Dərc edildi: Baxış sayı: 423
Aşıq Ələsgər - Gözəl
Nə baxırsan pəncərədən,
Xumar gözün süzən gözəl?!
Seyraqubla aşna olub,
Bağrım başın əzən gözəl?!
Büllur buxaq, bəyaz gərdən,
Ağlımı aparır sərdən,
Yaxasına hərdən-hərdən,
İnci, sədəf düzən gözəl!
Qəlbimi yandırdın oda,
Sirr sözümü vermə yada,
Uyubsan zalım xoryada,
Məndən kənar gəzən gözəl!
Gümüş kəmər, incə belli,
Ağ biləkli, nazik əlli,
Ay qabaqlı, siyah telli,
Ürəyimi üzən gözəl!
Xəyalım çaşır güləndə,
Pünhan dərdimi biləndə.
Ələsgər sizə gələndə,
Sığallanıb bəzən, gözəl!
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət