Slimfit
  1. ƏDƏBİYYAT

Aşıq Musa - Aşıq Musa ilə Mələknisə xanım dastanı

Aşıq Musa - Aşıq Musa ilə Mələknisə xanım dastanı
Sakura

Aşıq Musa - Aşıq Musa ilə Mələknisə xanım dastanı

USTADNAMƏ

 


Bəd əsildən, pis nəsildən törəyən
Qürur edər, heç məkana sığışmaz.
Zatı xəbis özün verər büruzə,
Həddən çıxar, yol-ərkana sığışmaz.

Saxta sikkə satan şeylər bazarı,
Öz əliylə özü qazar məzarı.
Tülkü tək xəlvətə düşsə güzarı,
Bəyəm deyib, biyabana sığışmaz.

Kamaldan boş kasadan da boş olar,
Pis əməli özü üçün xoş olar.
Himarın sülfüilən diraz guş olar,
Qışqıranda bil pünhana sığışmaz.

Olmaz nə ədəbi, nə də anlığı,
Məclisə yaraşmaz burun, qulağı,
Mey içməyə qəbul deyil dodağı,
Eşşək başı zər fincana sığışmaz.

Dostun arasında yaman qandırır,
Yalandan and içir, həm inandırır.
İvnənin hiyləsi mahal yandırır,
Üfunəti bu cahana sığışmaz.

Bivəfada doğru, düz ilqar olmaz,
Müxənnətdə namus, qeyrət, ar olmaz,
Namərddə, nakəsdə etibar olmaz,
Mərdin adı hər nadana sığışmaz.

Bir Aqil ölməklə şair azalmaz,
Bir gül açılmaqla bahar, yaz olmaz.
Qurbağa quş olmaz, toyuq qaz olmaz,
Ala qarğa gülüstana sığışmaz.

Ustadlar ustadnaməni bir deməz, iki deyər, biz də deyək iki olsun.

Yaxşı oğul yaxşı adın ucaldar,
Mərfətsiz, bihünər pür kamal olmaz.
Sərf edən ömrünü doğru yollara
Doğru yol gedənə gəc zaval olmaz.

Dərs alıb oxusan elmin taparsan,
Şirin dillə sınıq könül yaparsan.
Əgər işin kökdən düzgün aparsan,
Düzlük olan yerdə qilü-qal olmaz.

Pis dəmirdən yaxşı silah yaranmaz,
Nakəs, nadan pis əməldən usanmaz.
İşarət etməklə mətləbi qanmaz,
Nəsihət eşitməz, əhli-hal olmaz.

Yaxşı ad qazanan dünyada ölməz,
Şad olmaz, zalımın sonrası gülməz.
Halal maya halal əldən üzülməz,
Özgələr malınnan sənə mal olmaz.

Aqil nəsihətin söylə müxtəsər,
Qanana şərbətdi, qanmaza zəhər.
Hər ağacda meyvə, bitgidə şəkər,
Hər çiçəkdə zənbur üçün bal olmaz.

Ustadlar ustadnaməni iki deməz, üç deyər, biz də deyək üç olsun, düşmənin ömrü puç olsun.

Könül, hər yetənə eşqin yetirmə,
Bivəfadan sənə yar ola bilməz.
Əyrilər düz ilən zidd olur müdam,
Bir kasada odnan qar ola bilməz.

Ariflər axtarar, tapar tayını,
Özünə dost tutmaz qəlbi xayını.
İtirər duz-çörək haqqı-sayını,
Bəd əsildə namus, ar ola bilməz.

Ustaddan dərs alan heç olmaz naşı,
Dosta kəc baxanın ucalmaz başı.
Sərraf yüz bəzəsə qiymətsiz daşı,
Tanınar cövhəri zər ola bilməz.

Ərəb at artsa da əslin itirməz,
Hər çiçəyin ətri gülə yetirməz.
Ulğun kökü hərgiz meyvə gətirməz,
Söyüdün şaxında bar ola bilməz.

Aqil geşt eylədi, gəzdi hər yanı,
Təcrübədə seçdi yaxşı, yamanı.
Namərdin süfrəsi, nakəsin nanı,
Hər zaman səxada var ola bilməz.

Mənim əzizlərim, sizə kimdən danışım, kimnən xəbər verim; Naxçıvanlı Miriş Sövdəgərdən. Miriş Naxçıvanda hörmət izzətinnən tanınmış beş kişidən biri idi. Günlərin bir günü iki nəfər yaxın adamını çağırıb dedi:
– Eşitmişəm Göyçənin Ağkilsə kəndində Aşıq Musa adında yaxşı bir aşıq var. Toyumuz lap bir ay da geciksə, gərək onu tapıb gətirəsiniz. Özünüz bilirsiniz ki, mənim dünyada Reyhandan başqa heç bir övladım yoxdu. Əhd eləmişəm ki, onun toyunu göyçəli Aşıq Musa keçirsin.
Miriş kişinin tapşırığınnan həmin adamlar Göyçəyə yola düşdülər. Onlar getməkdə olsunlar, indi görək Miriş kişi gözünün ağı-qarası bircə balasını kimə verir.
Miriş kişi var-dövləti başından aşıb-daşan bir sövdəgəriydi. Bir gün o Araz qırağı kəndlərdə mal satıb, mətah alırdı. Gördü cır-cındır geyinmiş bir uşaq divarın dibində yatıb. Miriş sövdəgərin uşağa yazığı gəldi. Yaxınlaşıb onu oyatdı. Gördü bu on üç-on dörd yaşında bir oğlan uşağıdı. Soruşdu:
– Oğlan, kimsən, nə karəsən, niyə burada yatıbsan?
Oğlan cavab verdi ki, əmi, heç kimim yoxdu, yetiməm. Sövdəgər xəbər aldı ki, oğlum, atan, anan ölüb? Uşaq dedi:
– Əmi, mən atalı-analı yetimlərdənəm. Özüm də buralı deyiləm. Türkiyədənəm. atamı tutub sürgünə göndərdilər. Atam gedəndən sonra qardaşlarım, bacılarım, bir də mən analıq yanında qaldıq. Ögey ana bizə gün vermədi. Mən də zülm-zillətdən təngə gəlib bir gün Araz çayını üzüb bu tərəfə keçdim. İki ilə yaxındır ki, bu kəndlərdə dilənib bir təhərnən başımı saxlayıram. Bir tikə çörək tapsam yeyirəm, tapmasam da Allah umuduna dolanıram.
Miriş sövdəgərin uşağa yazığı gəldi. Onu bilirik ki, Miriş sövdəgərin bir qızdan başqa heç bir övladı yoxuydu. Miriş sövdəgər belə qərara gəldi ki, elə yaxşı oldu, bu uşağın burada heç kimi yoxdu ki, sonra ona sahib çıxa. Apararam, mal-qarama, ev eşiyimə göz-qulaq olar. Bir də axı mən aynan-ilnən evdə olmuram. Böyüyər, ailəmə qulaq hayanı olar. Nə qədər olmasa kişi tayfasıdı. O, bu minvalla uşağı evinə gətirdi. Ona bir dəst yaxşı paltar tikdirdi. Arvadına da tapşırdı ki, uşağa yaxşı baxsın. Bu gündən uşaq sövdəgərin evində şad-xürrəm ömür sürməyə başladı. Onun qanacağı, mərifəti, boy-buxunu, qəddi-qaməti dillərdə dastan oldu. Tezliklən o, tay-tuşları arasında sayılıb-seçilən igidlərdən birinə çevrildi.
Aradan beş il keçdi. Mürşid adlı bu oğlanı hər yerdə barmaxnan göstərməyə başladılar. Sövdəgər də, arvadı da ona öz doğma balası kimi baxırdılar.
Günlərin birində Miriş kişi arvadını yanına çağırıb dedi:
– Arvad, özün bilirsən ki, bizim bircə qızımız var. Gəl onu verək Mürşidə. Qoy elə qızı ev gəlini olsun. Bizdən sonra da var-yoxumuza sahib olsunlar. Ər-arvad Reyhanla Mürşidin də razılığını öyrənib toya hazırlaşmağa başladılar. Bu arada Mürşid sövdəgərdən xahiş elədi ki, əmi, bəlkə atam sürgündən qayıdıb. Həm də mənim orada qardaşlarım, bacılarım, əmim, dayım, qohumlarım var. İcazə versən, adam göndərərik onları da toya çağırarlar.
Miriş kişi bu fikrə can-başla razı oldu. O, Türkiyəyə adam göndərdi. Bütün qohumları muştuluqlayıb toya dəvət elədilər.
Mürşidin atası da qayıtmışdı. Bu xəbərdən o da çox sevindi. Onlar da o tərəfdən toya gəlməyə hazırlaşdılar. Bu tərəfədən də Miriş sövdəgər Aşıq Musanın dalınca adam gözdərmişdi. Həmin adamlar gəlib gördülər ki, Aşıq Musa evdə yoxdu. O, Kəlbəcərə toya getmişdi. Üç gündən sonra Aşıq Musa evə qayıtdı. Qonaqlarnan hal-əhval tutub onların gəlişinin səbəbini öyrəndi. Bir-iki gün dincələndən sonra onlar Naxçıvana yola düşdülər. Toy başlandı. Həm Mürşidin qohum-əqrabasının tapılması, həm də onun toyu camaatı yaman sevindirmişdi. Odu ki, Miriş kişi elə bir şadyanalıq elədi ki, hələ Naxçıvan camaatı belə toy görməmişdi. Yeddi gün, yeddi gecə yeyib-içib şənləndilər. Axır ki, toy qurtardı. Aşıq Musa Göyçəyə yola düşmək istədi. Ancaq Türkiyədən gələnlər razı olmadılar. Mürşidin atası Musaya çox xahiş, minnət elədi ki, gərək Mürşidin əmisi oğlu Mərdanın da toyunu sən eləyəsən. Amma Aşıq Musa getmək istəmədi. Bildirdi ki, xeyli vaxtdı toylarda olmuşam, evdən-eşikdən nigaranam. Eldən-obadan xəbər-ətərim yoxdu, gedim evdə bir az dincəlim.
Aşıq Musa nə qədər çək-çevir elədisə, gələnlər əl çəkmədilər. Onlar çox yalvar-yaxardan sonra axır ki, aşığı Türkiyəyə getməyə razı saldılar. Beləliklə, Aşıq Musa da onlarnan birlikdə Türkiyəyə yola düşdü. Mürşidin atası aşıq Musanı saraya bənzər gözəl bir evə dəvət elədi. Həmin evin qabaq tərəfində də eynilə buna bənzər gözəl bir ev tikilmişdi. Bu da Mərdanın nişanlısıgilin eviydi. Elə ki, qız eşidib bildi ki, onların toyuna aşıq gəlib, onlara baxmaq üçün güləfirəngiyə çıxdı. Bu zaman balabançı Novruz Musaya işarə elədi ki, dön bir belə bax. Musa dönüb qıza baxanda elə bildi ki, doğrudan da günəş bu tərəfdən çıxıb. Gözəl, nə gözəl! Elə bil ərşdəki qılmandı. Qaşlar kaman, kirpiklər ox olub adamın ürəyinə sancılır. Yaxası cənnət bağının qapısı kimi açıq, qolları durna qanadı, sifəti bədirlənmiş ay... aşıq gərək buna tərif desin, rəssam gərək bu gözəlliyi kətana köçürsün. Tanrı gör nələr yaradırmış, ilahi! Aşığın o tərəfə çox baxdığını görən oğlanlardan biri onu başa saldı ki, o qız indi toyu olan Mərdanın nişanlısıdı. Musa bir yanında oturan Mərdana, bir də güləfirəngidən məlul-məlul baxan qızın pərişan halına baxıb aldı görək nə dedi:

Səhər-səhər zəhmət vermə özünə,
Ala gözlü, qələm qaşlı köynəkcək.
Əsər badi-səba dəyər üzünə,
Yarın qalar gözü yaşdı, köynəkcək. 

Yanaqlar al, əllər şümşad, boy uca,
Ağ çit tuman köbəsidə alaca.
Sinən bəyaz, məmələrin xırdaca,
Sənə baxdım, ağlım çaşdı, köynəkcək.

Musa deyər, yoxsa candan bezarsan?
Qıya baxıb şirin canım üzərsən.
Vaxtı gələr bağ içində gəzərsən,
Bahar deyil, hələ qışdı, köynəkcək.

Musa oxuyub qurtarandan sonra qız öz razılığını bildirib onları evə dəvət elədi. Qızın işarə ilə onları evə dəvət elədiyini görən aşıq iki barmağını yuxarı qaldırdı. Bundan sonra qız əlinin birini yuxarı qaldırdı. Bunları görən cavanlar bərk şübhələndilər. Onlar soruşdular ki, aşıq sən o qıznan niyə him-cimnən danışırsan? Aşıq Musa cavab verdi ki, o bizi öz evlərinə dəvət eləyib. Mən iki barmağımı tutdum ki, balabançıynan mən gəlim, yoxsa hamımız? O da beş barmağını göstərdi ki, beşiniz də gəlin. Daha niyə şübhələnirsiniz? Durun hamımız birlikdə gedək. Onlar hamısı qızın dəvət etdiyi otağa getdilər. Qız aşıqların halını xəbər alıb yornux maral kimi kənardan onlara tamaşa eləməyə başladı. Musa gördü ki, qız çox bikeflədi. Düşündü: yəqin ki, qızın oğlana meyli yoxdu. Onsuz da Musa çox yerdə fələyin belə kəc işlərini görmüşdü. Ona görə ürəyi tab gətirməyib görək qıza nə dedi:

Xudam səni nə xoş gündə yaradıb,
Salıbdı cahana ay gülə-gülə.
Gözəllikdə heç kim sənə tay olmaz,
Alıbsan qüdrətdən pay gülə-gülə.

Çətindi ki, müşgül işlər düzələ,
Təbib sənsən, gəl yaramı təzələ.
Mən nə deyim qədir bilməz gözələ,
Elədi ömrümü zay gülə-gülə.

Uca boylu, tuti dilli baxtafar,
Sana qurban malım, mülküm hər nə var.
Aşıq Musa deyər gül üzlü dilbər,
Sən gətir biz içək çay gülə-gülə.

Qız aşığa razılıq eləyib, onlar üçün gözəl pürrəngi çay dəmlədi. Sonra da aşıqnan gələn qonaqlara çay süzüb onları da çaya dəvət elədi. Bu zaman həmin qızın nişanlısı Mərdan Aşıq Musaya: aşıq, sən gələn yollara qurban olum, – deyə öz minnətdarlığını bildirdi. O Aşıq Musanı qucaqlayıb dedi:
– Beş ildi ki, bir-birimizə nişanlıyıq. Bu günə qədər hələ kəlmə alıb kəlmə verməmişik. Ancaq mən bu gün öz nişanlımın dəmlədiyi çayı içib, bişirdiyi xörəyi yedim. Bundan sonra Aşıq Musa düz yeddi gün, yeddi gecə Mərdanın toyunda çalıb-oxudu. Yeddinci gün gördülər ki, Axund Qulamnan Molla Vəli buraya gəlir. Toy sahibləri onları yuxarı başa keçirib, yaxşı bir yerdə əyləşdilər. Ortalığa çay-çörək gəldi. Bu vaxt toybəyi Mərdan xahiş elədi ki, bir yaxşı hava çal, oxu, qoy axund Qulamnan Molla Vəlinin kefləri açılsın. Axund Qulam gördü ki, bu cavan aşıq sazı döşünə basıb çalmağa başladı. Tez qışqırdı:
– Məlun oğlu, məlun bizi günaha batırma. Şeytan sənətinə uyan camaata tugi lənət.
Musa onun sözlərinə fikir verməyib, oxumağını davam elətdirdi. Axund sıçrayıb sazı Musanın əlindən almaq istədi ki, yerə vurub qırsın. Musa cəld tərpənib sazı əlindən buraxmadı. Axundnan molla bir oldu, Musa tək. Onlar xeyli ortalıqda sazı o tərəfə bu tərəfə çəkişdirdilər. Camaat gördü ki, bir az da belə getsə, böyük dava olacaq. Tez aralığa girib axundu başa saldılar ki, axund, bura yas yeri deyil, toydu. Toyda da çalıb oxuyarlar. Axund Qulam daha da qəzəbləndi. Yenə də Musanın üstünə qışqırdı ki, füzul oğlu füzul, aşıqsan nəsən, tez mağardan çıx. Musa gördü yox, axundnan molla əl çəkmir dedi:
– Axund, eşit bir-iki kəlmə söz deyəcəm. kim payını götürsə mağardan çıxacaq.

Aldı Musa:
Məclisləri abad eylər,
Nə günahı telli sazın?
Məlul könüllər şad eylər,
Nə günahı telli sazın?

Töycüsün qatmır qələmə,
Zülüm eləmir aləmə.
Pulunu vermir sələmə,
Nə günahı telli sazın.

Yeki şəcər, yeki dəmir,
Ara vurmur, yalan demir.
Qazı kimi rüşvət yemir,
Nə günahı telli sazın?

Yalan demir, yoldan azmır,
İblis kimi ara pozmur.
Molla kimi cadu yazmır,
Nə günahı telli sazın?

Musa vəsfin söylər saza,
Eşidən gələr avaza.
Axund deyil, əhdin poza,
Nə günahı telli sazın?

Axund Qulam çıxmaq istəyəndə Molla Vəli dedi ki, hara çıxırsan? Bu dünənki uşaqdı, ağzından süd iyi gəlir, qoy bunun qabağına elə bir daş dığırlayım ki, heç yerindən tərpənə bilməsin. Axund sevinib mollaya işarə elədi ki, amandı bunu bir təhər camaatın içində biabır et, yoxsa el içində hörmətdən düşəcəyik. Hər ağzının sözünü danışa bilməyən deyəcək ki, Arazın o tərəfindən gəlmiş bir aşıq Axund Qulamnan Molla Vəlini bihörmət eləyibdi. Axund Qulamın sözlərindən qeyzə gələn Molla Vəli bir bağlamaynan Musanı bağlayacağına əmin olub alır görək nə deyir:

Aldı Molla Vəli:
Aşıqsansa gir meydana, gəl elə dövran görək,
Qammırsansa oxu, öyrən, urufatdan qan görək.
Bulunmadı bu dünyada nə bir dərman, nə çara,
Tapılmadı dərdinə bir nəfər Loğman gərək.

Aldı Aşıq Musa:
Fələk, sənlə əlləşməyə bir belə meydan gərək,
Tut əlimi fürsət ola xak ilə yeksan gərək.
Əyyuba saldın yara, atdılar səhralara,
Tapılmadı dərdlərinə bir sənə dərman gərək.

Aldı Molla Vəli:
O kimiydi həmdəm oldu, daldı qəm dəryasına?
O kimiydi töhvəsini verdilər anasına?
O kimiydi hardan gəldi, de bir kəsin yasına,
Açıla hər mənası, qalmaya pünhan gərək.

Aldı Aşıq Musa:
Nuşirəvan gör nə halda girdi qəm dəryasına,
İsgəndərdi vəsiyyətin göndərən anasına.
Yomənhudan Yaqub gəldi taxtı Nadir yasına,
Özü durdu namazına ol sirri sübhan gərək.

Aldı Molla Vəli:
Kal ilə əlləşənin gərək özü kal ola,
Bacarmasa danışmaya əlif qəddi dal ola.
Buraxmaram yaxına dərdi qəmin bol ola,
Hamı bizə baş endirib gətirsin iman gərək.

Aldı Aşıq Musa:
Qəzəbimdən qorxmursanmı birdən qovğa qal olar,
Məhşər günü qıl körpüdə dilin tamam lal ola.
Dözə bilməz qabağımda yüz Urustam Zal ola,
Dərdi dilim yazmaq üçün bir əsr zaman gərək.

Aldı Molla Vəli:
Molla Vəli, bilirsənmi aşıq səni edər xar,
Onun neçə fırıldağı, min cürə hiyləsi var.
Gəl şeytana qulluq etmə, bu sənətdən ol kənar,
Aşıqlara qismət olmaz, öləndə Qurban gərək.

Aldı Aşıq Musa:
Həm Kərimdi, həm rəhimdi, həm də min bir adı var,
Şahi-Mərdan, Şiri Yəzdan qoy özü versin qərar.
Musa deyər, cəhənnəmdə yeriniz var mollalar,
Sizdən sorğu-sual alan Sahibi Zaman gərək.

Məclisdəki camaat aşığın biliyinə, bacarığına heyran qaldı. Amma Qulamnan Molla Vəli camaatın içində biabır olduqlarınnan yaman pərtiydilər. Ona görə də məclisi tərk edib aradan çıxdılar. Bir yandan axundnan mollanı bağlaması, bir yandan da camaatın “bərəkallah oğul aşıq belə olar”, – deməsi Musanı daha da coşdurdu. O çalıb oxuduqca hamı valeh olurdu. Musa məclisdə dövranı davam etdirməkdə olsun, sizə kimdən xəbər verim Axund Qulamdan. Axund Qulamın bir qardaşı oğlu varıydı. Adına Qoçaq Qılman deyərdilər. Qoçaq Qılmanın adı bütün Osmanlını, Türküstanı, İranı götürmüşdü. Onun adı gələndə bəylərin, xanların kürkünə birə düşərdi. Qardaşı oğlunun qoçaqlığına güvənən Axund Qulam oradan birbaşa Qoçaq Qılmanın yanına gəldi. O əhvalatın birinin üstünə də beşini qoyub Qılmana danışdı. Toyda bir cavan aşığın onları bağlamasını, el içində xar eləməsini Qılmana nağıl elədi. Özü də dönə-dönə tapşırdı ki, oğul gərək sən onu qanına qəltan eləyəsən. Onun meyitini ata-anasına peşkaş göndərməsəm, bu papaq mənə haram olsun. Əmisinin bu sözləri Qoçaq Qılmanı lap dəli elədi. Hələ indiyəcən əmisinin qabağından dillənən olmamışdı. Bir az asıb-kəsəndən sonra dedi:
– Əmi, lap arxayın ol, sabah mən özüm onnan haqq-hesabı çürüdəcəm.
Sabah açıldı, üzünüzə xeyirli sabahlar açılsın. Qoçaq Qılman Xudaverdilərə adam göndərdi ki, halı olun görək həmin aşıq ordadımı? Xəbər gəldi ki, onlar xoruz banından qabaq Qaraxan mahalına yola düşüblər. Qoçaq Qılman əhvalatı dürüst biləndən sonra on nəfər də başına yığıb Aşıq Musanın dalınca yollandı. Qılman öz dəstəsiynən kəsə yolla gəlib Musagilin gəldiyi yolun bəndərgahını kəsdi. Aşıq Musa bir azdan yoldaşlarınnan gəlib çatdı bəndərgaha. Bəndərgahdan keçmək istəyirdilər ki, Qoçaq Qılmanın dəstəsi onların qabağını kəsdi. Hələ onlar gəlməmişdən Qoçaq Qılman yoldaşlarına demişdi ki, əgər o aşıq qorxaq adam olsa, onun canını buradaca alacam. Yox, əgər mərd adam olsa, bilirsiniz mənim mərd adamdan xoşum gəlir, ona heç nə eliyəsi deyiləm. Elə ki, Qılman Aşıq Musanın qabağını kəsdi. Baxıb gördü ki, Aşıq Musa boylu-buxunlu bir oğlandı. Zalım oğlu elə bil xudavəndi aləmin qüdrət qələmindən çıxıb Atın üstündə qoç Koroğlu kimi oturub cəsarətnən Qılmana baxır. Bu zaman Qılman Aşıq Musaya hədə-qorxu gəlməyə başladı ki, qılıncı sal, özün də atdan yerə düş.
– Qardaş, igid adam el aşığına toxunmaz, – deyə Musa cavab verdi.
Musanın belə mülayim cavab verdiyini görən Qılman bir az da ucadan qışqırdı.
– Aşıq, atdan düş, özün də qılıncı sal. Əgər dediyimizi eləməsən, onda sana aşıqlığını göstərərik.
Musa gördü ki, bunlar qışqırdıqca balabançı, Novruz da, onları toya aparan adam da atdan düşüb atları qaçaqlara vermək istəyirlər. Onsuz da Musanın səbri tükənmişdi. Novruzgili də belə görəndə qanı bərk qaraldı. Odur ki, atın başını hərləyib Qoçaq Qılmanın qabağında dayandı. Dedi:
– Qardaş, görürəm ki, on nəfərsiniz. Onu bilin ki, yüz nəfər də olsanız mən nə at verən deyiləm, nə də qılınc. Kişisən, gir meydana. Yanımdakı iki nəfər də indidən siz tərəfə keçir. On iki siz olun, bir də mən. Allahı çağırıb çəkirəm qılıncı. Ya Allah sizə verər, ya da mana.
Qılman baxıb gördü ki, bu doğrudan da qanınnan qorxan adama oxşamır. Odur ki, Musanın mərdliyini belə yoxlamaq üçün keçdi hərbə-zorbaya:

Qılman:
Çox da havalanıb aşığam demə,
İgidsənsə gör meydanda döş indi.
Yaxşı yerdə gəlib düşdün cəngimə,
İtər ağlın, huşun olar çaş indi.

Aşıq Musa:
Yalqız görüb nə durubsan yoluma,
Görünərəm gözlərinə beş indi.
Qeyzə gəlib qılınc alsam əlimə
Cəmdək düşər, dığırlanar baş indi.

Qılman:
Qılınc çəkər dörd elərəm gözünü,
Anan, bacın bir də görməz üzünü.
Canın allam, sındıraram sazını,
Ələnməsə gözlərindən yaş indi.

Aşıq Musa:
İsgəndər tək suvar ollam yəhərə,
Baxarsan igiddə olan hünərə.
Koroğlu tək coşub çəksəm bir nərə,
Lərzə gəlir bu dağ, dərə, daş indi.

Qılman:
Tutaram yolları, bağlaram bəndi,
Ataram boynuna indi kəməndi.
Gətir ver əlinlə özün səməndi,
İstəmirsən, di yəhərdən aş indi.

Aşıq Musa:
Aldanma dünyanın şövkət-şanına,
Şir gərək bulansın şirin qanına.
Ər igid lazımdır nər meydanına,
İstəyirsən vuraq başa-baş indi.

Qoçaq Qılman baxdı ki, yox, bu aşığın heç tükü də tərpənmir. Hədə-qorxuya hədə-qorxuynan cavab verir. Öz özünə dedi:
– Gəl özünü isnad ver, bəlkə ad-sanından çəkinə. Yox, əgər, bu sınaqdan da çıxsa, daha bunnan heç bir işim yoxdu.

Qılman:
Tanımırsan sən adımı, sanımı,
Mərd meydanda əsirgəməm canımı.
Aləmlər alışar tutsam yönümü,
Başın gedər, qalar cəsəd, leş indi.

Aşıq Musa:
Nərə çəkib üz çevirsəm meydana,
Baxmaram sultana, baxmaram xana.
Dağ, dərə, çöl-çəmən boyanar qana,
Qoymam qala daş üstündə daş indi.

Qılman:
Adım Qoçaq Qılman qoy deyim tanı,
Gəzmişəm ərəbi, farsı, osmanı.
Mərd igid yolunda qoyaram canı,
Əl tutaq gəl olaq biz qardaş indi.

Aşıq Musa:
Adım Aşıq Musa, Göyçə mahalım,
Dar ayaqda dəyişərmi heç halım.
Bac almışam, bac verməyə, ay zalım,
Danışırsan, gəl danışaq xoş indi.

Qılman irəli yeriyib Musa ilə əl tutdu. Onlar əhd-peyman bağlayıb elə buradaca qardaş oldular. O, Aşıq Musanı yoldaşlarınnan evə gətirib böyük bir ziyafət düzəltdi. Dost-tanış hamısı yeyib-içib sabahın gözü açılanacan əyləndilər. Bildiyimiz kimi Musanı Qaraxan mahalında gözləyirdilər. Bunu yada salan Musa Qoçaq Qılmandan yola düşməyə icazə istədi. Yola düşəndə Qılman ondan xahiş elədi ki, qayıdanda bizə dəyməmiş getməyin, bir də Novruzun xətrinə dəymə. Nə isə bunlar buradan birbaş toy evinə gəldilər. Toy beş gün idi ki, davam eləyirdi. Aşıq Musa da öz məlahətli səsiynən camaatı heyran qoymuşdu. Bu beş gündə onun adı bütün mahala yayılmış, sorağı gedib Mələknisə xanıma çatmışdı.
İndi gəlin görək kimiydi bu Mələknisə xanım.
Mələknisə xanım bu torpağın addı-sannı, öz izzət-hörmətinən tanınmış aşıqlarından biriydi. Harada aşıq görsə, deyişib onu bağlayardı. Hər yerdə car çəkdirmişdi ki, onuncu aşığı bağlayandan sonra başını kəsdirib arasından keçəcək. Elə ki, Mələknisə xanım eşitdi təzə bir aşıq gəlib, Qaraxan mahalında toy yola salır, çox məmnun qaldı. Tez faytonçuya əmr elədi ki, faytonu Qaraxan mahalına sürsün. Axır ki onlar gəlib toy olan məclisə yetişdilər. Mələknisə xanım gördü ki, bu bir cavan oğlandı. Amma boy-buxunundan, yerişinnən, duruşunnan elə bil Koroğlunun Xan Eyvazıdı. Bunu görəndə elə bil ürəyinə neştər soxdular. Amma özünü toxtatdı, “Aşıq nə cürətnən bu torpaqda aşıqlıq eləyirsən?” – dedi: Məgər öz canından qorxmursanmı gəlib buralara çıxıbsan? De görüm kimsən, nəçisən? Nə cürətnən mənim meydanımda at oynadırsan? Musa cavab verdi ki, Arazın o tayınnanam. Mələknisə xanım qəzəblənib dedi:
– Ya bu saat məclisdən çıxmalı, ya da mənnən deyişməlisən. Əgər sən məni bağlasan, mən səninəm. Yox, əgər mən səni bağlasam, onda özündən küs. Səni özümə qurban kəsib, doqquz aşığın da alnına damğa vurub qul eliyəcəm.
Bu sözləri deyib sazı şux sinəsinin üstünə aldı. Görək Aşıq Musaya nə dedi və Aşıq Musa Mələknisə xanıma nə cavab verdi:

Mələknisə xanım:
Əcəm oğlu çatıb ömrünün sonu,
Saldın öz cismini nara yetişdin.
Aşıq axtarırdım alam canını,
Öz əlinlə özün dara yetişdin.

Aşıq Musa:
Türk balası sənə deyim halımı,
Gəzirdim dərdimə çara, yetişdim.
Tele salıb bu diyardan yolumu,
Mələk misal bir nigara yetişdim.

Mələknisə xanım:
Doqquz aşıq saldırmışam zindana,
Gələn yoxdu, car çəkdirdim hər yana.
Əcəl çəkib səni mərdi-meydana,
Qurban gəlib sən onlara yetişdin.

Aşıq Musa:
Qəlbimə toxunma yaman kövrəkdir,
Qamətin huridi, cismin mələkdi.
Qaşalrın kamandı, gözün qəşəngdi,
Camalındı mahi para yetişdim.

Mələknisə xanım:
Mələknisə xanım coşmayıb hələ, 
Coşanda canına düşər vəlvələ.
Soldurram sifətin bənzəyir külə,
Vaxt tamamdı, gəlib tora yetişdin.

Aşıq Musa:
Mən musayam, isnad verim sanımı,
Qovğa salma, gəl qaraltma qanımı.
“Hə” de qurtar, qurban verim canımı,
Hamı desin düz ilqara yetişdim.

Musanın belə deməsi Mələknisə xanımın xoşuna gəlsə də, özünü o yerə qoymadı. Üz-gözünü turşudub: – Aşıq başınnan yekə qələt eləmə... Əvvəlcə bir gör başını qoruya bilirsənmi? Sonra nə qədər istəsən oxuyarsan,– dedi.
Mələknisə xanımın qəzəblənməsini, asıb-kəsməsini Musada eşidəsi halmı qalmışdı? Onun gözləri Mələknisə xanımın xətti-xalınnan, fikri ala buluddaydı. Aşığın ixtiyarı əldən verdiyini hiss eləyən Mələknisə xanım aldı görək nə dedi:

Ölümünmü yetib, aşıq,
Göz tikib hara baxırsan?
İndi alaram canını
Çəkdirrəm dara, baxırsan.

Aşıq Musa:
Qurbanınam Nisə xanım,
Qaşındı qara, baxıram.
Ala gözlər alır canım,
Qoynunda nara baxıram.

Mələknisə xanım:
Yaman çaşıbsan yolunnan,
Niyə qorxmursan ölümnən?
Tənab saldırram dilinnən,
Vuraram yara, baxırsan.

Aşıq Musa:
Bülbül gəzər budaq-budaq,
Gəl, sinəmə çəkmə sən dağ.
Lalə yanaq, o gül buxaq,
Bənzəyir qara, baxıram.

Elə bil bu sözlər Mələknisə xanımı dəli-divanə elədi. Hələ indiyə kimi heç kəs ona belə sözlər deməyə cürət eləməmişdi. Dedi: Yaxşı, indi gör sənin başına nə gətirərəm!

Mələknisə xanım:
Mələknisə ay aslandı,
El-obası Qaraxandı.
Ay yazıq, əslin hardandı?
Yanarsan nara baxırsan.

Aşıq Musa:
Aşıq Musayam Göyçəli,
Eşqindən olmuşam dəli.
Sənsən bəxtimin əzəli,
Yetmişəm yara baxıram.

Elə bu yerdə aşıqları çörəyə dəvət elədilər. Aşıqlar da, qonaqlar da çörək yeməkdə olsun, sizə kimdən deyim Qoçaq Qılmandan. Qılman eşitdi ki, Mələknisə xanım Qaraxan mahalında cavan bir aşıqnan deyişir. Dedi:
– Uşaqlar, ürəyimə damıb, o deyişən aşıq Musa olacaq. Qərib adamdı. Birdən Mələknisə xanım onu bağlayar, öldürtdürüb eliyər. Gedək bir tərəfdə oturaq. Qoy, heç Musa da bizi tanımasın. Əgər başına bir iş gəlsə, onda köməklik eləyərik.
Beləliknən, onlar on-on beş nəfər olardılar, gəlib toy paltarında bir tərəfdə oturdular. Amma Musanın bunlardan xəbəri olmadı. Elə ki, çörəyi yeyib qurtardılar Mələknisə xanım dedi:
– Aşıq, cavansan, qərib oğlansan. Yaxşısı budu qalx, bu camaatın içində mənnən üzr istə, mən də səni bu camaata bağışlayım. Amma səni bir də bu türk torpağında aşıq libasında görməyim.
Aşıq Musa dedi:
– Xanım, niyə qəzəblənirsən, mən buraya savaşmağa gəlməmişəm. Məni bura Allahın yazısı, qədəri gətirib. Qulaq as, nəyə gəldiyimi sənə saznan deyim:

Aşıq Musa:
Pərvanə tək düşüb eşqin oduna,
Bir şam kimi yana-yana gəlmişəm.
İzin versən, dolanaram başına,
Doğru əhdə, düz peymana gəlmişəm.

Mələknisə xanımın ciyəri od-tutub alışdı. Dedi:
– Əyə, qırışmal, Osmanlıda mənim meydanıma çıxan bir igid tapılmadı. Indi sən kimsən, haranın acı-gicisən ki, mana əhddən-peymandan danışırsan?! Sənin arzunu ürəyində, murazını gözündə qoymaq mənə borc olsun. Aldı görək Mələknisə xanım nə dedi:

Bir de usanıbsan yoxsa canından?
Bilirsənmi nə məkana gəlmisən?
Ağlı olan qorxar haqq divanından,
Ya dəlisən ya divana gəlmisən.

Aşıq Musa:
Rüstəm Zal da ötə bilməz yanımnan,
Çox igidlər gəlib keçib sanımnan.
Öldürsələr qorxum yoxdu qanımnan,
Tərlan şikarıdı, ona gəlmişəm.

Mələknisə xanım:
Çəkdirrəm çar mıxa, çəkdirrəm dara,
Vurdurram boynunu açıq-aşkara.
Saldırram zindana, bağlarsan yara,
Boyadaram səni qana gəlmisən.

Aşıq Musa:
Quraram ərəsət-mənşər divanı,
Onda tanıyarsan Aşıq Musanı.
Lap olsan da Osmanlının sultanı,
Aparmağa bir nişana gəlmişəm.

Mələknisə xanım:
Adım Mələknisə qoy deyim, tanı,
Mənəm bu torpağın ağası, xanı.
Əcəlin yetişib verərsən canı,
Nə cürətnən bu meydana gəlmisən.

Mələknisə xanım gördü ki, yox bu aşıq köklü bir qaya kimi yerinnən qopmur. Əlacı kəsilən Mələknisə xanım öz-özünə dedi: Yaxşısı budu, gəl buna bir qıfılbənd de qoy aça bilməsin. Bəlkə bunun dilini qıfılbənd kəsə.
O, sazı hərləyib yenə Musanın qabağında dayandı. Dedi:
– Aşıq, sənə demədimmi qürbət eldən gəlmisən. Üzr istəməsən də, səni azad eləyirəm. Görürəm camaatın sənə yazığı gəlir. Sazını da götür, sakitcə buradan uzaqlaş.
Musa dedi:
– Xanım, əvvəla, camaata da qurban olum, sana da. Ondan keçən yerdə mən kişiyəm. Bilirsənmi, kişilər ölümə də mərdi-mərdana gedir!
Mələknisə xanım dedi:
– Aşıq, qərib qanı tökmək istəmirdim. İndi ki, əl çəkmək istəmirsən, neyliyək, sana bir qarış torpağı birtəhər taparıq:

Ver görüm cavabım, ay əcəm oğlu,
Neçə ismə, neçə guşə bağlıdı?
Neçəsi zeynəndi neçəsi teynən
Yalqızdımı, yoxsa qoşa bağlıdı?

Aşıq Musa:
Eşit bu ərzimi ay Nisə xanım,
Mürğı-ruhum hilal qaşa bağlıdı.
İyirmi səkkiz hərif, otuz cüz aya, 
Zey zəbərnən otuz beşə bağlıdı.

Mələknisə xanım:
Anla, sözlərimin var qeyri qəsdi,
Yetirmi haraya, yetirmi dəsti?
O hansı kimsədi o hansı kəsdi
Ömürrük var, bax üç peşə bağlıdı?

Aşıq Musa:
İstəyirsən deyim o min bir addan,
Dəstimdən tutanı çıxardım oddan.
Oruc tut, namaz qıl, çıxarma yaddan,
Səxarət hamsından başa bağlıdı.

Mələknisə xanım:
Mələknisə deyər şiri-nər kimi,
Xırıd et sözlərim dür-gövgər kimi.
Kim çəkib binanı, kim qoyub himi
De kimlərdi göstərişə bağlıdı?

Aşıq Musa:
Aşıq Musa eylər dilində əzbər,
Haqq evinin himin qoyub ərənlər.
Məhəmməd hümməti mənəm deyənlər
Salam dini var, həmişə bağlıdı.

Mələknisə xanım gördü haradan deyir, aşıq Musa oradan kəsir. Bir neçə cavana gizlicə işarə elədi ki, birtəhər meydanı qatıb bunu aradan çıxarın. Qoçaq Qılman dəstəsi ilə birlikdə bir tərəfdə oturmuşdu. Elə ki, mətləbdən hali oldu, tez yerindən sıçrayıb ayağa qalxdı, əlini atb qılıncını yapıncısının altından çıxartdı. Yanındakı bütün yoldaşları da əllərində siyirmə qılınc camaatı dövrəyə aldı. Qoçaq Qılman sözümüz sözdü, – dedi. Bir nəfər yerindən tərpənməsin.
Sonra o, Mələknisə xanıma üzünü çevirib dedi:
– Xanım, bir xeyli vaxtdı burdayıq. Sən zənən xeylağı olduğuna görə Musa səni irəli buraxıb. Sən də necə istəyirsən onnan rəftar eləyirsən. İndi bu camaatın gözünün qabağında Musa deyəcək, sən də cavab verəcəksən. Kim kimi bağladığı onda məlum olar.
Qılman bu sözləri deyib üzünü Musaya tutdu.
– Aşıq qardaş, indi də sən de, görək nə deyirsən. Biz də görək Aşıq Musa necə deyir, Mələknisə xanım ona nə cür cavab verir:

Aşıq Musa:
Səndən xəbər alım ay, Nisə xanım,
Ərş-asiman nəyin üstə dayandı?
De harda quruldu haqqın divanı,
Məkkənin kərpici nəynən boyandı?

Allahın evinə kim getdi qabax,
Nədən qərar tapdı bu axşam, sabah.
Dünya nə dondaydı Adəmdən qabaq,
O kimdi yatmışdı birdən oyandı?

Kimi biçdi o Şahimərdana donu
Nədən başa gəldi, de görüm onu.
De görüm nə vaxtdı dünyanın sonu,
Musa deyər bu kimlərə bəyandı?

Aşığın bu bağlamasına bir kəlmə də cavab verə bilməyən Mələknisə xanım sazı gətirib camaatın yanında Musanın qabağına qoydu. Aşıq, söz demişəm, əməl də eliyirəm,– dedi. Əhd etmişdim kim məni bağlasa, mən onunam. İndi bu səadət sana qismət oldu. İzn ver atam-anamnan halal-hümmət eləyim gəlim.
Musa da, Qılman da bu fikirnən razılaşdılar. Onlar Mələknisə xanımnan bərabər onlara getdilər. Mələknisə xanım hal-qəziyəni ata-anasına söylədi. Onlar da hər ikisinə xeyir-dua verib yola saldılar. Musa istədi ki, elə buradan Vətənə yola düşsün. Amma Qılman buna razı olmadı. Dedi ki, öz evimdə toy eləməmiş, sizi buraxan deyiləm. Onlar çar-naçar razılaşıb Qılmangilə getdilər. Qılman toy tədarükündə olsun, görək Musa nə elədi. Musanın balabançısı Novruz öydən ötrü yaman darıxmışdı. Xeyli müddət qürbətdə qalması Novruzu lap dəli eləmişdi. Elə durub-oturub Göyçə deyirdi. İşin belə qurtarması, Musanın Vətənə yola düşmək istəməsi Novruzu sevindirdi. Musa görəndə ki, Qılman onnarı hələ buraxmaq fikrində deyil. Novruza dedi:
– Gəl, sən qabaxnan get, ata-anama əhvalatı xəbər ver, qoy toya tədarük görsünnər. Biz də Allah qoysa bir həftəyə orada olacayıq.
Novruz can-başnan buna razı oldu. Novruzu Vətənə yola salan Musanın ürəyi cuşa gəldi, aldı görək öz balabançısına nə dedi:

Dərd tüğyan eləyib çəkə bilmirəm,
Dolanır zamana çaş, balabançı.
Bir tərlan ovunnan keçə bilmirəm,
Töksə də gözümdən yaş, balabançı.

Gözünü yollardan üzə bilmirsən,
Yad eldə, qürbətdə gəzə bilmirsən.
Göyçə həsrətinə dözə bilmirsən.
Mən olmuşam bağrı daş, balabançı.

Musa yanır bir dildarın ucundan,
Canlar alan işvəkarın ucundan,
Eldən ayrı düşdüm yarın ucundan
Sən bizim ellərə qac, balabançı!

Novruz halal-hümmət eləyib yola rəvan oldu. Qılman öz öyündə Musaynan Mələknisə xanıma yaxşı bir toy eləyib bir neçə gün qonaq saxlayannan sonra onnarı təm-taraxnan yola saldı.
İndi görək Novruz neylədi? Onu Göyçəyə yola salanda Qılman balabançıya gözəl bir madyan bağışladı. Novruz atı minib gecəni gündüzə qatıb Göyçəyə tərəf yola başladı. Axır ki, gəlib Vətənə yetişdi. Musanın ata-anası Novruzun tək gəldiyini görüb çox təşvişə düşdü. Onların dözmədiyini görən Novruz güc-bəla, and-aman inandırdı ki, Musa bir neçə günə Vətənə qayıdacaq. O, başlarına gələnləri yerli-yataqlı Səfər kişiyə danışdı. Sonra Musanın ismarıcını da onlara çatdırdı ki, toy üçün tədarük görsünlər. Onu da deyək ki, Musa Novruznan atasına xeyli pul göndərmişdi. Novruz bu pulları da Səfər kişiyə verdi. Novruzun gətirdiyi xəbərdən Səfər kişi çox sevindi, toy üçün tədarük görməyə başladı. Onlar tədarük görməkdə olsunlar, eşidin Musadan. Musaynan Qılman razılaşıb qoyduqları vaxt tamam oldu. Qılman onları yola saldı. O, Mələknisə xanıma da gözəl bir at bağışladı.
Musaynan Məkləknisə xanım bir müddət yol gəlib Qılmanın nişan verdiyi yerə çatdılar. Bunlar buradan arazı o üzə keçməliydilər. Musa istədi ki, çayı əvvəlcə özü keçsin. Keçmək mümkün olsa qayıdıb Nisə xanımı da keçirsin. Onu da sizə deyim ki, həmin vaxt yazın oğlan çağıydı. Hava tez-tez qaralırdı, göydə ildırım çaxırdı. Hiss olunurdu ki, yuxarı tərəflərə möhkəm leysan yağır. Buna görə də çalışırdılar ki, yağış yağmamış Arazı keçib özlərini bir şenniyə çatdırsınlar. Musa atı suya salıb asta-asta irəliləyirdi. Nisə xanım da onun yolunu gözləyirdi. Birdən baxıb gördü ki, Arazın şırıltısı çoxaldı. Su özüynən kol-kos, köklü ağaclar gətirirdi. Çayın belə daşdığını görən Nisə xanım Musaya çatmaq üçün atı suya verdi. Bir qədər getməmiş sel güclənib Nisə xanımı atınnan birlikdə apardı. Musanın bunnan heç xəbəri də olmadı. Çayı ö üzə keçib geri dönəndə gördü ki, o tayda nə Mələknisə xanım var, nə də at. Baxdı çay daşıb dünyanı başına götürüb. Araz elə bil qan-qan deyir. Mələknisə xanımı sel apardığını yəqin eliyən Musa elə oradaca özünnən getdi. O, bir müddət beləcə huşunu itirmiş vəziyyətdə qaldı. Özünə gələnnən sonra bir müddət Araz aşağı gəzməyə başladı. On beş ağaşdıq yol gəldi. Necə oldusa gözü çaydan bir az aralı ata sataşdı. Bu Mələknisə xanımın atıydı. Elə bil Musanın başına bir qazan qaynar su tökdülər. Üzünü çaya tutub aldı görək nə dedi:

Əsib, coşub nə dönmüsən ümmana!
Axma Araz, axma, yarım aparma!
Döndərmə qəlbimi, döndərmə qana
Əldən alıb ixtiyarım aparma!
Axma Araz, axma, yarım aparma!

Qoy sənə çor dəysin, ay qara köhlən,
Üfürüb şamımı söndürmüsən sən.
Ağlamazmı məni bu gündə görən,
Əldən alıb qeyrət-arım aparma!
Axma Araz, axma, yarım aparma!

Mən necə qarğayım qalasan viran,
İtirmişəm yarı, tapmıram, dayan.
Mənim əllərimi qoynumda qoyan,
Əldən alıb ixtiyarım aparma!
Axma Araz, axma, yarım aparma!

Tellərində şana, əllərdə həna,
Toyumu yas edib döndərmə qana.
And verirəm ərşə, gürşə, asmana
Əldən alıb şux nigarım aparma!
Axma Araz, axma, yarım aparma!

Qoyma qala Aşıq Musa darda hey
İşi tənəzzüldə ahu-zarda hey.
Hanı canan, de can verdi harda, hey
Yoxdu qeyri vəfadarım, aparma!
Axma araz, axma, yarım aparma!

Araz boyunca Musa Nisə xanımı gözdəməkdə olsun, eşidin Səfər kişidən. Toy üçün hər şey hazırlandı. Ağkilsə kəndində Musanı istəyən qoca-cavan hamı gözünü yola tikmişdi. Bu münvalnan 15-20 gün keçdi, amma Musagil gəlib çıxmadı. Hərə bir yerə yozurdu. Biri deyirdi qıza görə öldürdülər, biri deyirdi pulu çox olub, ona görə öldürüblər. Kimi də deyirdi ki, Qılman quldurun biridi, yəqin o öldürüb. Səfər kişi də yuxusunda görmüşdü ki, Musa bir qan gölünə düşüb üzür, amma çıxa bilmir. Sübh tezdən yenə Novruzu çağırtdırıb görək Musanın gəlmədiyini ondan necə xəbər aldı:

A Novruz, deyirdin oğlun gələcək,
Ay həzarat, necə deyim gəlmədi.
Qohumsuz, qardaşsız qürbət eldədi,
Kimim kimsəm, əmim, dayım gəlmədi.

Böyütmüşəm nə zillətnən, zulumnan,
Bəylər, xanlar gön çıxardıb belimnən.
Gecə gördüm Araz aldı əlimnən,
Bir fərzəndim, şirin payım gəlmədi.

Vaxt ötdü, Musa yenə gəlib çıxmadı. Səfər kişinin ahu-zarı dağları-daşları göyüm-göyüm göynədirdi. Toy paltarı geyib bəzənmiş oğlannar, qızdar, gəlinlər libaslarını soyundurdular. Qara geyib yas saxlamağa başladılar.
Bunlar gözləməkdə olsunlar, eşidin Musadan. Musa Araz aşağı gəzdiyi vaxt Mələknisə xanımın atını otlayan görmüşdü. İndi öz atı ilə həmin atı da gəzdirirdi. O, dan ağarannan ulduzlar doğana qədər Araz boyunca Mələknisə xanımı gəzirdi. Yenə bir axşam Musa Mələknisə xanımı gəzəndə bir çobana rast gəldi. Çoban gördü kü qoltuğunda saz gəzdirməyinnən, oturub-duruşunnan aşığa oxşayır. Amma üzünnən-gözünnən, üst-başınnan bir zəlillik yağır. Dərddi adama oşayır. Dedi:
– Qardaş, aşığa oxşuyursan, amma bir az bu görün-görkəmin adamı çaş-baş salır. Gərək aşığın kefi kök, damağı çağ olsun. Amma sən çox fikirli görünürsən.
Aşıq istədi ki, çobandan aralanıb getsin, ancaq çoban əl çəkmədi, yalvarıb-yaxardı onun dərdini bilmək istədi.
Aşıq Musa naəlac qalıb öz dərdini çobana danışmağa məcbur oldu:

Başına döndüyüm ,ay çoban qardaş,
Yaman bəd yazılıb bu yazım mənim.
Çöldə ahulara olmuşam yoldaş,
İtibdi əlimnən şahbazım mənim.

Üzülüb qatardan qalmışam dala,
Gecə ah çəkirəm, gündüzlər nala.
Sidq ilə sığınnam Misgin Abdala,
Qəbul olsun nəzir-niyazım mənim.

Bax Musanın fəryadına, ahına,
Gör nələr yazılıb kəm talahına.
Üz tutub yalvarram xublar şahına,
Qoymasın gözümdə murazım mənim.

Musanın dərdinnən halı olan çoban ona çox yazığı gəldi. Nə qədər elədisə, çoban onu qoymadı getməyə. Dedi:
– Daha gecdi, gecə düşür, bu gecə mənim yanımda qal. Sabah gedərsən. Xülasə, Musa o gecə də çobanın yanında qaldı. Amma nə çörək yedi, nə də su içdi. Səhər açılan kimi çobannan xudahafizləşib yoluna davam elədi. Musa and içmişdi ki, Nisə xanımın meyitini tapmasam, mən də özümü atacam Araza. Bu fikirnən dolanan Musa dincəlmək üçün bir qıraqda oturub Araza baxırdı. Bir də gördü durna səsi gəlir. Başını qaldıranda gördü ki, durnalar Göyçə tərəfə uçurlar. Elə bil Musanın dərdi təzələndi, ürəyi qövr elədi. O, üzünü durnalara tutub görək nə dedi:

Durnam, gedər olsan Göyçəyə sarı,
Dərdimi sən bizim ellərə danış.
Sel alıb əlimdən apardı yarı,
Sərgəndər düşmüşəm çöllərə, danış.

Gəlibdi başıma bir görün nələr,
Hicranın oxları qəlbini dələr.
Atamı, anamı görsəniz əgər,
Daha göz tikməsin yollara, danış.

Bəli durnalar gözdən itdikdən sonra Aşıq Musa yoluna davam elədi. Bir neçə gün də dəli-divanə kimi gəzib dolandı. Artıq cana doymuşdu, əlini hər şeydən üzmüşdü. Öz-özünə deyirdi ki, əgər bu gün də tapa bilməsəm özümü həlak eləyəcəm. Fikirli-fikirli yenə Araz aşağı getməyə başladı. Dərd-qəmnən, acından-suzundan taqətdən düşmüş üzü üstə yıxıldı. Bir qədərdən sonra yuxuda gördü kü, Mələknisə gəlib onu oyadır. Sevincək sıçrayıb yerindən durdu. Baxıb gördü ki, Nisə xanım nə gəzir, bura kimsəsiz bir yerdi. O, yenə çay aşağı getməyə başladı. Bir xeyli yol gedəndən sonra baxıb gördü ki, bir qədər aralı Arazın qırağında saysız-hesabsız camaat yığılıb. Bunu görəndə Musanın ürəyi kövrəldi. O, üzünü camaata sarı tutub öz dərdi-dilini onlara belə bəyan elədi:

Qərq olubdu canan qanlı dəryaya,
Leysan yağdı, sel yarımı apardı.
Çatan yoxdu nə imdad, fəryada,
Haray oba, el yarımı apardı.
Araz daşdı, sel yarımı apardı.

Gör nə günə qoydu yazıq Musanı,
Üzülüb cəsədi, qalmayıb canı.
Gedibdi əlimnən qızların xanı,
Araz daşdı, sel yarımı apardı.

Musa bu sözləri deyib taqətsiz halda yerə yıxldı.
İndi görək Mələknisə xanımın başına nə gəldi. Elə ki, sel Mələknisə xanımı apardı o gördü kü, sel özünnən kol-kos, köklü ağaşlar gətirir. Qollu-budaqlı bir ağac ona yaxınlaşanda tez əlini atıb ağacın iri bir budağından yapışdı. Sel onnarı gah o tərəfə, gah da bu tərəfə çırpırdı. Amma qız ağacdan bərk yapışmışdı. Mələknisə xanım ağacdan möhkəm yapışıb axmağa başladı. Axır ki, sıx bir meşəlikdə həmin bu ağac ilişib qaldı. Mələknisə xanım da ağacın üstündəydi. O, tam taqətdən düşmüşdü. Gah huşunu itirir, gah da özünə gəlirdi. Bir səhər gün hər tərəfə yayılmışdı. Mələknisə xanım o tərəf, bu tərəfə baxırdı ki, bəlkə bir adam görəm, gələ mənə kömək eləyə. Baxıb gördü ki, bir qarı çayın o tərəfində dərman otu yığır. Nisə xanım qışqırdı ki, amanın bir günüdü, qarı nənə, mana kömək elə. Qarı onu görmürdü. Odu ki, bu səsin cin səsi olduğunu güman eləyib qaçamağa başdadı. Bunu görən Mələknisə xanım ağacın üstündə görək qarıya nə deyir:

Şanı-şöhrətinə qurban olduğum,
Bax ah-naləmə, fəryada yetiş.
Qolsuz qeyrətinə qurban olduğum
Cənabı Zeynabı sal yada, yetiş...

...Mələknisə olsun sənə sadağa,
Göy atı, göy donu qoyma uzağa.
Nuhun gəmisini qaldıran dağa,
Yunusu qoymayan dəryada yetiş.

Mələknisə xanım bu sözləri deyəndə qarı inandı ki, bu adamdı. Amma nə qədər özünə ürək-dirək verdisə, səs gələn tərəfə gələməyə cürəti çatmadı. Yenə buradan uzaqlaşamağa başladı. Bunu görən Mələknisə xanım indi alır görək qarını necə çağırır:

Aman nənə əlin yetir əlimə,
Görürsənmi, mən ümmana axıram.
Çarxı-fələk məni saldı zülümə,
Heç bilmirəm hansı yana axıram?

Quşlar yata bilmir ahu-zarımdan,
Yarı mənnən etdi, məni yarımnan.
Can çıxır cəsəddən, ixtiyarımnan,
Mən qovrulub yana-yana axıram.

Kim axtarar Mələknisəni hanı?
Kəsilib hər yandan əlac-gümanı.
İtirdim, tapmıram Aşıq Musanı,
Yetişibdi ömrüm sona, axıram.

Nisə xanım bunu deyib yenə də huşsuz halda ağacın üstünə yıxıldı. O yıxılmaqda olsun, eşidin qarıdan. Qarı özünü kəndə gətirib elə bir haray saldı ki, hamı onun başına toplandı. Qarı yaman qorxmuşdu. Neçə il idi ki, buralardan dərman otu çiçəyi yığırdı. Amma belə şeyə rast gəlməmişdi. O, gah cin deyirdi, gah şeytan deyirdi, gah da insanıydı, – deyirdi. Axırda camaat qarıyı qabaqlarına salıb bu sıx meşəliyə, səs gələn tərəfə gəldilər. Bir neçə adam yuxarı çıxıb baxdı ki, görən bu nə səsidi? Gördülər çayın üstündə böyük bir ağac var. Ağac da bir sıxlıqda ilişib qalıb. Onun da üstündə bir qadın xaylağı görünür. Adam göndərdilər kənddən kəndir gətirdilər. Bir sözlə, ağaşnan birlikdə Nisə xanımı çəkib qırağa çıxartdılar. Kimi dedi, bu gün ölüb, kimi dedi çoxdan ölüb, kimi də dedi bir saatdı ölüb. Nə isə hərə bir söz deyirdi.
Bir müddətdən sonra Aşıq Musa ayılıb yenə camaatı orada gördü. O da durub birtəhər bunların yanına gəldi. Soruşdu ki, bu zənən ölüb. Onu çıxarıb aparırıq dəfn eləməyə. Musa elə bil səksənən kimi oldu. O irəli yeriyib gördü bu zənən xaylağı onun axtardığı Mələknisə xanımdı. Bir qarı da Mələknisə xanımın ağzına güzgü tutur. O deyir:
– Ay camaat, məni qınamayın, vallah bunun nəfəsi var. Deyəsən hələ ölməyib.
Bütün bu hadisənin şahidi olan Aşıq Musa özünü Mələknisə xanıma yetirib sazı döşünə basdı, görək nə dedi:

Zalım fələk yenə girdi qəsdimə,
Ağrın alım, Nisə xanım, oyansan.
Alışıram, baxan yoxdu tüstümə,
Qürbət eldə çıxdı canım, oyansan.

Yazığam sındırma, qırma qəlbimi, 
Dolandım çölləri bir cünun kimi,
Sənsiz başa vurmam nakam ömrümü,
Şirin dilli, xoş zəbanım oyansan.

Salmısan Musanı fikrə xəyala
Bükülüb qaməti əyilib dala.
Həsrətdi əqrəbam, göz dikib yola,
Sana qurban din-imanım, oyansan.

Aşıq Musa gördü Mələknisə xanım oyanmaq bilmir. Elə bil kökündən üzülmüş bahar bənövşəsi kimi asta-asta solur. Göz qapaqları örtülmüş, rəngi sapsarı saralmışdı. Camaat da onun oyanmasına inanmırdı. Hamı peşman-peşman ona baxır, köks ötürür, ah çəkirdi. Musanın ürəyi bu ağrıya, sitəmə dözmədi. Köksündən dağları-daşları lərzəyə gətirən bir fəryad qopdu:

Döndü nobaharım oldu zimistan,
Yağdı dağ başına qar oyanmadı.
Yıxdı könlüm evin eylədi viran,
Tərlan bəxtim oldu sar, oyanmadı.

Qurban desən yazıq Musa qurbandı,
Firqətdən cəsədim alışdı, yandı.
Gözdərim verərəm, desən dərmandı,
Qoydu sinəm üstə nar oyanmadı.

Doğrudan da, elə bil Mələknisə xanım bir il bundan qabaq ölmüşdü. Bu zaman Nərgiz adlı bir gəlin əlində güzgü Mələknisə xanıma yaxınlaşdı. Bu da bayaqkı qarı kimi güzgüyü onun ağzına tutdu. Bir qədərdən sonra dedi ki, camaat, bu qız ölmüyüb. Nəfəsi asta-asta gəlib gedir. Sonra Nərgiz ayağa qalxıb Musaya təsəlli verdi:
– Aşıq qardaş, qorxma, bu qürbət eldə sənə kömək eliyərəm. Bu saat nə qədər təbib, loğman varsa, hamısını yığıb sənin sevgilini qurtaracam.
Nərgiz xanım ata suvar olub üz qoydu kəndə tərəf.
Bir neçə saatdan sonra bir də gördülər ki, Nərgiz xanım başında bir neçə atdı özünü yetirdi.
Bəli, mənim əzizlərim, Nərgiz xanımın gətirdiyi təbib-loğmanlar başladılar Mələknisə xanımı ayıltmaq üçün çalışmağa. Bir xeyli əlləşənnən sonra təbib Vəfadar cibindən bir dərman çıxardıb Nisə xanımın burnuna tutdu. Nisə xanım gözlərini açdı. Mələknisə xanımı oyanmış görən Musanın ürəyi qubar elədi. O, üzünü Nisə xanıma tutub görək nə dedi:

Şükür olsun cəlalına,
Ay hazarat, yarı gördüm.
Baxmaram dünya malına,
Küllü aləm, varı gördüm.

Gəldi təbib, gəldi loğman,
Nazdı yara o verdi can.
Yazıq Musa sizə qurban, 
Təbib Vəfadarı gördüm.

Bəli, mənim əzizlərim, təbib, loğman, dava-dərman öz işini gördü. Mələknisə ayılannan sonra Nərgiz onnarı öz evinə gətirdi. Onnar bir neçə gün burada qaldılar. Vəziyyətləri yaxşılaşandan sonra halal-hümmət eləyib Göyçəyə yola düşdülər. Gecəli-gündüzlü at sürüb axır ki, Göyçə mahalına yetişdilər. İlin yaz fəsliydi. Allah-tala dünyanın bütün gözəlliklərini Göyçə mahalına bəxş eləmişdi.
Bəli, mənim əzizlərim Aşıq Musaynan Mələknisə xanım bir müddət yol gəlib Çamırlı kəndinə çatdılar. Gördülər ki, bir neçə adam söhbət eliyir. Musa üzünü onnardan birinə tutub dedi:
– Qardaş axşam düşür, bizi burada qonaq eləyən olarmı? Bir cavan oğlan irəli durub, – aşıq mənim qonağımsınız, – dedi. Onlar birlikdə həmin oğlangilə gəldilər. Oğlan dedi ki, mənim adım Məhərrəmdi. Aşıq Musa da özünü oğlana isnad verdi. Bir az söhbətdən sonra oğlan soruşdu:
– Aşıq Musa, haradan gəlib haraya gedirsiniz?
Musa başına gələn bütün əhvalatı Məhərrəmə danəşdı. Musa Məhərrəmə onu da dedi ki, atamgilə xəbər göndərdiyim otuz doqquz gündü. Musa dedi ki, gecəni burada yatıb xoruz banında yola düşməliyik. Səhər tezdən Musagil yola düşəndə Məhərrəm də onnara qoşuldu. Onnar Basarkeçəri keçəndə Məhərrəm dedi:
– Aşıq Musa, siz bir qədər yavaş gəlin, mən qabaqda gedib onnarı muşduluqluyum.
Məhərrəm yola düşəmkdə olsun, eşidin Ağkilsədə Səfər kişidən. Səfər kişi Novruzun xəbərinnən sonra toy üçün hər tədarük görmüşdü. İndi sabah o toy üçün aldığı malı, qoyunu qırxı tamam olan Musaya ehsan verəsiydi.
Səhər tezdən Səfər kişi qalxıb qapıdakı duz daşının üstündə oturub dərin fikrə getmişdi. Birdən gördü ki, cavan bir oğlan qonşudan onnarın evini soruşur. Həmin adam da ona isnad verir ki, odu orda oturan Səfər kişidi. Amma Səfər kişinin halı özündə deyildi. Məhərrəm gördü ki, yox, kişinin əhvalı çox pərişandı. O, Aşıq Musanın sazını da özünnən götürmüşdü. Həmin sazı köynəkdən çıxarıb zilini zil, bəmini bəm elədi görək öz məqsədini dərdli ataya necə nağıl elədi. Biz deyək, siz də qulaq asın.

Aldı Məhərrəm:
Səfər əmi, qəm görünür üzündə,
Qonağın könlünü al səhər-səhər.
Hicran kədəri var görrəm üzündə,
Gözün niyə çəkir yol, səhər-səhər.

Səfər kişi dedi:
– Qonaq, mənim nə günümə saz çalıb oxuyursan? Mənim halıma dağlar-daşlar qan ağlayır, başsağlığı verir. Mən Musa kimi oğul itirmişəm. Bunnan sonra bu dünyada mənim üzüm bir də gülməyəcək. İndi dərdimi sana sazla deyim, sən də gör nələr çəkirsən:

Aldı Səfər:
Qurban olum, qonaq, dərdi dilimi,
Niyə eyləyirsən bol səhər-səhər.
Dindirmə yazıqdı, sınıq qəlbimi,
Ələnər gözünnən sel səhər-səhər.

Məhərrəm:
Söyləsən dərdini bölərəm yarı,
Solğun sifətində iz salıb sarı.
Qəlbində kiminsə var intizarı,
Danma sirrin məndən gəl səhər-səhər.

Səfər:
Oğlu itən ata gözlər yolları,
Ələmi, dərddəri bölünməz yarı.
Qəlbimdə Musanın var intizarı,
Görünməz gözümə yol səhər-səhər.

Məhərrəm:
Gedib gəlməyibdi nə vaxtdan bəri,
Bəlkə də orada alıb bir pəri.
Qorxma Məhərrəmdən al şad xəbəri,
Əlini kisənə sal səhər-səhər.

Bir anlığa elə bil Səfər kişi huşunu itirdi. O, tez özünü bir toxdadıb Məhərrəmə belə cavab verdi:

Aldı Səfər:
Özüm dərddi Səfər, pərişan halım,
Huş çıxıb başımnan, çaşıb kamalım.
Peşkaşdı nə varsa cahi cəlalım,
Sənin olsun dövlət, mal səhər-səhər.

Sözünü qurtaran kimi Səfər kişi huşunu itirib yerə yıxıldı. Bu zaman Səfərin qardaşı Cəfər bir neçə adamnan Musanın qırxına gəlirdi. Səfəri belə görəndə qışqırdı ki, bu namərd oğlu, namərdi tutun.
Məhərrəm gördü yox, bunnan bərk şübhələnillər. O xoş xəbəri onnara görək necə çatdırdı, biz də nə eşitdik:

Aldı Məhərrəm:
Xəbər verin Ağkilsəyə,
Elə bir şad xəbər gəlir.
Siyah geyib qızdar niyə?
Cəfər, vallah Musa gəlir.

...Adım Məhərrəmdi, bəli,
Çamırlıdanam – Göyçəli.
Yanında bir türk gözəli
Cəfər, vallah Musa gəlir.

Bunnan sonra el-oba Musagilin qabağına çıxıb onnarı böyük təmtəraqnan öyə gətirdi. Cəfər kişi Musanı dannadı ki, ay oğul, adam da belə iş görərmi?
Musa bildi ki, heç kimin onun başına gələn müsibətdən xəbəri yoxdu. Odur ki, sazı götürüb görək öz başına gələnləri onlara necə çatdırdı:

Aldı Musa:
Canım əmi, gözüm əmi,
İş əyildi belə düşdü.
Yoxdu qeyri sözüm, əmi
Sonam göldən gölə düşdü.

...Denən Musa söylə nağılın,
Danışsam kəsərmi ağlın?
Şükür elə gəlnin, oğlun,
Sağ-salamat ələ düşdü.

Bəli, mənim əzizlərim, Musa başına gələn bütün əhvalatları onlara söylədi. Qurbannar yan-yana düzüldü. Yeddi gün yeddi gecə toy vurdurub murada çatdılar. Sizi də mətləb, murada yetəsiniz. Bu toy gecəsinin sonuncu günü aşıq telli sazı sinəsinə basıb götürdü görək nə dedi:

Ey cavan, təzə cavan,
Getmə, dayan, bir bəri dön.
Ayna qabaq, a gül yanaq,
Qönçə dahan bir bəri dön.
Ləl dodaq, büllər buxaq,
Dərdə dərman bir bəri dön.
İnsafı yox, kirpiyi ox,
Qaşdar kaman bir bəri dön.
Nazik bədən, süzüb gedən
Sərvi-rəvan bir bəri dön.

Ey möhtərəm, götür qələm,
Sübhədək yaz, ağrın alım.
Fəhm elə sən, rəhm eləsən,
Az elə naz, ağrın alım.
Öz işini özün düşün.
Belə olmaz, ağrın alım.
Ey şux məmə, baxma mənə,
Can dayanmaz, ağrın alım.
Xalı qoşa, qıl tamaşa,
Çıxdı bu can, bir bəri dön.

Qoyma sənin gül bədənin,
Heyf düşə mar əlinə
Ey təzə gül, insaf deyil,
Vermə gülü xar əlinə.
Əgər düşsə sınar şüşə,
Cismi girifdar əlinə.
Gəz cahanı, seç insanı,
Ver əlini yar əlinə.
Eşit sözü, budu düzü
Mətləbi qan, bir bəri dön.

Könlüm dönmür, eşqim sönmür,
Xan ciyərim etmə kabab.
Əgər yazam nəzm-nizam,
Dərdim olar bir min kitab.
Həddən aşar, əqil çaşar,
Saylarına çatmaz hesab.
Eylə mürvət, qıl bir ülfət,
Firqətinə yoxdumu tab.
Ey əhli-dil, dərdimi bil,
Halıma yan, bir bəri dön.

Teldə şanı, xoş nişanı,
Zülfünü əfşan eləmə.
Boyu mina, girib dona,
Dünyanı viran eləmə.
Sən ey gözəl,yola düzəl,
Nahaq yerə qan eləmə.
Aşığı an, olsun qurban
Qəlbini giryan eləmə.
Gözün süzən, canım üzən,
Öldüm aman, bir bəri dön.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Axan bir çayın kənarında olsanız belə, suyu israf etməyin" Məhəmməd peyğəmbər Avstraliyada suların üzərində yazılıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR