Aşıq Ələsgər - Qoca baxtım
Nə sevda tapıbsan, nəyə talıbsan?
Hansı qəflətdəsən, gəl, qoca baxtım!
Ya məndən küsübsən, ya qocalıbsan,
Bu sınıq könlümü al, qoca baxtım!
Çəkilib pünhana deyirsən: "Sən döz!"
Qiyamət odundan pisdi tənə söz.
Gümüşüm tunc oldu, zəri zibam bez,
Qəlp çıxır aldığım mal, qoca baxtım!
Özüm aşıq oldum, oğlum gülləçi,
Bildim ki, qalacaq dövlətin üçü.
Qırıldı mal-qoyun, qalmadı keçi,
İndi də yıxılıb kal, qoca baxtım!
Mərdan şirə çəkib, daşdan keçərdin,
Dəryalardan ləlü gövhər seçərdin,
Pərvazlanıb Qafdan – Qafa uçardın,
Keçən günü yada sal, qoca baxtım!
Təqdir üçün yaxşı deyil bu adət:
Gah çox sevir, gah eyləyir xəcalət.
İyidlər at vermir,gözəllər xələt,
Gəlmir tənbəkiynən bal, qoca baxtım!
Səksəni, doxsanı ötübdü yaşım,
Gor deyə tərpənir bəlalı başım.
Əzrayıl həmdəmim, məzar yoldaşım,
Daha köç təblini çal, qoca baxtım!
Ələsgər kəsilib səbrü aramdan,
Oxlayıbsan, qanlar axır yaramdan.
Haqq ilə qıl sövdə, əl çək haramdan,
Halaldan mətləbin al, qoca baxtım!
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət