Dərc edildi: Baxış sayı: 319
Aşıq Əli Xanxanımoğlu - Yüz dərdə
Davasız dərdimə bir əlac eylə,
Səndən yana mən ha düşdüm yüz dərdə.
Ləblərindən özgə şəfa bilmənəm,
Dərmandı bal dodaq, qönçə yüz dərdə.
Xalların tək can quşuna ya səndən,
Harda görsən həzər eylə yasərdən.
Səni görcək əqlim getdi ya şərdən,
Divanətək gözüm qaldı yüz dərdə.
Üstümüzə gətirmisən bağı sən,
Tax boynuna güləbətin bağı sən.
Yaz çağında gir seyr elə bağı sən,
Süsən-sünbül, qönçə gülü yüz dər də.
At oxunu bu Əliyə dəryanı,
Qəvvas olan dolanmazım dəryanı,
Kəlbin olsun, sənə qalsın dər yanı,
Sərgərdan mən dolanmayım yüz dərdə.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət