Slimfit
  1. DÜNYA

Avropada həyat normallaşmağa başlayır

Avropada həyat normallaşmağa başlayır
Sakura

Avropada həyat normallaşmağa başlayır

Avropada 85 mindən çox insanın ölümünə səbəb olan koronavirusa qarşı sərt mübarizə bəzi ölkələrdə yumşalmağa başlayıb.

“Anadolu” agentliyi xəbər verir ki, epidemiya Avropada təsirini davam etdirsə də, yeni yoluxanların və ölənlərin sayında azalma həyatın normallaşması düşüncəsini formalaşdırır.

Avstriya başda olmaqla, bir çox ölkələr Pasxa bayramından sonra virusa qarşı mübarizə çərçivəsində tətbiq olunan bəzi qadağaları yumşaltmaq yolunda ilk addımlarını atıb.

Belə ki, Avstriyada 14 apreldən etibarən sahəsi 400 kvadrat metrə qədər olan müəssisələrin fəaliyyət göstərməsinə icazə verilib, park və bağçalar açılıb.

Komendant saatı ilə bağlı məhdudiyyətin aprel ayının sonunadək uzadıldığı ölkədə mayın 2-dən etibarən ticarət mərkəzlərinin, bərbərxanaların və müxtəlif iş yerlərinin fəaliyyət göstərəcəyi açıqlanıb.

Peşəkar idmançılara və birinci futbol liqası komandalarına məşq etməyə icazə verilib. Mayın 1-dən etibarən tennis, qolf və atçılıq kimi idman növlərinə icazə veriləcəyi də qeyd edilir.

Avropada koronavirusdan ilk və ən çox təsirlənən ölkələrindən biri olan İtaliyada gündəlik ölüm və yoluxma halların azalması ilə tədricən normal həyata dönüş müzakirə olunmağa başlayıb.

Ölkə daxilində sərt tədbirlərin mayın 3-dək uzadıldığı İtaliyada hökumət aprelin 14-də normal həyata qayıdışın ilk addımlarını atmağa başlayıb.

Məcburi ehtiyaclar xaricində evdə qalmaq, məktəbləri bağlamaq, həyati vacib olmayan bütün istehsal fəaliyyətlərini dayandırmaq kimi ciddi tədbirlərin davam etdiyi İtaliyada hökumət kitab mağazalarını, körpə və uşaqlar üçün məhsullar satan mağazaları açmaq qərarına gəlib.

Eyni zamanda, meşəçilik fəaliyyəti, meşə sənayesi və kənd təsərrüfatı istehsalı da daxil olmaqla, bəzi sektorlar üçün yaşıl işıq yanıb.

Yoluxma və ölüm halları azalmaqda davam edərsə, mayın 3-dən sonra sosial məsafə qaydalarına riayət etməklə insanların maska ​​ilə küçəyə çıxmasına icazə verəcək. Hökumətin məhkəmələrin, restoranların və bərbərxanaların may ayında müəyyən şərtlər altında açılmasına icazə verməyi planlaşdırdığı bildirilir.

Fransada mayın 11-dən etibarən ölkədə tədricən məktəblər açılacaq, universitetlər isə yaya qədər bağlı qalacaq.

“Koronavirusun peyvəndi olmadan normal həyata qayıtmağın mümkünsüzlüyü”nü vurğulayan İspaniya hökuməti də epidemiya nəticəsində ciddi ziyan görən ölkə iqtisadiyyatında itkiləri azaltmaq və tədricən gündəlik həyata qayıtmaq üçün addımlar atmağa başlayıb.

Tikinti sənayesi işçilərinin, istehsal yönümlü kiçik və orta sahibkarlığın, kiçik ticarət adamlarının işlərinə qayıtmalarına icazə verilib.

Ölkədəki işçilərə iş yerlərindəki sosial məsafəni qorumaq, maska ​​taxmaq və lazım gələrsə, qoruyucu kostyum geyinməyi tövsiyə edən məmurlar əhaliyə on milyon pulsuz maska paylayıblar.

Aprelin 15-dən Danimarkada uşaq bağçaları və ibtidai məktəblər yenidən açılıb. Bundan əlavə, digər təhsil müəssisələri də qapılarını açacaqlar.

Almaniyada aprelin 20-dən 800 kvadrat metrədək mağaza və bərbərxanalar ciddi gigiyena qaydalarına riayət etmək şərtilə açılacaq. Mayın 4-dən etibarən tədricən məktəblər, zooparklar, kitabxanalar və muzeylərin açılacağı qeyd edilir.

Almaniyada avqustun 31-dək kilsə, məscid və sinaqoq kimi ibadət yerlərində kollektiv ibadət qadağası davam edəcək.

Mənbə: Oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan toyu, Qarabağ, Şuşa, 1965

Redaktor seçimi

SON XƏBƏRLƏR