Slimfit
  1. DİN

Axirət dünyadan daha xeyirlidir

Axirət dünyadan daha xeyirlidir
Sakura

Axirət dünyadan daha xeyirlidir

‘Şübhəsiz ki, axirət sənin üçün dünyadan daha xeyirlidir!”

(əz-Zuha, 93/4).

Qurani-Kərimin dünya həyatını insanı aldadan bir həzz (Ali-İmran, 3/185), axirətlə müqayisədə cüzi bir şey (ət-Tövbə, 9/38), oyun-oyuncaq və əyləncə (əl-Ənam, 6/32) kimi təsvir etdiyini görürük. Aşağıdakı ayə bu halı dəqiq şəkildə bizə təsvir edir:

“Onlara bu dünyanı misal çək: (Bu dünya) göydən yağdırdığımız yağmura bənzər. Yerdəki bitkilər onunla qarışıb (onu içib) yetişər, sonra isə dönüb küləyin sovurduğu quru çör-çöp olar. Allah hər şeyə qadirdir! Mal-dövlət, oğul-uşaq bu dünyanın bər -bəzəyidir. Əbədi qalan yaxşı əməllər isə Rəbbinin yanında həm savab, həm də (Allahın mərhəmətinə) ümid etibarilə daha xeyirlidir!” (əl-Kəhf, 18/45-46).

Qurani-Kərim təqribən altmış ayədə dünya həyatına qarşı neytral, əlli ayədə mənfi, yeddi ayədə isə müsbət mövqedən yanaşır. Lakin qeyd etmək lazımdır ki, bu mənfi münasibət onun var olmasına deyil, axirətə qarşı biganəlik göstərən həyat tərzinədir. Elə isə Quranın bu şəkildə təsvir etdiyi dünyanın daha çox əxlaqi və dini bir termin kimi istifadə olunduğunu irəli sürmək mümkündür. Bunun müqabilində coğrafi mənada yer üzü üçün Quranda “ərz” məfhumundan istifadə olunur. Belə olan halda, axirət əməllərinə maneçilik törətməyən dünya həyatının dini baxımdan icazəli olduğunu və bunun nemət və xoşbəxtlik üçün bir vəsilə olduğunu nəzərə almalıyıq.

Buna baxmayaraq, dünya və axirət arasında seçim etmək məcburiyyətində qalsaq, mövzunun əvvəlində bəhs etdiyimiz ayədə də qeyd olunduğu kimi, bizdən axirət həyatını daha üstün tutmağımız istənilir və bunun əksi isə qınanılır (İbrahim, 14/3). Bu vəziyyət başqa bir ayədə daha dəqiq şəkildə təsvir edilir. Ayəyə əsasən Həzrəti Peyğəmbər dünyanın dəbdəbəsinə meyil edən həyat yoldaşlarına birbaşa Quranın əmrinə tabe olaraq xəbərdarlıq etmiş, ya dünya həyatının dəbdəbəsini, ya da Allahı, Rəsulunu və axirət yurdunu seçmələrini istəmişdir (əl-Əhzab, 33/28-29).

Peyğəmbərimiz (s.ə.s.) də özünü dünya həyatında bir yolçu kimi qəbul etmiş, əbədi yurdu unutmayaraq ona uyğun olan hazırlığını görmüş və ümmətinə də bunu tövsiyə etmişdir. Dünya həyatının ötəri, müvəqqəti olduğunu sevimli Peyğəmbərimiz (s.ə.s.) hər zaman vurğulamış və onu uzun bir səfər zamanı rast gəlinən və bir hovur dincəlmək üçün dibində oturulan ağac kölgəsinə bənzətmişdir (İbn Macə, “Zöhd”, 3).

Nəticədə qeyd etmək lazımdır ki, hər bir müsəlman dünyası üçün axirətinə, axirəti üçün də dünyasına laqeyd yanaşmamalı, bunların ikisi arasında müvazinəti qorumalıdır. Biz dünya həyatının bir imtahan sahəsi olduğunun fərqində olmalı, bu fürsəti yaxşı dəyərləndirməli və işimizi ona görə sahmanlamalıyıq. Belə ki, axirətdəki yerimiz bir növ dünyadakı əməllərimizin bir məhsulu, məntiqi nəticəsi olacaqdır. Yəni bu dünya nə qədər ötəri, müvəqqəti olsa belə o sonsuz səadət məhz burada ya qazanılır, ya uduzulur. Bizim üçün dünyanın ən mühüm cəhəti də elə bu olmalıdır. Unutmayaq ki, dünya nemətlərinə meyil edərək axirət qazancım arxa plana atanlar isə əslində özlərinə böyük ziyan vururlar və zamanı gələndə buna görə mütləq peşman olacaqlar.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanda doğulanda 300 sümük olur, böyüyəndə isə 206-sı qalır

Redaktor seçimi

SON XƏBƏRLƏR