Slimfit
  1. ƏDƏBİYYAT

Aşıq Heydər - Gümrü qızı dastanı ( II hissə)

Aşıq Heydər - Gümrü qızı dastanı ( II hissə)
Sakura

Aşıq Heydər - Gümrü qızı dastanı ( II hissə)

İkinci hissə

 

 - Səhərin ala qaranlıqda baxçaya düşən Sərdar o baş - bu başa var gəl etməyə başladı. Bu dəmdə Nağdəli bəy gördü ki, Sərdar baxçada o başa bu başa gedir - gəlir. Bəy sözə başlamadımı.
- Paşam, olmaya ala qaranlıqda durub getmək istəyirsən, yoxsa yerin narahat oldu?
Sərdar:
- Siz narahat olmayın bəy, bu baxça mənim o qədər xoşuma gəlib ki, elə bil cənnətə düşmüşəm, heç yerdə belə gözəllik görməmişəm, olmaya, bəy, sizi narahat elədim, bir fincan da qəhvə olsa, buradan tərpənən deyiləm.
Nağdəli:
- Bu nə sözdü, paşam, bura sənin öz evindi, necə istətəyirsənsə elə də olsun, elə bildim getmək fikrindəsən, az qaldim sizdən inciyəm.
-Əziz dostum, sən get qonaqlarını rahatla, amma qızlara denən ki, mənə bir fincan qəhvə gətirsinlər, mən hələ bu gün də sizə qonağam.
Nağdəli:
- Baş üstə, deyib baxçadan aralandı. Amma Nağdəlini fikir aparmışdı, bu işə sirillah qalmışdı. Öz-özünə deyinə - deyinə danışırdı, axı Sərdar hara gedirsə-getsin, orada yalnız bir-iki saat qala bilərdi.
Burada nə isə bir iş var. Əyə bir də nə ola bilər ki, qardaşdan da irəli dostuq, anası və bacısı da bizdədi, daha bundan yaxşı nə ola bilər?
Qulluqçular Sərdara səhər yeməyi aparmaq istəyəndə, Sona xanım dilləndi: - Siz narahat olmayın gedin, məclisi yola verin, mən öz əllərimlə paşaya qəhvə düzətmişəm, özüm aparacam. Sona xanım səhər o başdan qəhvə ilə baxçaya daxil oldu. Sərdar yerindən ildirım kimi duraraq Sona xanıma tərəf gəldi.
Sərdar:
- Mənim üçün çox xoşdur ki, mələklər şahının əli ilə bir fincan qəhvə içim. Xanim, vaxtınız varsa mənimlə bir fincan qəhvə içsəniz lap yerinə düşər.
Hər iki aşiq baxçada süsən- sünbüllər içərisində əyləşdilər. Amma bir - birlərinin üzünə baxa bilmirdilər. Bir xeyli sakitlikdən sonra Sərdar dilləndi:
-Sona xanım, sizi görəndən sonra bu gecə yuxum ərşə çəkildi, hey gözlərimi yumdum, sizin surətiniz gözlərimin önündən getmədi. Mən deyən artıq özümü idarə edə bilmirəm.
Birdən Sərdarın gözləri Sonanin boynundakı altun həmayilə sataşdı.
Sərdar:
- Bu həmayıl sizi olduğunuzdan da gözəl göstərir.
Sona xanım:
- Bu anamin yadigarıdı, qaşı isə müqəddəs “Qurani – Kərimdən” düzəldilib.
Sərdar:
- İcazə versəniz ona yaxşı baxam, bu həmayılı ilk dəfə mənə yuxuda göstərmişdilər.
Sərdar həmayıldakı müqəddəs “Quranı - Kərimi” üç dəfə öpdü, istədi ki geri qaytarsın, Sona xanım dilləndi:
- İcazə verin, mənim özüm götürüm, deyib ayaq üstə qalxaraq şümşəd əlləri ilə həmayili Sərdarın boynuna keçirdi:
- Qoy bu müqəddəs kitab bizə uğurlar gətisin.
Sona xanım:
- Mənim on səkkiz yaşım olanda bir qoca dərviş mənə dedi ki, biz bir cavan oğlanı səninlə buta eləyirik, sən də bu həmayili o oğlana verməlisən.
Dərviş bir də mənə dedi ki, siz öz həyatınızı özünüz secməlisiniz. Çalışın bu seçimdə yanılmayın. Dərviş mənə səni qoca kişi şəklində göstərdi. Mən isə ağlaya -ağlaya dedim, bəs onun cavanlığı necədi?
Həmin dərviş mənə dedi ki, onun özü səni tapacaq, mən yenə ona allaha and verdim ki, bəs bizim ilk görüşümüz necə olacaq? Dərviş mənə dedi ki, sizin bağçada o gəlməmişdən üç gün əvvəl lalələr çiçəkləyəcək, bu ilk əlamətdi, həmin cavan məclisdə sözünü sazla deyəcək, səhərə kimi nə sən, nə dəki o yatmayacaqsınız. Səhər gün çıxmamış siz bağçada görüşəciniz. Ona bir fincan qəhfə aparmalısan. O isə bağçadakı lalələrdan bir dəstə toplayıb sənin qollarının arasına qoyacaq. Bu yerdə sən həmayılı həmin gənc oğlana verməlisən. Əgər dalını bilmək istəsən görəcəksən ki, o qəhvəni içib qurtaran kimi bağçadakı bütün lalələr sönəcək.
Məni vahimə basmışdı. O yerdə oyandım ki, yanımda anamdan başqa bir kimsə yoxdu. Anam isə mənə deyidi:
- Ay qızım, iki gündü ki, sən yatırsan, qız uşağı belə tənbəl olmaz axı!?
Mən bu əhvalatın hamısını anama danışdım. Anam isə Allah bu işin axırını xeyr eləsin deyib, həmin bu həmayılı mənə verdi. Onda mənim on səkkiz yaşım ancaq olardı. Sonra isə Sona xanım titrəyə-titrəyə bir fincan qəhvəni Sərdara verdi. Sərdar isə bağçadakı lalələrdən bir dəstə dərib Sona xanımın qolları arasına qoydu.
Sərdar bir fincan qəhvəni başına çəkən kimi gördü ki, həqiqətən də bağçadakı al qırmızı lalələrdan əsar- əlamət qalmayıb, hamısı sönüb. Bunu görən Sərdar və Sona xanım çox bikef oldular.
Bu yerdə Sərdar paşa özünü saxlaya bilməyib aldı görək nə dedi:

Gözəllər məskəni Gümrü şəhrində,
Gözəllər şahına mayıl olmuşam.
O büllur qaməti, o gül camalı,
Aparıb əqlimi sayıl olmuşam.
 
Ömrün bahar çağı gəldik üz-üzə,
Kimdi bu ceyrani buraxan düzə?
Qaşları kamandı, kirpiklər nizə,
Oxlayıb könlümü, zayıl olmuşam.
 
Qırxların əlindən badə içmişəm,
Əzəl başdan bir gözəli seçmişəm.
Məqribdən məşriqə bir yol keçmişəm,
Haqq verən paylara qayıl olmuşam.

Söz tamama yetdi. Sərdar paşa Sona xanıma dedi:
- Sona xanım, bu işi belə qoymaq olmaz.
Amma ... indi biz ayrılmalıyıq.
Sona xanım ayrılmaq istəməsə də, deyilənə əməl etdi.
Sona xanım bağçadan gedəndən sonra Sərdar orada Nağdəli bəylə qarşılaşdı.
Nağdəli:
- Ayə qardaş, sənə nə olub, niyə titrəyirsən? Axı mən sənə dedim, səhərlər Gümrünün havası soyuq olur. Düz iki saatdır ki, sən burada oturmusan, deyən sənə soyuq dəyib, tir-tir əsirsən.
Sərdar boğula-boğula dilləndi:
- Məni elə soyuq tutub ki, qançıradan da betər olmuşam.
Sonra üzünü Nağdəliyə tutaraq dilləndi:
- Bəy, sözlərimə yaxşı-yaxşı qulaq as, qonaqların gəlibmı?
Nağdəli:
– Aşıqlar səni gözləyirlər.
Sərdar:
– Onda gedək məclisə baş çəkək. Amma cox otura bilməyəcəm. Soyuq məni haldan salıb, sonra üz vurmayasan ha. Bir xahişim də var, məclis qurtaran kimi anamı hökmən göndər gəlsin bizə.
Sərdar paşa və Nağdəli bəy məclisə daxıl oldular. Sərdar keçib anasının yanında oturdu. Cavan qızlar, gəlinlər meydandan çıxmaq bilmirdilər.
Sərdar üzünü Yetim Taptığa tutaraq dilləndi:
- Ustad, icazə versəniz, sinəmə bir - iki kəlmə söz gəlib, deyim, sonra gedəcəm, çünki Qarsdan Osman paşa və istəkli qonaqlar gəlib, məni gözləyirlər. Tez aşıq Vəli sazı Sərdara uzatdı.
Aldı görək Sərdar bu dəmdə nə dedi:

Bu gün bu məclisə bir can gəlibdi,
Buyursun meydana, nənəm oynasın.
Al yaşıl geyinib çıxsın ortaya,
Gözəllər sultanı anam oynasın.
 
Başına döndüyüm gül üzlü Pərim,
Əlim qələmimdi, sinəm dəftərim.
Buyursun meydana sərvi sərvərim,
Telləri xurmayi durnam oynasın.
 
Biçarə Sərdarı salmısan dərdə,
İndi çox gülürsən burdakı mərdə;
Dolaşmaya simlər, vurmaya pərdə,
Adını deyirəm Sonam oynasın.

Xanımlar xanımı Zeynəb xanım ayağa durdu, süzə - süzə öz qızı Fatmanı və Sona xanımı meydana dəvət etdi. Məclıs qızışdı, nə qızışdı.
Bu fürsətdən istifadə edən paşa məclisi tərk etdi.
Sərdar paşa necə dedisə, Nağdəli bəy də elə etdi. Artıq gün batırdı. Nağdəlinin bəzəkli at faytonunda, Zeynəb qızı Fatma xanımla bərabər Sərdarın evinə gəldilər. Artıq Osman paşa da burada idi.
Osman paşada artıq yaş öz işini görmüşdü, güclə ayaq üstə dururdu. Qulluqcular Osmanın başına fırfıra kimi fırlanırdılar. Sərdarın rəngi ağappaq idi. O başına gələn bu işləri Osmana və anasına danışdı.
Sərdar:
- Osman, mənim ata əvəzim, sən də mənim anam, dərdimə bir çarə qılın.
Osman:
- Ay bala, bizim yeganə carəmiz səni evləndirməkdi, bir də ki beş - on günlük dünyadı, kim bilir, kiminin axrı necə olacaq? İki dünya bir olsa da, mən səni evləndirməliyəm. Çünki atam Bəkirin axırıncı vəsiyyətinin vədəsi gəlib çıxıb. Bundan sonra rahat ölə bilərəm.
Sonra Osman paşa üzünü mehtərlərə tutub möhkəm-möhkəm qışqırdı:
- Ayə, ay mehtərlər, ayə, ay zalım uşağı, ayə, harada qalmısınız, ay Boğos, ay Setrək, səhər o başdan atları çölə buraxmayın. O qıllı Minasa da deyin ki, təcili Qarsa getsin, bütün qohum-əqraba, dost-tanış, kimi tapsa, desin ki, təcili Gümrüyə gəlsinlər. Bir-iki günə kimi Sərdarın toyudur. Osman paşa əlini cibinə saldı. Bir bağlama pul çıxarıb mehtərlərə verdi, bu da mənim sizlərə toy məqəricim. Əyə, zalım uşağı, zalım, sizin nə vaxt əyin-başınız düzələcək, gedin özünüzə pal - paltar alın. Cəld, haydi, gözümə bir də bu qiyafədə görünməyin. Sonra üzünü Sərdara tutaraq dilləndi:
- Ay bala, axı mən sənə demişdim, bunları buralarda çörək verib saxlama. Bunlardan adama xeyir gəlməz. İlanın ağına da nəhlət, qarasın da.
Elə bu dəmdə Zeynəb Osmanın sözünü kəsərək dilləndi!
- Osman qardaş, məni bağışla, sözünü kəsdim, bəlkə uşaqları çağırtdırmayasan. Bu iş məni heç açmır. Sən yaxşı bilirsən ki, mənim başıma nələr gəlib. Olmazmı bir az ölçə, biçəsən? Lalələrin solması məni heç açmır axı!?
Osman sözə başladı:
- Ay bacı, bu yazıdır, bir sevin.
- And olsun, o Allahın birdi-birliyinə, əgər Sərdarın başından bir tük əksik olsa, düzü - dünyanı yıxıb dağıdaram. Sərdarın ürəyinin yumşaqlığından şəhər müxənnətlərlə doludu, hamısı da adamı arxadan vuranlardı. Eşıdıblər ki, mən gəlmişəm siçan deşiyini satın alıblar. Ay bala, bir az sərtlik də lazımdır. Yeri gələndə şallaq da işə düşməlidir.
Daha Zeynəb Osmanın bir sözünü iki eləmədi.
Deməzsənmi, oğlan evində toydu, ancaq qız evinin xəbəri yoxdu.
Səhər Nağdəli bəy öz xanımı Güllüzara dedi:
- Arvad, hazırlaş, gedək Sərdargilə. Zalım oğlu səhərin ala qaranlığında baxçada oturmuşdu, gördüm ki, tir-tir əsir, möhkəm soyuq tutub. Gedək bir paşaya baş çəkək. Güllüzar dinmədi:
- Ay arvad, nə olub sənə!
Güllüzar isteza ilə dilləndi:
-Heç, öz bacından xəbərin yoxdu. Təbiblər əldən-dildən düşüblər, bir bacına baş çəksən! Nağdəli başı alovlu bacısının yanına qalxdı. Üzünü təbiblərə tutaraq:
-Ayə, bu qıza birdən-birə nə oldu? Qocaman Gümrü təbibi Nuru yazıq-yazıq dilləndi:
-Bəy, qız çox halsızdır, amma qorxulu bir şeyi yoxdur. Qoyun bir az dincəlsin.
Nağdəli təbibə pul verib, yola saldı. Sonra üzünü Güllüzara tutaraq dilləndi:
-Ay arvad, bu nə işdi, başımıza gəldi, yaxınlarımın hamısı yatağa düşüblər. Birdən Nağdəlinin gözü Sonanın sinəsinə sataşdı. Həmailin yeri Sonanın sinəsində günəşin işığından iz salmışdı. Güllüzar yenə istehza ilə dilləndi:
-Nə baxırsan, həmin altun həmayılı dostunun boynunda görmədinmi? Elə bil Nağdəlinin başına qaynar su tökdülər: Sözündən belə çıxır ki,... yox – yox, bu ola bilməz, axı onun belə şeylərə ehtiyacı yoxdu. Güllüzar, sən məni lap dəli eliyəcən, ya da ki, mən dəli olmuşam. Bu dəmdə Sona gözlərini açıb dilləndi:
-Qardaş, həmin həmayili mən paşaya səhər o başdan bağçada vermişəm.
Nağdəli pərt halda dilləndi:
- Ay arvad, indi mən başa düşdüm ki, bunların xəstəliyi nədi?!
Güllüzar:
- Bu hələ harasıdı, bağca lalələrlə doludu, bax bu lalələrdən başqa baxçadakı lalələrın hamısı sönüb. Nağdəli iki əllə başını tutdu.
- Ay arvad, həqiqətənmi sən məni dəli yerinə qoymusan, lalə nədi, zad nədi, axı bağçada belə güllərin bitdiyini görməmişəm.
Güllüzar:
- Get, bax. Nağdəli baxçaya düşəndə gördü ki, həqiqətən də hər şey Güllüzarın dediyi kimidi. Bu dəmdə çöldən at səsləri eşidildi.
Nağdəli çölə çıxdı. Elə bil onun həyətinə böyük bir ordu gəlmişdi. Həyət baca yaraqlı - yasaqlı əsgərlərlə doluydu.
Bu dəmdə Osman paşa gər səslə dilləndi:
- Ay ev yiyəsi, ay ev yiyəsi, qonaq qəbul etmək istəmirsinizmi? Nağdəli Osman paşanı yaxşı tanıyırdı, çünki Osman bu böyük mahalın paşası idi.
Nağdəli sakit tərzdə:
- Babam, xoş gəlmisiniz, gözümüz üstə yeriniz var!
Paşa faytondan düşüb ağır yerişlərlə içəri daxıl oldu:
- Ay oğul, mənim gəlnimi mənə göstərin, ölmədim bu günü də gördüm, dedi.
Nağdəli:
- Baba, nə gəlin, sən nə danışırsan, Allahım, deyən mən dəli olmuşam. Osman üzünü bu dəfə Güllüzara tutdu:
- Qızım, məni gəlinim Sonanın yanına apar.
Paşanın bir sözü iki ola bilməzdi, kişi həm də sözü təkrar etməyi xoşlamırdı. Güllüzar sakitcə:
- Gəl, baba, deyib, Sonanın yataq otağına qalxdılar.
Sona həmin Sona deyildi. Osmanı görən kimi kişinin əlindən öpdü.
Osman:
- Ay maşallah, bir su pərisini görürəm, deyib, Sona xanımın alnından öpdü.
-Qızım, coxdandı buralarda olmurdum, şəhəri gəzməyə çıxmışdım, yolüstü dedim, sizə bir baş çəkim. Əlindəki iri bağlamani Sona xanıma verərək dilləndi:
- Bu da məndən sənə düyün hədiyyəsi.
- İş bununla bitmir ha, Nağdəli bəy, hazırlaş bir- iki günə kimi sizdə olacağam, nə çətinliyin varca de, çəkinmə, deyib yavaş- yavaş həyətə düşməyə başladı.
Nağdəli:
- Baba, niyə belə tez axı?
-Darıxma, oğul, darıxma, o qədər gəlib gedəcəyəm ki, axırda özünüz əlimdən bezəcəksiniz deyib, Bəkir paşa faytona mindi.
Sona xanım bağlamanı açanda bağlamada bir cüt qızıl bilərzik və bir ədəd üst hissəsi qızıldan hazırlanmış “Müqəddəs Quranı Kərim” kitabını gördü.
Kitabın üst hissəsində bu sözlər həkk olunmuşu: “Qiyamətə qədər qoruyun”.
Bilərziklərin hər birinə isə bu sözlər həkk olunmuşdu: Hamza , Hasan.
Artıq Sona xanıma tam məlum oldu ki, bu qoca dərvişin dediyi hədiyyələrdi. Bilərziklər oğlanlarına, Müqəddəs kitab isə qızına çatmalıdı.
Ancaq bu sirri Sona xanım heç kimə açmadı.
Hər iki ailədə toya hazırlıq işləri başlandı.

 

(III hissə)

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Aprel şəhidimiz Fəxrəddin Qurbanlı

Redaktor seçimi

SON XƏBƏRLƏR