Dərc edildi: Baxış sayı: 452
Aşıq Alı - Oldu
Cəfa çəkdim yar yolunda,
Heyif, eşqim hədər oldu.
Yar firqəti üzdü canım,
Ömrüm ah-vay, kədər oldu.
Cəhd eylədi bir neçələr,
Ömrümə hicran seçələr.
Yol verməyin dar küçələr,
Yar atlanıb gedər oldu.
Cüda düşər, keçər dağlar,
Gülsüz qalar bizim bağlar.
Alı tənha qalar, ağlar,
Dərdim dağlar qədər oldu.
Dəhrdə cəfa əlindən,
Əlif qəddim kaman oldu.
Əhdə bivəfa əlindən,
Hər gün haray, aman oldu.
Şah başında tac yaşadı,
Rəncbər əkdi, ac yaşadı;
Xoş sözə möhtac yaşadı,
Nə insaf, nə iman oldu.
Alı sözün dedi üzə,
Kül üfürdü dövran gözə.
Fələk sitəm etdi bizə,
Əhvalımız yaman oldu.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət