Astanada Prezident İlham Əliyevlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın görüşü olub
Noyabrın 3-də Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü olub.
Ens.az AZƏRTAC -a istinadən xəbər verir ki, görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq, qardaşlıq və müttəfiqlik əlaqələrinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirilib. Bu ilin sentyabrında həyata keçirilən antiterror tədbirlərinin uğurla başa çatması məmnunluqla vurğulanıb.
Rəcəb Tayyib Ərdoğan dövlətimizin başçısını Xankəndi və Xocalı şəhərlərində Azərbaycan Bayrağını ucaltması münasibətilə təbrik edib.
Söhbət zamanı Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşünün ölkələrimiz və xalqlarımız arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi işinə xidmət etdiyi qeyd olunub.
Görüşdə ikitərəfli münasibətlərimizin bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik bildirilib, əməkdaşlığımızın perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət