Slimfit
  1. MƏDƏNİYYƏT

ATU-da Mikayıl Müşfiqin 110 illiyi qeyd olunub

ATU-da Mikayıl Müşfiqin 110 illiyi qeyd olunub
Sakura

ATU-da Mikayıl Müşfiqin 110 illiyi qeyd olunub

Noyabrın 22-də Azərbaycan Texniki Universitetində (AzTU) nakam şairimiz Mikayıl Müşfiqin 110 illiyinə həsr edilmiş tədbir keçirilib. SİA xəbər verir ki, AzTU-nun prorektoru, professor İsa Xəlilov XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, repressiya qurbanı Mikayıl Müşfiqin 110 illik yubileyinin qeyd edilməsi haqqında dövlətimizin başçısının imzaladığı Sərəncamın əhəmiyyətindən danışıb, ölkəmizdə ədəbiyyata, şair və yazıçıların yaradıcılığına göstərilən dövlət qayğısını diqqətə çatdırıb. Bildirilib ki, M.Müşfiq qısa ömür yaşamasına baxmayaraq, maraqlı, orijinal əsərləri ilə ədəbiyyatımızda dərin iz qoyub. Onun sevgi, gözəllik, sədaqət, sosial və mədəni məsələlərə həsr etdiyi şeirləri bu gündə orijinallığı ilə seçilir və böyük oxucu kütləsi tərəfindən sevilə-sevilə oxunur.

Prorektor deyib ki, Mikayıl Müşfiqin şəxsiyyəti vətənpərvərliyin timsalı, yaradıcılığı isə gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsində əvəzsiz xəzinədir.

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli unudulmaz şairin ədəbiyyatımızdakı xidmətlərindən danışıb. Qeyd olunub ki, şairin zəngin ədəbi irsinə şeirdən tutmuş poemayadək lirik növün əksər janrları daxildir. Dərin emosionallıq, ahəngdarlıq, yığcamlıq Mikayıl Müşfiq poeziyasının əsas bədii keyfiyyətləridir. O, lirik-epik lövhələrin, peyzajların ən mükəmməl nümunələrini yaradıb. Mikayıl Müşfiq poeziyası şifahi xalq və yazılı klassik ədəbiyyatımızdan bəhrələnib.

Əməkdar jurnalist, pedaqogika üzrə fəlsəfə doktoru Qafar Əsgərzadə XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, repressiya qurbanı Mikayıl Müşfiqin həyat və yaradıcılığından söz açıb.

AzTU-nun Azərbaycan dili və pedaqogika kafedrasının müdiri, dosent Həbib Mirzəyev isə Mikayıl Müşfiq yaradıcılığına olan böyük sevgidən danışıb. AzTU kollektivinin nakam şairimizin yaradıcılığına böyük maraq göstərdiyini deyən kafedra müdiri, bu marağın Müşfiq poeziyasının qəlbə yaxınlığından, mükəmməlliyindən irəli gəldiyini bildirib. Həbib Mirzəyev Mikayıl Müşfiqin “Gecə düşüncəsi” şeirini səsləndirib.

Tədbirin bədii hissəsində tələbələr şairin şeirlərini oxuyub, müğənnilərin ifasında isə Müşfiqin şeirlərinə yazılmış mahnılar səsləndirilib, səhnəciklər nümayiş olunub.

Qeyd edək ki, tədbirdə AzTU-nun müəllim-tələbə heyəti ilə yanaşı, Mikayıl Müşfiqin qohumları, ictimai şəxslər və KİV nümayəndələri də iştirak ediblər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şirvan Bico xalçası, Kanada Tekstil Muzeyinde saxlanılır.

Redaktor seçimi

SON XƏBƏRLƏR