Dərc edildi: Baxış sayı: 612
Aşıq Alı - Zeynalın
Yanşaxda bir iyid gəlib ərsəyə,
Yoxdur bərabəri, tayı Zeynalın.
Qarşısına çıxan görünmür hələ,
Qüdrətdən verilib payı Zeynalın.
Mərcan Qamışlıda atdığı güllə,
Gilas budağından saldı bir gilə.
Yazdım tərifmi, yayılsın elə, -
Ucalsın qoy haqqı-sayı Zeynalın.
Aynalısı xub yaraşır boyuna,
Qoymaz ovu nəzərindən yayına,
Arzum budur gələm oğul toyuna,
Şən dolansın yazı, yayı Zeynalın.
Kamil səyyad oldu, sərrast kamandar,
Murovun sərini eylədi şikar.
Seyrəngahı oldu o qoca dağlar,
Oylağıdı Meydan çayı Zeynalın.
Aşıq Alı saldı hər yerdə bəhsin,
Aləmə şəms etdi sədasın, səsin.
Dörd pələngə qalib gələn qəməsin,
Eşidilməz hay-harayı Zeynalın.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət