Dərc edildi: Baxış sayı: 523
Aşıq Mirzə Bilal - Gedəcək
Dəli könül, heç ahu-zar eləmə,
Hər iş qaydasında keçib gedəcək.
Dünyanı dördəlli qamarlayanlar,
Əcəl şərbətini içib gedəcək.
Qapında var olsa süfrəndə aşın,
Dostların çoxalar, ucalar başın.
Bədbəxtlik üz versə, qohum-qardaşın,
Hərəsi bir yana qaçıb gedəcək.
Sirrini söyləmə vəfasızlara,
Xəyanət eyləyər əhdə, ilqara.
Yalançı dostunu çəksələr dara,
Sirrini aləmə açıb gedəcək.
İstər nökər olsun, istər hökmdar,
Dünyada hər kəsin ömür payı var...
Bir gün də gələcək Bilal dili-zar,
Bu fani dünyadan köçüb gedəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət