Dərc edildi: Baxış sayı: 920
Aşıq Babaş - Necoldu
Mat qaldım dünyanın həngaməsinə,
Adıbəlli neçə insan necoldu?
Aqillə nadana qiymət qoymadı,
Neçə-neçə sahib-zaman necoldu?
Adəmdən Xatəmə zənd et, fəhm elə,
Neçə canlar qovuşubdur xak ilə,
Neçə min nəbilər düşsə də dilə,
Qərib-qərib, pünhan-pünhan necoldu?
Kim kam aldı bu dünyaya gələli,
Halları var ağlamalı, gülməli.
Məhəmməd Mustafa, o Həzrət Əli,
İmam övladları canacan necoldu?
“Əshabi-Kəhfi”də eylədi bəhsi,
Harda bəndə düşdü Nuhun gəmisi?
Hatəmi, Yusifi, Lütü, Yunisi,
Udan üzüdönmüş dövran necoldu?
Gedən gedir, gələn olur bərqərar,
Babaş düşündükcə ürəyi ağlar.
Hələ bundan sonra qiyamət qopar,
Duymayanlar, ya da duyan necoldu?
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət