Dərc edildi: Baxış sayı: 742
Aşıq Fətulla - Gözəl
Bir ah çəksəm, dağı-daşı əridər,
Bəsdi zinət verdin camala, gözəl.
Hər baxanda od salarsan könlümə,
Dəhanın batıbdı xub bala, gözəl.
Şirinsən dünyada hər bir gözəldən,
Vərqadan, Gtilşadan, Yusif-Kənandan,
Yanağın lalədi, olubdu xəndan,
Möhtacam ağ üzdə o xala, gözəl.
Qədrini bilənsən gövhər, zərin də,
Qızılgül əlində, cığa sərində,
Ağlın, huşun, söz-söhbətin yerində,
Afərin səndəki kamala, gözəl.
Əhvalım pozulub, halım pərişan,
Eşqidən ürəyim olubdu şan-şan,
Çəkirəm həsrətin, bilginən pünhan,
Bir yol rəhmin gəlsin bu hala, gözəl.
Nagah aldın Fətullanın canını,
Yox kimsəsi ala səndən qanını,
Almısan əlimdən din-imanımı,
Döndərdin qəddimi sən dala, gözəl.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət