Astarada torpaq sürüşməsi aktivləşib: Bir ev uçub
Oxu.Az-ın bölgə müxbirinin verdiyi məlumata görə, mart ayının 26-da torpaq qatının sürüşməsi nəticəsində rayonun Siyəkü kəndində qəzalı vəziyyətə düşən evlərdən biri uçub.
Ötən gecə kənd sakini 70 yaşlı Təcrübə İsgəndərovanın 3 otaqlı evi tamamilə qəzalı vəziyyətə düşüb. Ev sahibinin sözlərinə görə, xoşbəxtlikdən 5 nəfər ailə üzvündən heç biri xəsarət almayıb.
Cənub bölgəsinə intensiv düşən yağıntıların son 5-6 gün ərzində torpaq sürüşmələrini aktivləşdirməsi kənd sakinlərini narahat edir. Onlar gecələri evlərində rahat yata bilmirlər. Bəziləri qohumlarının evlərində qalmağa məcbur olublar.
Qeyd edək ki, hazırda kənddə 10-a yaxın ev dağılmaq təhlükəsi qarşısındadır. Fərdi təsərrüfatlardakı sitrus bağları da zərər çəkib. Bu barədə kənd icra nümayəndəliyinin də məlumatı var.
Yaranmış vəziyyət barədə Fövqəladə Hallar Nazirliyinə də rəsmi qaydada müraciət edilib. Lakin evlərə və həyətlərə hələ ki, baxış keçirilməyib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət