Slimfit
  1. ƏDƏBİYYAT

Aşıq Heydər - Aşıq Heydərin Axırkələk səfəri

Aşıq Heydər - Aşıq Heydərin Axırkələk səfəri
Sakura

Aşıq Heydər - Aşıq Heydərin Axırkələk səfəri

Bir gün Aşıq Heydər oturub qəlyan çəkirdi. Birdən arvadı Yetər tələsik içəri keçdi:
– A kişi, bir nəfər cavan, boylu-buxunnu oğlan gəlif, amma nə qədər elədim içəri gəlmir.
– Ay arvad, kimdi, nəçidi? Bə demirmi?
– Vallah, heç nə demir. Amma ustad deyif durur, bu kimdi – bilmirəm.
– Eh, sən nəyi bilirsən ki!
Aşıq Heydər hirsnən qalxdı ayağa, qapıda duran oğlanın əlindən tutuf çəkdi içəri.
– Yetim Ləvənd bala, bu neçə ildi harda qalıbsan?
– Ustad, nə deyim, vallah …
Aşıq Heydər qəlyanını bir də doldurdu. Dalbadal bir neçə qüllab alandan sonra bir də Yetim Ləvəndə baxdı, ürəyi yandı.
– Ay bala, necə düşüfsən? Nər kimi oğuldun, bu nə işdi?
Yetim Ləvənd başını saldı aşağı.
– İndi dərdini mənə deməyəcəksənmi?
– Ustad, bilmirəm nə təhər deyim.
– Nə təhər deyirsən, de.
– Eşq atəşi yandırdı məni, amma… Molla Qara insafa-mürvətə gəlmir.
– Bu dediyin Axırkələkli Molla Qaradı?
– Ustad, sən onu tanıyırsan?
– Tanıyırsan da sözdü! Mən ha bu molla tayfasından qaçıram, amma… Bilirəm, mənsiz işin aşmayacaq, Molla Qaranın üzü qara olsun. Yaman müşkülə salacaq bizi. İndi nə deyirsən, onun yanına elçiliyəmi gedək?
– Sən bilən məsləhətdi.
– Yaxşı, de görüm bu Molla Qaranın neçə övladı var?
– Bir oğlu, bir qızı var. Oğlunun adı Hümmət, qızının adı Bəyazdı.
– Bəyazdı?
Aşıq Heydər həyəcanla ayağa qalxdı, yenə əyləşdi, kişinin dili-dodağı əsdi. 
– Vay-vay, ay Yetim Ləvənd, sən mənim lap dinimi-imanımı yandırdın!
– Axı mən…
– Danışma, qoy öz dərdimnən ölüm.
Yetim Ləvənd təəccüblə Aşıq Heydərə baxdı, amma ustadının bu narahatlığınan heç nə qanammadı.
Elə bu vaxt içəri Məşədi Rəcəb gəldi. Salam verib bir Aşıq Heydərə, bir də qonağa baxıb başını buladı.
– Ay Heydər, bu nə qaş-qabaqdı səndə. Özgə vaxt olsa… Qonağın yanında.
– Əşi, sən bir əyləş. İş başqadı. Bu oğlan Yetim Ləvənddi, işi bir az dolaşığa düşüb.
– Nə kömək lazımdı, eləyim.
– Yox, yox, əşi, sən hirsli adamsan. Bu işi bir az da dolaşdırarsan.
– Axı bu nə işdi belə?
– Axırkələkli Molla Qaranın yanına getməliyik.
– Molla Qaradan mənim zəhləm gedir, təpəsindən bir güllə əksikdi.
– Başına dönüm əmi, bu işi mən özüm həll edərəm.
– Onda Axırkələyə gedəndə orada mənim Dəli Durmuş adlı bir dostum var, çətinliyiniz olsa, ona deyərsiniz.
– Yaxşı, Ləvənd, dur gedək.
– Ay kişi, qonaq bəlkə acdı.
Yetər arvad belə deyəndə Aşıq Heydər acıqlandı:
– Bəs bayaqdan niyə ortaya bir şey qoymursan?
O saat ortaya yemək-içmək gəldi. Yeyib-içəndən sonra Məşədi Rəcəb dedi:
– Heydər, necə bilirsən, elə də elə. Sizə yaxşı yol.
Bəli, Aşıq Heydərnən Yetim Ləvənd yola düşdülər. Gəlib Axırkələyə çatan kimi Molla Qaranın evinə gəldilər. Molla Qara Aşıq Heydəri görəndə boğazı qurudu. Elə can dərdi bunları qonaq elədi. Qonaqlar bir tərəfdə əyləşdilər, amma Aşıq Heydər qəlyanını doldurdu, bir-iki qüllab alıb sufra hazırlayan qızlara baxdı, nə fikirləşdisə dedi:
– Molla Qara, sən yaxşı bilirsən ki, sənin qapına niyə gəlmişəm. 
– Niyə gəlifsən, o öz işindi, amma mənim qonağımsan.
– İndi bu beş qıza bir söz deyəcəm.
– Ay Aşıq Heydər, mən molla adamam, mənim evimdə Quran oxunur, bura aşıx-zad yığnağı deyil.
– Mən də sənin kimi molla deyiləm, mollalardan da xoşum gəlmir. Allaha da qurban olum, müqəddəs Qurana da. Qansan indi deyəcəyim sözlər də bir hikmətdi, əgər anlasan…
Görək burda Aşıq Heydər götürüb nə dedi:

Sallana-sallana gələn gözəlin,
Dördü qahqah çəksin, biri ağlasın.
Bir azca toxdasın, gəlsin özünə,
Verməsin özgəyə sirrin, ağlasın.

Çıxarsın qaranı, geyməsin qara,
Qara olan salıb onu azara.
Al-yaşıl geyinib çıxsın bazara,
Dərdi olan gəlsin bəri, ağlasın.

Aşıq Heydər deyər hər vaxt gördüyün,
Kor olsun düz işə salan kor düyün.
Allah qismət etsin barı toy-düyün,
Adını deyirəm Pəri ağlasın.

Söz tamama yetdi, amma Molla Qaranın az qaldı bağrı çatlasın. Öz-özünə dedi: «Əyə, bu Aşıq Heydər bilicidi, nədi. Bu nə bilir Pəri kimdi, mən oğlumu bazara yollamışam? Yox, bu betər adamdı, yaman pis yerdə ilişdim».
Elə bil Aşıq Heydər Molla Qaranın ürəyindən keçənləri oxudu. Odur ki, yenə sözə başladı:

Çoxdan ürəyində tutmuşdun məni,
İndi ki, gəlmişəm çıx meydanıma.
Aslansan, pələngsən, filsən, kərkədan,
Betər alov kimi ax meydanıma.

Qəlbini yandırır kinin, küdrətin,
Caduda, pitikdə çoxdu qüdrətin,
Sən bilən deyilsən qədir-qiyməti,
Gurla ildırım tək, çax meydanıma. 

Mən Aşıq Heydərəm, sığınnam haqqa,
Şeytansan, olsa da başında cıqqa,
Qapına gəlmişəm, çıxarma hoqqa,
Yaxşı nəzər yetir, bax meydanıma.

Söz tamama yetdi, amma yenə Molla Qaranın halı betər dəyişdi. Özünü birtəhər ələ aldı:
– Aşıq Heydər, sən bir yaxşı adamsan, üstəlik də qonağımsan. Gəl bir-birimizin xətrinə dəyməyək. Molla evində sazın, sözün nə işi? Bu mənim qəlbimə dəyir axı.
– Eləmi?
– Bəli, bəli.
– Onda qulaq as.

Sözün ziyanı yox, sazım ondan çox,
Sənətkar görəndə xoflanma bir də.
Sərraf adamsansa, düz gözümə bax,
Sözümdə gövhər var, inci də, dürr də.

Sənətkar sayılmaz yoldan ötən, bil,
Haqqa biz də quluq, köləyik, sən bil,
Korsan, ya görmürsən, sil, gözünü sil,
Məni azca söylət, dindir bu yerdə.

Sənə qənim olmaz haqqın sahibi,
Şeytanlıq puluyla doldurma cibi,
Bu Aşıq Heydərin budur tələbi,
Boz üzün göstərmə mərd oğlu mərdə.

Söz tamama yetdi: Molla Qara ha özünü ələ almaq istəsə də bacarmadı. Qaşlı-qabaqlı dedi:
– Aşıq Heydər, bayaq dedim, yenə də deyirəm, sən aşıqsan, mən mollayam… Sənnən mənim sözüm tutmaz. Bu qədər yolu nahaq gəlifsən. Üstəlik, mənə də ağzına gələni deyirsən. Qonaqsan deyə başqa söz deyə bilmirəm. Bir də hələ tezdi… Qoy biz də bir fikirləşək.
Bu belə deyəndə Aşıq Heydər hirsli-hirsli qəlyanını doldurdu.
Bir-iki qüllab alandan sonra görək burada nə dedi: 

Nə vardan qorxum yox, nə də ki, puldan,
Mərdlik adətimdi, bilnən, a molla.
Xeyir işdən ötrü tökmə qaş-qabaq,
Bizimlə bir yola gəlnən, a molla.

Nəyi bəyənmirsən, açıq söylə gəl,
Bu, Allah işidir, yoxdu bir əngəl,
Kişisən, kişi ol, mənə qurma pəl,
Bir dodağın qaçsın, gülnən, ay molla.

Bu sözü eşidəndə molla lap dəli oldu.
– Dəli-zad deyiləm ki, nəyə güləcəm ki?
Aşıq Heydər ona tərs-tərs baxıb aldı sözün möhürbəndini:

Niyə qaradasan, əzizin ölüb?
Sənin qaş-qabağın bizəmi qalıb?
Aşıq Heydər sənin mətləbin bilib,
Ya qızı ver, ya da ölnən, a molla.

Söz tamama yetdi, amma Molla Qara hirsindən-hikkəsin-dən qapqara qaraldı, amma dillənmədi. Aşıq Heydərin sinəsi də-mirçi körüyü kimi qızmışdı. Odur ki, dedi:
– Molla, sənə bir sözüm də var, qulaq as:

Dillərə salaram səni,
Od tutarsan, Molla Qara.
Xəstə olub sürünərsən,
Çox yatarsan, Molla Qara.
Başın dəyər neçə daşa,
Huşun itər, ağlın olmaz,
Düşərsən tozlu yollara,
Dərd satarsan, Molla Qara?!

Mollalardan xeyir gəlməz,
Neçə-neçə görmüşəm mən,
Üz-üzə gəlmişəm, neynim,
Paylarını vermişəm mən
El içində ad-sanım var, 
Məclisimi qurmuşam mən.
Mən atlıyam, piyadasan,
Sən çatarsan, Molla Qara.

Cıdır, Ağbaba, Qağızman,
Qarsdan belə gəzən mənəm.
Şirin-şirin söhbətləri,
Nizamlayıb düzən mənəm.
Dərin-dərin dəryalarda,
Qəvvas kimi üzən mənəm.
Üzmə şərin ümmanında,
Tez batarsan, Molla Qara.

Söz tamama yetən kimi Aşıq Heydər yerindən qalxdı ayağa:
– Molla Qara, mən sənə dediyimi dedim, gəl inad eləmə.
– Yox, Aşıq Heydər, mən hələ düşünməliyəm.
– Onda bu gecə düşün, mən gedirəm.
– Axı…
– Yox, yox… Mən sənə qonaq ola bilmərəm. Əlbət, bir adam tapılar…
Aşıq Heydər, dalınca da Yetim Ləvənd eşiyə çıxdılar. Bunlar Dəli Durdunun evini xəbər alan kimi göstərdilər ki, filan evdi, getdilər oraya. Dəli Durdu onları çox mehribanlıqla qarşıladı. İşin nə yerdə olduğunu öyrənəndə, dəli beyni qızmadımı:
– Yox, bu Molla Qara lap ağ elədi. And olsun Allaha, onun atasını yandıracam. Ona divan tutmasam, bu bığlarını da qırxdıracam, adını da dəyişdirəcəm.
Aşıq Heydər işi belə görəndə, əlini yellədi:
– Yox, belə olmaz, Dəli Durdu. Bir gör mən hələ nə deyirəm.
Bu belə deyəndə Yetim Ləvənd də, ev sahibi və çox maraqlandılar. Aşıq Heydər qəlyanını doldurdu:
– Sabah Molla Qaranın özü adam yollayacaq buraya. Dəli Durdu, sən heç hirslənib eləmə. Ağama daxıl düşmüşəm, səbr elə.
Dəli Durdu qonaqlarını yaxşı ağırladı. Yeyib-içəndən sonra bir az oradan, bir az buradan söhbət eyləyib, başlarını atdılar yerə. Amma ilan vuran yatdı, biçarə Yetim Ləvənd yatmadı. 
İndi görək Molla Qaranın başına nə gəldi. Mollanın adamları onun başına yığışıb dedilər:
– Sən çox səhv elədin, qapına gələn qonağı narazı yola saldın.
– Lap əcəb elədim. Görmürsünüz, mənə ağzına gələni dedi.
Bunların içində Uzun Əjdər adında biri vardı. O dedi:
– Molla Qara, bu səhvin altını çəkəcəksən. Bə sən bilmirsənmi, Aşıq Heydər haqq aşığıdı. Bir o qədər söz dedi, heç qanmadın. O nə bildi Pəri kimdi, nəçidi – bu bir. Niyə bazarı işarə eləyib keçənləri üzünə dedi – bu dörd. Pulunun hardan gəldiyini söylədimi – bu beş. Yenə deyimmi?
– Daha nə dedi? De görək.
Molla acıqlı-acıqlı Uzun Əjdərə əlini yellədi. O, yerindən dik qalxdı:
– Mən daha heç nə demirəm. Bir də onu deyirəm, Aşıq Heydər gedəndə sənə xəbərdarlıq elədi. Amma sən onu eşitmədin. Daha nə deyim?
O, qapını vurub çıxdı, adamlar da öz sözlərini dedi. Molla Qara baxdı ki, gecə yarıdan keçib, amma yuxusu gəlmir. Amma elə candərdi arvadına dedi:
– Arvad, yerimi sal. Bu Aşıq Heydər ovqatımı yaman korladı.
Arvad yeri açan kimi bu tirləndi yerə. Az keçmədi ki, onu yuxu tutdu. Azmı yatdı, çoxmu yatdı. Sabaha yaxın ayıldı ki, qan-tər içindədi. Dikəlib yerin içində oturdu. Gördüyü dəhşətli yuxudan hələ də vahimə içində idi. Bədəni əsə-əsə arvadına dedi:
– Ay arvad, bu nə işi idi mənim başıma gəldi?
– Nə olub ki?
– Yuxuda məni az qala boğub öldürürdülər…
– Əşi, yuxudu da…
– Yox,yox… dönə-dönə xəbərdarlıq elədilər: Gedib Aşıq Heydəri razı salmasan vay sənin halına! Dur sən evi qaydaya sal, mən də Aşıq Heydərin dalınca adam yollayım…
Bəli, Aşıq Heydəri çağırdılar. O, Dəli Durduynan, Yetim Ləvəndnən gəldi. Molla Qara Aşıq Heydərdən üzr istədi, çonra xeyir işə razılıq verdi. O günün sabahı toy başladı. Toyu Aşıq Heydər keçirdi. Bu əhvavlat da o vaxtdan dillərə düşdü.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dişləri yumaq üçün 1 noxud miqdarında diş pastası kifayətdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR