Dərc edildi: Baxış sayı: 1388
Aşıq Ələsgər - Çəkmiyə
İnsan payız ölə, yazda dirilə
Zimistanda boran-qarı çəkmiyə.
Günü-gündən işi düşər müşgülə,
Hər kəs namus, qeyrət, arı çəkmiyə.
İncik olma qoca aşığın yaşından,
Vaqif ol könlünün eşq ataşından.
Bülbül gül yolunda keçər başından,
Əgər gül köysünə xarı çəkmiyə.
Eşq ucundan tapdı xatalar məni,
Qul deyə həbəşdə satalar məni,
Qoyub top ağzına, atalar məni,
Bəlkə, canım bu azarı çəkmiyə.
Xəstə könül gəzir bu təmənnada,
Möminlər pənahı, sən yetiş dada!
Mərd iyidə ölüm haqdı dünyada,
Yoxsul olub, ahü zarı çəkmiyə.
Ələsgər, dəstini üzmə damandan,
İstə mətləbini sahib-zamandan.
Məhəmməd ümməti çıxmaz zindandan,
Ta ki ağam Zülfüqarı çəkmiyə.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət