Aşıq Hüseyn Şəmkirli - Reyhan ilə deyişmə
Reyhan
İki aşıq bir meydanda tapılsa,
Əyləşib sazlarm düzəldər bir-bir.
Sual verib, cavabını alanda,
Duruban meydanı gözəllər bir-bir.
Hüseyn
Aşıqlıq elmindən mən xəbərdaram,
Aşmışam hər yerdə meydanı bir-bir,
Yüz on dörd kitabdan almışam dərsim,
Gəl sənə göstərim ayəni bir-bir.
Reyhan
Müxənnəs gözlərə mənəm bir pıçaq,
Çoxların salmışam meydandan qaçaq,
Hanı mənim kimi bir gəndi qoçaq,
Gələnlər yolların azallar bir-bir,
Hüseyn
Sona kimi sığal verib telinə,
Nə cumubsan sən bu eşqin gölünə,
Düşməyibsən kamil ustad əlinə,
Sənə dar elərəm dünyanı bir-bir.
Reyhan
Mən Reyhanam, tapmamışam tayımı,
Mərdlər itirməsin haqqı-sayımı,
Götürmüşəm ərənlərdən payımı,
Dediyim sözləri yazallar bir-bir.
Hüseyn
Yetmək olmaz Aşıq Söyün işinə,
Belə sözlər çətin girər guşuna,
Alım qucağıma, basım döşümə,
Dərim ağ sinəndən püstanı bir-bir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət