Dərc edildi: Baxış sayı: 501
Aşıq Hüseyn Bozalqanlı - Danışma
Yön çevirib bir məclisə varanda,
Ağır otur, sağa-sola danışma.
Hərcayı söyləmə, pis adamlar tək,
Laf edibən gülə-gülə danışma.
Sözün tutma hər azğının, axmağın,
Xoşlanılmaz aralıqdan çıxmağın.
Layiq deyil başa qaxınc qaxmağın,
Öz eybini bilə-bilə danışma.
İnsan gərək hər məclisdə sayılsın,
Həqiqətdən danış, “Əhsən!” – deyilsin.
Kəlmə çıxart, şirin cana yayılsın,
Aşırıb sözünü zilə, danışma.
Hər gizli sözünü söylə qanana,
Aşiq olma şər-böhtana, yalana.
Sirrin vermə hər üzünə gülənə,
Tez düşəcək dildən-dilə, danışma.
Yazıq Hüseyn, əhdin yetər yerinə,
Çək sözünü şəriətə, dərinə.
Satginan mətahın xiridarına,
Hər söz anlamaza, mala danışma.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət