Dərc edildi: Baxış sayı: 537
Aşıq Alı - Dağlar qoynunda-qoynunda
Tənha qaldı nazlı yarım,
Dağlar qoynunda-qoynunda.
Cüt şamama peymanını,
Bağlar qoynunda-qoynunda.
Peşkəş olmaz nar gələnə,
Meyvə qalmaz qar gələnə.
Amanatı yar gələnə
Saxlar qoynunda-qoynunda.
El yox bizim ellər kimi,
Sadiq siyah tellər kimi,
Yarsız sular-sellər kimi,
Çağlar qoynunda-qoynunda.
Alını yarı şad eylər,
Bir kəs birini ad eylər,
Bülbül gülsüz fəryad eylər,
Bağlar qoynunda-qoynunda.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət