Dərc edildi: Baxış sayı: 802
Aşıq Heydər - Ağlayır
Dağıldı ellərim, qaldım səhrada,
Bir kimsənəm yoxdu, anam ağlayır.
Titrəyir əllərim, görmür gözlərim,
Dəyişir döranım, zaman ağlayır.
Ayrı düşdüm öz yurdumnan, elimnən,
Qəm şələsi əl çəkməyir belimnən,
Danışanda nalə qopur dilimnən,
Könlümün səsinə kaman ağlayır.
Hələ qurumayıb gözümün yaşı,
Tutur tənələrə hər yetən naşı,
Ələnir üstümə dünyanın daşı,
Dağların başında duman ağlayır.
Heydər, bu yerlərdə yerin bilindi,
Mərənd qucaq açdı, qəlbin isindi.
Fələyin cəbrinə dayan, döz indi!
İndi biz yox, bütün cahan ağlayır!
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət