Slimfit
  1. SİYASƏT

Avropa Parlamenti COP29 konfransını siyasiləşdirməyə çalışır ŞƏRH

Avropa Parlamenti COP29 konfransını siyasiləşdirməyə çalışır ŞƏRH
Sakura

Avropa Parlamenti COP29 konfransını siyasiləşdirməyə çalışır ŞƏRH

 

Oktyabrın 24-də Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qətnamə ikiüzlülüyün və riyakarlığın son həddidir. Avropa Parlamenti xristian birliyi olduğu üçün müsəlman ölkəsinin təəssübkeşliyini heç vaxt çəkməz. Ona görə də bu gün öz ərazilərinin suverenliyini təmin etmiş və müstəqil siyasət yürüdən Azərbaycan Avropa Parlamentinin maraqlarına cavab vermir. Onlara əzilmiş, asılı vəziyyətdə olan Azərbaycan lazımdır ki, özlərinin çirkin niyyətlərini ölkəmizdə reallaşdıra bilsinlər. Bu baxımdan Avropa Parlamentinin qətnamələrini ikili standartların, sifarişlərin icrası və parlament tribunasının siyasi təzyiq üçün alətə çevirməsinin göstəricisi hesab edirəm.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Azər Badamov söyləyib.

Deputat bildirib ki, Avropa Parlamentinin qəbul etdiyi qətnamənin mövzusu Azərbaycanda vəziyyət, insan hüquqlarının və beynəlxalq hüququn pozulması və Ermənistanla münasibətlər adlandırılır. Sual olunur ki, Avropa Parlamentinə Azərbaycandakı vəziyyət nə vaxtdan maraqlı olub? Əgər onlara Azərbaycandakı vəziyyət maraqlı olsaydı, torpaqlarımız işğal olunanda, bir milyona yaxın qaçqın və məcburi köçkün şəraitsiz çadır düşərgələrində yaşayanda, xalqımıza qarşı soyqırımları törədiləndə, dini-mədəni abidələrimiz, şəhərlər və kəndlərimiz dağıdılaraq talandıqda bir münasibət bildirərdilər. Biz 30 ildə Avropa Parlamentində bu məsələləri qaldırırdıq və Ermənistana qarşı tədbirlərin görülməsinə çağırışlar edirdik. Amma onlar heç nə baş verməmiş kimi qaldırdığımız məsələlərin üstündən səssiz keçdilər. İndi nə baş verib? Azərbaycanın öz ərazilərini işğaldan azad etməyini, Ermənistanın dağıtdıqları yaşayış məntəqələrini bərpa edərək keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmasını niyə həzm edə bilmirsiniz? Burada Azərbaycan qeyri-adi bir iş görməyib. Ölkəmiz, sadəcə, BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra edib.

Azər Badamovun sözlərinə görə, qəbul etdikləri qətnamədə beynəlxalq hüququn pozulmasından danışan avropalı parlamentarilər, buna baxmayaraq, 30 ildə bir milyon azərbaycanlının pozulmuş hüquqları, o cümlədən Birinci Qarabağ müharibəsində itkin düşmüş 4 minədək soydaşımızın taleyinə aydınlıq gətirilməsi barədə danışmırlar. Həmin azərbaycanlıların bir hissəsi əsir götürülərək Ermənistanda qul kimi işlədilib, işgəncələrə məruz qalanda da Avropa Parlamentindən bu istiqamətdə ciddi reaksiya görmədik. Azərbaycan ərazilərini işğaldan azad edəndən sonra qarşılaşdığı mina terroru da bu qəbildən olan məsələlərdəndir. Ermənilərin ərazilərimizdə basdırdıqları minaya düşərək həlak olmuş və ya xəsarət almış 400-ə yaxın azərbaycanlının yaşamaq haqqı insan hüquqlarının pozulması deyilmi? Ona görə də Avropa Parlamenti əgər öz nizamnaməsinə uyğun siyasət yürüdürsə, Ermənistana minalanmış ərazilərin dəqiq xəritəsinin verilməsi üçün çağırış etməli idi. Lakin erməni lobbisinin və anti-Azərbaycan qüvvələrinin əsirinə çevrilmiş qurumdan indiyədək bu cür ədalətli addım görməmişik.

“Avropa Parlamentinin riyakarlığı o qədər böyükdür ki, Azərbaycana qarşı qətnamə qəbul edəndə hətta Avropa İttifaqının milli maraqları da nəzərə alınmır. Belə ki, Rusiyaya tətbiq etdiyi sanksiyaların bumeranq effekti ilə qarşılaşmasına baxmayaraq, Avropa Komissiyasına Azərbaycanla 2022-ci ildə bağlanmış enerji sahəsində strateji tərəfdaşlıq haqqında sazişə yenidən baxılmasını və ölkəmizdən qazın alınmasının dayandırılmasını tövsiyə edirlər. Bu gün Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyində yeganə alternativdir. Bu baxımdan Avropa Parlamenti son addımları ilə Avropa İttifaqının enerji təhlükəsizliyinə kökündən balta vurmağa və enerji böhranının daha da dərinləşdirilməsinə çalışır. Təbii ki, bu məsələlər Avropa İttifaqı üçün yaxşı heç nə vəd etmir.

Avropa Parlamenti COP29 iqlim dəyişikliyi ilə bağlı tərəflər konfransını da siyasiləşdirməyə çalışır. Bu konfrans dünyada baş verə biləcək təbii fəlakətlərdən qorunmaq üçün qlobal həmrəyliyə nail olunmasına hesablanıb. COP29-u heç vaxt siyasi məsələlərlə eyniləşdirmək olmaz. Bu, canlı aləmin gələcək mövcudluğu məsələsidir. Amma avropalı parlamentariləri gələcəyin mövcudluğu maraqlandırmır. Çünki onların özlərinin gələcəyi yoxdur. Bu gün avropalı siyasətçilərin şəxsi həyatlarına baxsaq görərik ki, əksəriyyəti cinsi azlıqların nümayəndələri, yaxud da övladsız şəxslərdir. Əgər həmin şəxslər öz gələcəyi ilə bağlı düşünmürlərsə, onlardan COP29-la bağlı da müsbət bir fikrin ifadəsini gözləməməliyik”, - deyə A.Badamov vurğulayıb.

Deputat əlavə edib ki, bu gün Avropanın özü böyük problemlərin içində batır. Avropa Parlamenti yaxşı olardı ki, özlərinin daxili problemləri ilə məşğul olsun. Avropa Parlamenti, onun sifarişçiləri olan Fransa və digərləri Azərbaycanla siyasi təzyiq dilində danışa və ölkəmizi addımladığı ədalətli mövqeyindən heç vaxt çəkindirə bilməzlər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Verzaska çayı, İsveçrə

Redaktor seçimi

SON XƏBƏRLƏR