək istədiklərini, fikirlərini, təəssüratlarını, bir sözlə, elə hər bir şeyi ayaqları ilə ifadə edir. Elə müsahibəyə başlamazdan öncə onun ayağı ilə ayağıma toxunması isə atasının izahına görə, onun bizdən xoş enerji alması demək idi.

Sputnik Azərbaycan qəribə istedada sahib Samirə ilə müsahibəni təqdim edir:

- Samirənin ayaqlarının həm də onun dili olduğunu desək, yəqin ki, yanılmarıq…

- Bəli. Samirə əlləri ilə özünü idarə edə, dili ilə fikrini çatdıra bilməsə də, ayaqları ilə bizə arzularından bəhs edir.

- Samirədə bu istedadı neçə yaşı olanda kəşf etmisiniz?

- Artıq 9-10 yaşlarında ikən onda bu istedadı kəşf etdik. Bir gün işdən gələndə yoldaşım mənə onun çəkdiyi bir rəsmi göstərdi. O, məktəbə gedən oğlumun kağız və qələmini götürərək ayağı ilə nəsə çəkmişdi. Onun ilk çəkdiyi rəsm isə ördək və onun körpə balaları idi. Bu günədək Samirə hər şeyi özü təkbaşına öyrənib. Onun heç rəsm müəllimi də olmayıb. 15 yaşınadək Samirədə utancaqlıq, hər şeydən çəkinmək var idi. 1997-ci ildə əlillərin 3-cü ümumrespublika sərgisində onun işləri nümayiş olunduqdan sonra Samirə, tamamilə dəyişdi. Bu görüş Samirəyə özünə güvən vermişdi. Çünki o zaman prezident Heydər Əliyev Samirə ilə şəxsən görüşmüşdü.

Heydər Əliyev əlini uzadıb onunla görüşmək istəyəndə Samirənin əlinin işləmədiyini görüb, başını sığalladı. Sonra isə dedi: “Daxili istedadını, bacarığını dili ilə deyə, əli ilə izhar edə bilmədikdə ayaq barmaqları ilə köçürüb insanlara çatdıran uşaqları milli qəhrəman səviyyəsində tutmaq lazımdır”. Heydər Əliyevin bu sözlərini bu günədək qızıma verilən ən böyük qiymət hesab edirəm. Çünki bu sözlər Samirədə motivasiya yaratdı. O, ətrafa göz yetirərək gördü ki, özü kimilər heç də az deyil.

- Eşitdiyimə görə, Samirənin xaricdəki uğurları da kifayət qədərdir.

- O zaman bizə Moskvada keçiriləcək sərgi ilə bağlı bir məlumat verildi. Samirənin rəsmlərinin fotosunu çəkib Moskvaya göndərdilər. Samirə isə öz dünyasında, öz dilində anası ilə danışıb onu başa salırdı ki, bəs məni Moskvaya dəvət edəcəklər, səni də aparacağam. Təxminən, 6 aydan sonra bizi Moskvaya dəvət etdilər. 2002-ci ildə Moskvada keçirilən müsabiqədə qızım 20 ölkəni təmsil edən mindən artıq şəxs sırasında 3-cü seçildi. Əslində, Samirənin adı Ginnesin Rekordlar Kitabına düşməlidir. O zaman rəsm yarışında münsif olan Sergey Mixaylov deyirdi ki, Samirə dünyada ayağı ilə rəsm çəkən ilk qadındır. Yuri Salaxov və Sergey Mixaylov peşmanlıqla bir fikir də səsləndirdilər ki, əslində, Samirə 3-cü yox, elə 1-ci yerə layiq idi. O zaman yenicə Rusiya prezidenti seçilən Vladimir Putin də bu tədbirdə şəxsən iştirak etmişdi.





- Səhv eləmirəmsə, Samirənin xarici qalereyaların birində də rəsmləri var.

- Moskvada Dövlət Tretyakov Qalereyası adlanan böyük rəsm qalereyası var. Qalereyanın rəhbəri ilə görüşəndə o deyirdi ki, Azərbaycanın heç də bütün məşhur rəssamlarının bu sərgidə əsəri yoxdur. Samirənin isə orada iki rəsm əsəri saxlanılır. Onlardan biri Heydər Əliyevin portreti, digəri isə Göygöl rəsmidir. Biz Moskvada olarkən Samirə orada çox böyük təəssüratlar yaratmışdı. Bu səbəbdən də Polad Bülbüloğlu Azərbaycana qayıdan kimi Samirə haqda prezidentə məktub yazdı. O məktubunda qeyd edirdi ki, bu qızın adı qızıl kitaba düşməli, özünə isə fərdi prezident təqaüdü verilməlidir. Lakin o zaman Heydər Əliyevin səhhətinin ağırlaşdığı bir dönəmə təsadüf etdi. Bu səbəbdən məsələ bu günədək həll edilməmiş qaldı.

Bakıda Rəssamlar İttifaqının indiki rəhbəri öz müavininə tapşırıq vermişdi ki, bu qız üçün fərdi müəllim tutulsun və ona evdə rəssamlığın sirləri öyrədilsin. Amma nədənsə tapşırığa səhlənkar yanaşdılar. Heç bir rəssam gəlib qızımla maraqlanmadı. Onun nəinki rəssamlıq, ümumiyyətlə heç bir təhsili yoxdur. Mənim qızım hər şeyi eşidir, başa düşür, amma danışa bilmir. Hətta dilinin açılması üçün onunla 3 ay loqoped də məşğul oldu, amma heç bir faydasını görmədik. Yenə də qızım sağalsın deyə onun üçün hər şey edirəm, xüsusi qidalar alıram. Bu qidaların az da olsa, müəyyən təsiri var. Artıq hərdən ayaq üstdə belə, dayanır. Samirə əvvəl heç dabanını yerə qoya bilmirdi. İndi isə dabanını, tamamilə yerə basa bilir. Samirəyə hər dəfə deyirəm ki, bundan sonra evə az pul xərcləyəcəyəm, az yeyəcəyik, amma sənin dərmanlarını əsirgəməyəcəyəm, müalicəni davam etdirəcəyəm.

- Bəs bu şəkilləri Samirə necə əldə edir, haradan baxıb çəkir?

- Qızım bu şəkilləri özü internetdən taparaq çəkir. O, bəzən başqa rəsmə baxaraq çəkir, bəzən də öz fantaziyası ilə nəsə yaradır. O, özünə qarşı çox tələbkardır. Bir dəfə ona çəkdiyi rəsmdə kiçik səhv göstərmişdim, səhəri günü anası dedi ki, Samirə həmin şəkli cırıb tullayıb. Şəkildəki simmetriyaya xüsusi diqqət edir. Baxın, onun heç bir rəsm əsərində simmetriyanın pozulmasını görə bilməzsiniz.

- Bu rəsmləri nə qədər müddətə çəkib bitirir?

- Elə rəsm var ki, onu bir həftəyə, on günə çəkir. Hətta bir-iki günə çəkdiyi rəsmlər də olub. Amma elə rəsmlər də olub ki, onu aylarla çəkməli olub.

- Özünün bəyəndiyi, özünün ən möhtəşəm saydığı əsəri hansıdır?

- "Qızıl güllər" və "Qarabağ atları" rəsmi onun ən möhtəşəm əsəridir. Hər adam bu əsəri başlaya bilməz. Ona tez-tez yağlı boyalar alıram. Əvvəllər yağlı boya ilə çəkmək ona riskli görünürdü. Amma artıq asanlıqla bunun da öhdəsindən gəlir.

- Bu günədək nə qədər rəsmi olub?

- Təxminən 100-ədək rəsm əsəri olub. Lakin onların bir hissəsi satılıb. Hətta yaxşı qiymətə satılan əsərləri də olub. Samirənin əsərləri nümayiş olunmaq və satılmaq üçün İngiltərəyə də aparılmışdı. İngiltərədə nümayiş olunan bir rəsmi üçün Samirə 250 dollar almışdı. Burada isə yağlı boya ilə çəkdiyi rəsmləri 100-250 manata satılır. Bir dəfə təşkil olunan sərgiyə Bakı rayonlarının vəzifəli şəxsləri gəlmişdi. Onların hərəsi Samirəyə 200 manat verərək, elə əsərini də özünə bağışlayıb xoş təəssüratlarla bizdən ayrıldılar. Bu cür hadisələr Samirəyə daha böyük ruh yüksəkliyi verirdi. Bu gün Samirəyə motivasiya vermək üçün Bakıdakı Fransız Məktəbi də əlindən gələni əsirgəmir. Bunun üçün Fransız Məktəbində təmənnasız olaraq qızımın 16 günlük sərgisi təşkil olundu.

- Deyəsən, yaşayış şəraitiniz o qədər də əl vermir...

- Oğlumla birgə, yəni 6 nəfər olmaqla bu evdə yaşayırıq. Bu ev mənə 1993-cü ildə işlədiyim Kənd Təsərrüfatı Nazirliyindən verilib. Evdə də körpə nəvələr var. O səbəbdən də, Samirənin işləmək imkanları bir az məhduddur. İstəyərdim ki, onun öz evi olsun, özü sərbəst, rahat olaraq bir iş mühiti yaradıb rəsmlərini çəksin. Samirə özü də deyir ki, "ürəyimə elə gəlib ki, mənə ev veriləcək".

- Neçə övladınız var?

- 4 övladım var. Amma Samirəyə olan sevgimiz, tamamilə fərqlidir. Bütün çətinliklərə baxmayaraq, həyat yoldaşım və mən bütün ömrümüzü Samirəyə həsr etmişik. Anası da, mən də onun hər nazını çəkirik. Toya getmək üçün Samirənin 7-8 cür ayaqqabısı, cürbəcür paltarları var. Hamısını da özü internetdən sifariş edir. 155 manat pensiya alır, bu rəsmlərdən də pul qazanır. Bir də görürsən ki, yığdığı puldan gəlinlərə, ya bacısına çıxarıb nəsə verir.

- Samirə sizsiz qalmaqdan qorxur?

- Çox qorxur. Elə bu sualınızla bağlı əhvalat danışım. İş yoldaşımın da belə bir övladı vardı. O, bir gün mənə dedi ki, övladını müalicə üçün Leninqrada aparıb. Mən də gəlib həyat yoldaşıma müalicə üçün Samirəni ora aparmaq haqda danışanda, onun bizim danışığımızı eşitməsindən xəbərsiz olmuşam. Sabahı gün işdən gələndə anasının, Samirənin ağlamaqdan gözlərinin altının göyərdiyini gördüm. Samirə elə başa düşüb ki, biz ondan imtina edəcəyik. Anası deyir ki, bütün günü başını onun sinəsinə qoyub, orda tək qalmaqdan qorxduğunu bildirib. Ondan ayrılmayım deyə, başını çiynimə, ayağını isə ayağıma sürtürdü.

- Belə çıxır ki, Samirə çox şeyi ayağı ilə idarə edir.

- Samirə ayağı ilə elə hər şeyi idarə edir. Məsələn, pultu, planşeti, noutbuku da sağ ayağının barmaqları ilə idarə edir.

Samirənin öz zövqü, öz dünyası var. Onun dünyası bəlkə də bizimkindən, tamamilə fərqlidir. Əsas istəyi sağalmaq və ətrafı al-əlvan rəngə boyamaqdır. Ətrafdakılara hisslərini gülüşləri və ayağı ilə, xalça, yer üzərində cızdığı ifadələrlə çatdırır. Elə bu müsahibə boyu da o, ayaq barmaqları ilə yerdə bir gülüş ifadəsi canlandıraraq sevindiyini bildirirdi...









Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Curiosity yeni ərazi üzərində (06.03.2019)

Redaktor seçimi

SON XƏBƏRLƏR