Avropa "gələcəyin tankını" yaradacaq
Ens.az bildirir ki, Fransa və Almaniya birgə yeni döyüş tankının yaradılması barədə razılığa gəliblər. Bu barədə Fransanın Silahlı Qüvvələr naziri Florensiya Parli öz Twitter hesabında bildirib.
Müvafiq müqavilə Almaniyanın Müdafiə naziri Annegret Kramp-Karrenbauerin uzaqdan iştirakı ilə imzalanıb. Parlinin sözlərinə görə, əməkdaşlıq nəticəsində hər iki ölkənin orduları 2035-ci ildən etibarən geniş rabitə imkanlarına malik müasir Avropa tankı əldə edə biləcəklər. Fransalı nazir inanır ki, Avropa öz müdafiəsini "konkret layihələr və qarşılıqlı etimad" əsasında qura biləcək.
Ens.az saytının Fransanın La Tribune nəşrinə istinadla qeyd etdiyi kimi, "gələcəyin tankı" nın yaradılması barədə sazişin imzalanması dörd il əvvəl baş tutmalı idi, lakin tərəflər bu müddət ərzində sifarişlərin sənaye müəssisələri arasında necə bölüşdürülməsi barədə razılığa gələ bilməmişdilər. Bundan əlavə, Almaniya bu perspektivli döyüş maşınının Yaxın Şərqə verilməsinə qarşı çıxırdı.
Müştərək istehsal olunacaq yeni tankın Fransa silahlı qüvvələrindəki AMX-56 Leclerc ağır tankını, eləcə də Almaniyada Leopard 2 -ni əvəz edəcəyi gözlənilir.
Mənbə: lenta.ru
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət