Dərc edildi: Baxış sayı: 873
Aşıq Ələsgər - Dolansın
Gərdəninə nеçə şahmar dolanıb,
Könül istər, o şahmara dolansın.
Ərzim alıb, iltimasım tutmasan,
Məcnun olsun, bu dağlara dolansın.
Bəyənmişəm xəsyətini, halını,
Yaradan bol vеrib huş-kamalını,
Sən Allah, gizlətmə mah camalını,
Şöləsinə, qoy, füqara dolansın!
Bal ki bahalandı, qırıldı arı,
Yağ satanlar mala saldı azarı,
Min manata qaldırdılar onları,
Nə gün çıxsın, nə sitara dolansın!
Dad sənin əlindən, çarxı-kəcmədar!
Ürəyimdə yüz dərmansız yaram var;
Aşıq – dəyirmançı, ağa – çarvadar,
Sərraf gəlsin bu bazara, dolansın!
Zalım cəllad nə giribdi qəsdinə;
Xəbər vеrin övladına, dostuna.
Şahlar şahı sayə salsın üstünə,
Ələsgər tək baxtı qara dolansın!
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət