Slimfit
  1. CƏMİYYƏT

Avtomobil idxalı asanlaşdırılmalıdır

Avtomobil idxalı asanlaşdırılmalıdır
Sakura

Avtomobil idxalı asanlaşdırılmalıdır

6-7 il öncəyə qədər ölkəyə minik avtomobillərinin idxalı və satışı indikindən qat-qat artıq idi. Buna 3 başlıca səbəb var idi: birincisi, ölkəyə neftin qiymətlərilə bağlı valyuta çox daxil olurdu, ikincisi, manat ABŞ dollarından baha idi, üçüncüsü isə, bank kreditləşdirməsi də asan idi. Artıq 5-6 ildir ki, idxal da zəifdir, satış da. Son 1-2 ildə vəziyyət bir az yaxşılaşıb.
Bu ilin yanvar-oktyabr ayları ərzində ölkəyə 35457 ədəd müxtəlif təyinatlı nəqliyyat vasitələri idxal olunub ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 16121 ədəd və yaxud 2 dəfəyə yaxın çoxdur. Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına əsasən, ümumiyyətlə, başa çatmaqda olan bu ilin ilk 10 ayı ərzində sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulan motorlu nəqliyyat vasitələrinin idxalı 2,5 dəfə artaraq, 441 ədəd, əsasən, adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı 84,1% artaraq, 31 934 ədəd, yük daşımaq üçün motorlu nəqliyyat vasitələrinin idxalı 70,4% artaraq, 2 934, xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 64,4% artaraq, 148 ədəd təşkil edib.

Artıma səbəb əsasən ölkədə iqtisadi sabitlik, işgüzar fəaliyyətdə canlanma, gəlirlərdə artımın qeydə alınması və ən əsası da, neftin dünya bazar qiymətlərinin bizim üçün əlverişli həddə qalmasıdır.

İş ondadır ki, DGK istehsal ili 7 ildən yuxarı olan nəqliyyat vasitələrinin ölkəyə gətirilməsinə məhdudiyyət qoymaq haqda təklif irəli sürüb. Bu, həm ekoloji tarazlığı, həm də insanların sağlamlığını qorumaq baxımından izah edilib. Əlbəttə, bu, müsbət haldır. Ancaq bir məsələ var ki, istehsal tarixi 7 ildən köhnə olan avtomobillərin ölkəyə gətirilməsi qadağan edilərsə, vətəndaşların istifadə etdiyi avtomobillərdən ibarət parkın köhnəlməməsinin qayğısına da qalmaq lazımdır. O səbəbdən ki, yeni avtomobil alışı çox çətinləşib. Və belə davam etsə, ölkədə sözügedən avtomobil parkının özü də 5-6 ildən sonra köhnəlmiş vəziyyətə düşəcək.

Səbəblərin biri də odur ki, ölkəyə avtomobillərin gətirilməsinə tətbiq olunan rüsumlar hər il artırılmaqdadır. Xatırladım ki, ölkədə istehlak kreditlərinin verilməsi prosedurunun sərtləşdirilməsi ilk dəfə məhz avtomobil satışına tətbiq edilib. Düzdür, təkcə avtomobil deyil, məişət əşyalarına, hətta torpağa, mənzilə görə təklif olunan kredit məbləğləri üzrə də eyni tələb irəli sürülmüşdü. Lakin, 2014-cü ildən tətbiq olunmağa başlanılan həmin addımın əsas hədəfi bilavasitə minik avtomobillərinin satışını azaltmaq məqsədi üzərinə yönəlmişdi ki, bundan başqa, Nazirlər Kabineti ölkədə dövriyyəyə buraxılan (idxal olunan və daxildə istehsal edilən) avtonəqliyyat vasitələrindən atmosferə atılan zərərli maddələr üzrə tələbatın 2014-cü ilin aprelin 1-dən “Avro-4” ekoloji normaya keçirilməsi haqda qərar da qəbul etmişdi. Halbuki, “Avro” standartı heç bir ölkədə avtomobil idxalını məhdudlaşdırmaq məqsədi daşımırdı, amma bizdə eyni standartda yanacaq istehsal olunmadığından, hədəf buna doğru yönəlmişdi.



Bəs bütün bunların nəticəsi nə oldu? Minik avtomobillərinin gətirilməsi və satışı tempi enməyə başladı. Avtomotik olaraq, kommersiya banklarının fəaliyyətləri zəifləməyə, onların onsuz da sağlam olmayan maliyyə vəziyyətləri pisləşməyə doğru istiqamət götürdü, dövriyyədə nəğd pul kütləsinin artım sürəti zəifləməklə, azalmağa doğru istiqamət aldı. İqtisadi aktivlik zəiflədi. Bir çox iri holdinq, böyük şirkətlərin fəaliyyətləri və işləri məhdudlaşaraq, dar çərçivəyə düşdü. Və bütövlükdə, ölkədə ticarət dövriyyəsi enməyə başladı.

Ümumiyyətlə, ölkəmizdə kommersiya banklarının problemləri məhz bu addımdan sonra üzrə çıxmağa başladı. Belə ki, bank sektoru “serroz”a düçar olmuşdusa da, neftin dünya bazar qiymətləri enməsəydi, xəstəlik bir az gec üzə çıxacaqdı. Sadəcə olaraq, tərslikdən hər ikisi eyni vaxtda üst-üstə düşdü. Yəni, neft də məhz 2014-cü ilin iyun ayından ucuzlaşmağa başladı ki, buna müvafiq olaraq da, sonradan manatın devalvasiya prosesi bankları lap "beli üstə" qoydu... Bütün bunlara rəğmən, ötən hər ilin yanvarın 1-dən etibarən iri həcmli mühəriki olan minik avtomobillərin idxalına tədbiq edilən rüsumlar artırılmaqda davam edib.

Sözün qısası, hələ 2 il öncə yazmışdım ki, ölkədə bankları dirçəltmək, iqtisadi aktivliyi tam bərpa etmək, ticarət dövriyyəsini artırmaq, dövriyyədə nəğd pul kütləsinin həcmini genişləndirmək üçün minik avtomobillərinin idxalına qoyulan bir sıra məhdudlaşdırıcı tədbirləri yumşaltmaq, istehlak kreditlərinin verilməsi, xüsusən də onun minik avtomobillərinə yönəliik ödənilməsi prosedurunu 2014-cü ildən əvvəlki dövrə qaytarmaq vacibdir.

Avtomobil parkının sürətlə köhnəlməməsi, əhalinin istifadəsində olan avtomobillərin daha yeni və müasir olması üçün, eyni zamanda ekologiyanı da qorumaq baxımından, paralel olaraq yeni avtomobillərin alışına əlçatanlıq səviyyəsi də stimullaşdırılmalı, gömrük rüsumları azaldılmaqla bankların kreditləşdirmə mexanizmi yüngülləşdirilməlidir.

Bəli, Azərbaycanda bu gün minik avtomobilləri istehsal olunur. Bu, çox müsbət və böyük hadisədir. Ancaq bu avtomobillərin ölkəyə gətirilənlərlə müqayisədə rəqabət qabiliyyəti, keyfiyyəti və alıcı cəlb etməsi imkanları məhduddur. Digər mühüm mənfi amil isə yerli istehsala məxsus avtomobillərin kifayət qədər baha qiymətə satış təklifləriylə bağlıdır. Bu, heç də əlverişli vəziyyət sayılmır. Onsuz da avtomobil bazarında qiymətlər yüksəkdir. Köhnə avtomobillərin gətirilməsinə qadağa isə, ikinci əl avtomobilləri bahalaşdıracaq.


Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şirvan Bico xalçası, Kanada Tekstil Muzeyinde saxlanılır.

Redaktor seçimi

SON XƏBƏRLƏR