Dərc edildi: Baxış sayı: 2284
Ayağa əziyyət etməyən dikdaban ayaqqabı necə seçilməlidir? - Hər qadının bilməli olduğu üsullar
Qadınların heç bir zaman imtina edə bilmədikləri dikdaban ayaqqabılar, demək olar ki, hər qadının qarderobunda yer alır. Çox gözəl görünsə də bu ayaqqabılar ciddi sağlamlıq problemlərinə yol aça bilərlər. Amma ayaqqabı seçərkən bir sıra məqamlara diqqət yetirsəniz, o zaman sevimli ayaqqabılarınız sağlam şəkildə həmişə sizinlə ola bilər.
Onu bilin ki, ayağın sağlamlığı üçün əvvəlcə onun formasına uyğun ayaqqabılar seçməyə çalışmaq lazımdır.
Medicina.az oxucularına düzgün dikdaban ayaqqabı seçməyin yollarını təqdim edir:
5 sm daban, idman ayaqqabısı kimi rahat olur
Sağlamlıq baxımından ən ideal ayaqqabı təxminən 5 sm yüksəkliyində dabanı olan hesab olunur. Ayaqqabının, dabanının hündürlüyündən əlavə ideal sayılan cəhəti ön hissəsədə barmaqların rahat ola biləcəyi genişlikdə olmasıdır. Bu cür ayaqqabı idman ayaqqabısı qədər rahat və faydalıdır. 8 sm-dən hündür dabanlı və iti burunlu ayaqqabı uzun müddət istifadə edildikdə bel, çanaq, diz, topuq və ayağın ön hissəsində anormal yüklənmələrə səbəb olur.
8 sm-dən yüksək daban qaməti pozur
Baş, qollar və ayaqlar yerin cazibə qüvvəsinə qarşı müəyyən bir mövqedə yer alır. 8 sm-dən hündür dabanı olan bir ayaqqabı qaməti pozaraq dizlərin və çanağın bükülməsinə, belin qozbelləşməsinə səbəb olur. Beldə, çanaqda, dizdə, ayaq əzələlərində, topuqda və ayağın ön hissəsinə düşən anormal təzyiq nəticəsində orqanizmdə müxtəlif xəstəliklər meydana çıxa bilər.
Məsələn, anormal yüklənən hissələrin əzələlərində əzələ qıcolması müşahidə oluna bilər. Bel fəqərələrində əmələ gələn çökəklik nəticəsində belin arxa əzələləri və ən əsası ayaq əzələləri qıc olur. Bundan əlavə davamlı olaraq dikdabandan istifadə barmaqların bir-birinə sıxılmasına və nəticədə də sinirlərdə problemlərin meydana çıxmasına səbəb olur.
Dikdaban geyinərək sağlam ayaqlara sahib olmaq mümkündür:
1. Əgər dikdabandan imtina etmək istəmirsinizsə, o zaman ayağınıza uyğun ayaqqabı alın.
2. Önə doğru azacıq əyilmiş, barmağınızı sıxmayan modellərə üstünlük verin.
3. Qalın dabanlı ayaqqabılara üstünlük verin.
4. Sol və sağ ayağınız bir-birindən fərqlidirsə böyük ayağınızın rahat olacağı ölçünü alın.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət