Slimfit
  1. ƏDƏBİYYAT

Aşıq Alı - Aşıq Alının Türkiyə səfəri ( IV hissə)

Aşıq Alı - Aşıq Alının Türkiyə səfəri ( IV hissə)
Sakura

Aşıq Alı - Aşıq Alının Türkiyə səfəri ( IV hissə)

Aldı Aşıx Alı:
Bəyənmirsən mənim kimi aşığı,
Sənin başın dağlamağa gəlmişəm.
Sazını sözünü, bir də özünü
Dustax edif saxlamağa gəlmişəm.

Xanım baxdı ki, yox, deyəsən, bu, özünə görə döyül.
- Aşıx, indiyə qədər bəlkə də sana rəhm eliyərdim. Bələ yekə- yekə danışdığına
görə başınnan qavax dilini kəsdirəjəm, dilini.
Qalyan-qorçu Əsəd baxdı gördü kü, xanımın başındakı qızdar təpədən-dırnağa
sarı kətan geyif. Aşıx Alı qalyan-qorçunun üzünə baxanda gördü kü, Əsəd qızdara
baxıf qısır inək danası kimi yalam-yalam yalanır. Aşıx Alının ölüv-öldürməyinin
ona heş bir istisi, soyuğu yoxdu.
Alı gülə-gülə Əsmər xanıma dedi:
- Xanım, vejinə alma, işində ol.

Aldı Əsmər xanım:
Sinəmdə qövr edir eşqin sövdası,
Silinsin könlünün qalmasın pası.
Yoxdu səndə aşıxlığın siması,
Nahax yerə bu meydana gəlifsən.

Alı dedi:
- Düz deyirsən, arvaddar kişilərə nə desə haxlıdı. Amma bu meydan arvad
meydanı döyül. Qulağını aç, məni yaxşı-yaxşı dinnə:

Dağılıfdı huşun, həmi idrakın,
Əlac etsin sana loğmani-həkim.
Laf eyləynən aç mətahın, tök yükün,
Sərraf mənəm, yoxlamağa gəlmişəm.

Qalyan-qorçu Əsəd gördü ki, xanım livasını dəyişif elə geyinif ki, baxanda
adamın huşu başınnan çıxır. Amma hiss elədi ki, xanımın qavirqotu, hindiqotu
Alıya təsir eləmir. Zalım oğlu xanımın lap əhədini kəsif.
Əsmər xanım dedi:
- Əyə aşıx, hərzə-hərzə danışma, qulağını aç, sözümün o biri xanəsini eşit:

Əsmərəm, qəddini döndərrəm yaya,
Əlimnən gedərsən ölkənə haya.
Aşıx deyif özün çəkmə ucaya,
Nahax yerə bu meydana gəlifsən.

Alı:
Çağırram Allahı, ol Mustafanı,
Gərdişi-dövranı, qadir sübhanı.
Bu Alıyı yaxşı öyrən, bil, tanı,
Qollarını bağlamağa gəlmişəm.

Söz tamama yetdi, Xanım bu dəfə laf ajıxlanıf özünnən çıxdı. Gedif livasını
dəyişdi, özünə yeddi rəng ziynət vuruf, başdan ayağa qonöyüz geyif geri qayıtdı.
Qalyan-qorçu Əsəd ona baxanda huşu başınnan çıxdı.
Öz-özünə dedi:
- Zalımın balası insan ha döyül, elə bil göydən enmiş huri- qılmandı. Allah
Alıya insaf versin. Heş belə xanımın xətrinə dəyəllər.
Əsmər xanım Alıya bir tərs nəzər salıf aldı görək nə dedi:

Gəndi laf eliyif, aşığam deyən,
Çox sənin kimisin qal eylərəm mən.
Min zülümnən səni çəkdirrəm dara,
O əlif qəddini dal eylərəm mən.

Aşıx Alı dedi:
- Xanım, vallah sana yazığım gəlir. Gəl daşı ətəyinnən tök. Nə özünə, nə bizə
gəl nahax yerə əziyyət vermə. Qoy çıxax öz yolumuznan gedək.
Xanım sevindi. Fikirrəşdi ki, yaqın sözü qurtarıf, ona görə aradan çıxmaq
istiyir. Yerini bir az da bərkidif dedi:
- Hələ Əsmər xanımın əlinnən sağ-salamat qurtaran olmuyuf.
İnşallah sənin də canını alajam.
Alı dedi:
- Vallah, aaz, murazını gözündə qoyajam:

Bəyənmirsən mənim kimi aşığı,
Aparıf özümə mal eylərəm mən.
Vallah sallam bir tükənməz yanara,
Yandırıf-yandırıf kül eylərəm mən.

Xanım baxıf gördü ki, yox, deyəsən, bu, ipə-sapa yatana oxşamır. Gəlsənə, bir
az da qorxudam. Bəlkə təntiyif, ağlını başınnan çıxarda bildim.
- Anasının oğlu, mənim on səkkiz şəyirdim var. Neçə-neçə aşıxları saldırmışam
zindana. Səni də indi onnara qatıf boynunuzu vurdurajam:

Çağır dədən, nənən yetişsin dada,
O cavan ömrünü verəjəm bada.
On səkkiz şəyirdim var bəylərzada,
Səni də onnara qul eylərəm mən.

Qalyan-qorçu Əsəd baxdı kı, Əsmər xanım Aşıx Alıyı şəyirddərinə qul eləmək
isdiyir, ürəyində dedi:
- Aya, bu zahmın qızı noloydu məni elə özünəjə qul eliyəydi.
Qalyan-qorçu, Əsmər xanım hayana gedirdisə, onun dalınnan baxırdı. Xanım o
qədər xoşuna gəlmişdi ki, o yeridikcə köksünü ötürüf deyirdi:
- Allah, nur yağır, Allah!
Aldı görək Alı nə dedi:

Yaxşı-yaman hər nə desən qanıram,
Eşqin ataşına mən də yanıram.
Mən bir məhək daşam qəlbi tanıram,
Səni üç qəpiklik pul eylərəm mən.

Əsmər ürəyində dedi: mən nə desəm, deyəsən, bu, cavavını tapajax. Gəl buna
elə bir biavırçı söz de ki, camahatın qavağında utansın. Deməyə söz tafmasın.

Aldı Əsmər xanım:
Mən Əsmərəm, nahax gəlməz dilimə,
Çara olmaz haxdan gələn ölümə.
Səni minnəm üz tutaram elimə,
Arpa, samanını bol eylərəm mən.

Qalyan-qorçu Əsəd qayıtdı o tərəfdən ki...
- Xanım, minə bilsən məni də tərkinə al.
Camahat gülüşdü.
Əsmər xanım qarının üzünə baxıf dedi:
- Ay nənə, bu nətəri aşıxdı. Ağlın nə kəsir?
Qarı dedi:
- Ay qızım, imanım kirpi dərisində olsun, əyər belə aşıx görmüşəmsə?! Bu aşıx
deyil, Ənzəli qamışıdı.
Aşıx Alı baxdı ki, yox, deyəsən, Əsmər xanımın cilovunu çəkməyin vaxtı çatıf.

Aldı Aşıx Alı:
Aşıx Alı təvəkküldü pirinə,
Sığınmışam o Kərrari-Kərimə,
Küçükləmiş qancıx kimi hürümə,
Axşam-savah yalın bol eylərəm mən.

Mehdixan irəli yeriyif dedi:
- Xanım, camahat səndən narazıdı. Novat indi Aşıx Alınındı. İndi o qavağa
düşəcək, sən cavaf verəjəksən.
Alı sazın zilini zil, bəmini bəm eliyif başdadı, nə başdadı.
Aldı görək nə dedi:

Əcəf yerdə keşdin mənim cəngimə,
Cəngimnən çıxmağa bir hünər gərək.
Maya dura bilməz nər qavağında,
Meydana girməyə nərə-nər gərək.

Saxla dilin özün üçün qadağa,
Əlimnən gedərsən arana-dağa.
Səməndər tək göydə qanad çalmağa,
Havada süzməyə balü-pər gərək.

Camalın şövqünnən dilim oldu təng,
Çayda balığ olar, dəryada nəhəng.
Mahalım Göyçədi, kəndim Qızılvəng,
Aşıx Alı birdi, birə-bir gərək.

Aşıx Alı sözdəri deyənnən sonra camahat dedi:
- Aşıx Alı, sən də qıfılbənd de, qoy görək özünnən deyən xanım nə cavaf verir.
Alı gülə-gülə dedi:
- Arvada bağlama deyif, cavaf istəmək ölüdən kəlmeyi- şəhadət soruşmax kimi
bir şeydi. İndi deyirəm. Mən deyəjəm, amma o gözünü döyəjək.
Aldı Alı görək Əsmər xanımnan nə soruşdu:

İnsi-cinni o yer, o göy yox ikən,
Hax nə əmr eylədi, yer nədən oldu?
Pərdeyi-hicavdan bir nəzər qıldı,
O dürrün içində nur nədən oldu?

Mehdixan dedi:
- Xanım, dillən, niyə dilin kəlmə tutmur.
Əsmər xanım dili dolaşa-dolaşa dedi:
- Mehdixan sağ olsun, havanın istisi, sazın səsi mənim başıma düşüf. Qoy
desin, hamısını birdən açajam.
Aşıx Alı qalyan-qorçu Əsədin üzünə baxıf gördü ki, dostu papağın dalını
yaman günortalayıf. Əsədin kefi Alvızın başında cöylan vurur.
Aldı sözün o biri xanələrini:

O bir nəzər qıldı gövhər tərlədi,
Bir qətrəsi düşdü, ümman eylədi.
Xışma gəlif Cəbrayıla söylədi,
Yandırdı şahpərin, nar nədən oldu?
 
Aşıx Alı duva istər pirinnən,
İltifat nəzərinnən, öz qüdrətinnən.
Bir dürr xəlq eylədi qüdrət sərinnən,
O dürrün içində nur nədən oldu?

Söz tamama yetdi.
Əsmər xanım cavaf verə bilmədi. Mehtixan Əsmər xanımın boyunbağısından
tutuf sürüdü meydanın ortasına. Dedi:
- Aşıx Alı, bunun canı da, pulu da sana halaldı. Nə desən, o da olajax.
Aşıx Alı dedi:
- Mehdixan, qardaşım, çox sağ ol.
Mən bu xanımı bağladığıma görə aparsam, Göyçə mahalında mana nə deyəllər.
Deməzdərmi, bu öz deyiklisinə qovuşmax üçün pul qazanmağa getmişdi, yoxsa
deyişif arvad almağa. Yaxşısı budu, toy xərcimi versin, gedim öz istədiyimi alım,
toyumu eliyim.
Əsməri buraxdılar ki, gedif pul gətisin. Bir azdan Əsmər xanım əlində iki kisə
qızıl pulnan qayıdıf gəldi. Pulları Alıya verif dedi:
- Aşıx Alı, sənin kimi oğula tək pulum yox, canım da qurvandı. Ürəyimi
istəsən, onu da sana əsirgəmərəm. Qalyan-qorçu da qoy getsin mənim qızdarımnan
pulunu alsın. Onnara tafşırmışam.
Əsəd ayağınnan yeri qurdalıya-qurdalıya dedi:
- Onun özü mənim olmuyannan sonra, pulunu zəhrimara döndərrəm.
Camaat dağıldı. Mehdixan aşıxları evinə apardı. Eloğlannarının şərəfinə gözəl
bir məclis düzəltdi. Yaxşıca yeyif-içif, dincəldilər. Savah tezdən xanımın
qaravaşdarınnan biri gəlif dedi:
- Aşıx Alı, xanım sizi çağırır.
Aşıx Alı duruf, sazını da götürüf Mehdixannan halal-hümmət eliyənnən sonra
Əsmər xanımın yanına gəldi. Bunnar baxıf gördülər ki, sufra, yemək-işmək öz
yerində. Amma xanım bu dəfə başqa livasdaydı. Hürü də, pəri də, mələk də onu
görsə utandığınnan qaçıf gizdənər, üzə çıxmazdı. Təpədən tökülən saç alaçıx
çuvuğu kimi yernən gedirdi. Xanımın zülfünün yarısı sinəsinin üstünə tökülüf
səhərin mehinnən dərddəşirdi. Bir az söhbətdən sonra Əsmər xanım üzünü qızdara
tutuf dedi:
- Qızdar, belə qara söhbətdərdən bir şey çıxmaz, sazımı mana gətirin.
Onun sazını gətirdilər. Əsmər xanım sazını sinəsinə basıf şüm-şad barmaxları
pərdələr üstündə gəzdirməyə başdıyanda qalyan-qorçu Əsəd Aşıx Alının qulağına
pıçıldadı:
- Aşıx Alı, burda alver məsələsi olsa, sənin nişannın var, bunu öz adına al,
mana ver. Aylığımnan tutarsan. Gözdəri bahar buludu kimi dolmuş Əsmər xanım
məlul-məlul Alının üzünə baxıf görək nə dedi:

Arifi-xoşkəlam, tutiyi-imran,
Gəl al məni, mən də sənnən varalım.
Kimdi bu dünyanın axırın görən?
Gəl al məni, mən də sənnən varalım.

 

(V hissə)

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşalı kişi, 1890-cı il.

Redaktor seçimi

SON XƏBƏRLƏR