Slimfit
  1. ƏDƏBİYYAT

Aşıq Alı - Aşıq Alının Türkiyə səfəri ( II hissə)

Aşıq Alı - Aşıq Alının Türkiyə səfəri ( II hissə)
Sakura

Aşıq Alı - Aşıq Alının Türkiyə səfəri ( II hissə)

Aman qasid, sən allahı sevirsən,
Mənim ərzim o canana deginən.
Qohum, qardaş, dost-müsahib olanlar,
Göz dikməsin qoy bu yana deginən.

Yeriyib vətənə varannan sonra,
Sən bizim elləri görənnən sonra,
Aparıf naməni verənnən sonra,
Dilcavavı yana-yana deginən.

Vəsmim dastan oldu, düşdü dillərə,
Heyif oldu, yetişən yox hallara,
Aşıx Alı düşdü tozdu yollara,
Yolum düşdü el Osmana deginən.

Ramazan kişi irəli yeriyif Aşıx Alının boynunu qucaxlıyıf üzünnən öpüf ağladı.
- Ayə, mən atanın çörəyini kəsmişəm. Məni yaman köyrəltdin. Haraya
gedirsən, yoxsa səni məcburu aparıllar?
- Yox, ay Ramazan əmi. Ozüm gedirəm pul düzəldəm gətirəm. Özümə toy
eliyəm.
- Allah üstünnən getsin, a bala. Cənabi Əmir ağam səni öz pənahında saxlasın.
Aşıx Alı kağızı Ramazan kişiyə verif dedi:
- Bu atı da apar dədəmə ver.
Halal-hümmət eliyif ayrıldılar. Duraxan yoldaşdarını da çağırdı. İyirmi bir
nəfər dəstə bağlıyıf Türküyəyə addadılar. Bir göylükdə əyləndilər. Aşıx Duraxan
dedi:
- O şəhəri görürsünüzmü? O şəhər Muş şəhəridi. Hər kəs də öz dəstəsini
götürüf şəhərin bir küçəsinnən gedəjək. Kim boş gəldi, kim dolu fərqi yoxdu. Pulu
bu göylükdə mən özüm böləjəm.
Aşıx Duraxan, Aşıx Alı, qalyan-qorçu Əsəd bir küçəynən gedirdilər. Gəlif
gördülər ki, bir çardağın altında üç paşa əyləşif.
- Mərhaba, paşam.
- Mərhaba, quzum. Quzum, yanşaxsınız?
- Bəli, paşa sağ olsun, yanşağıx.
Yanşıyın dinniyək. Xoşumuza gəlsə, sizə eylik eliyəjəyik. Xoşa gəlməsə, şəhər
böyükdü, genə gedərsiniz öz yolunuznan.
Sazdan çıxartdıq. Köklüyüf bir-birinin üstə düzəltdik. Yayın isti günündə elə
bir şövqnən oxumağa başdadıx ki, gəl görəsən. Aşıx Durxannan çıxan səs göydə,
ala buludda əyləşirdi. Camaat səsimizə axışıf gəldi. Pul başdadı yağış kimi
yağmağa.
Aşıx Alı deyir gözümün qırağınnan pula baxdım. Ürəyimdə Allaha yalvardım
ki, nolaydı, payıma iki yüz yetmiş manat düşəydi.
Bir də gördüm kü, uca boylu bir adam gəldi. Boyda-buxunda Koroğluya on
təpik vurmuşdu. Əynində bir şalvarı varıydı, hər civinə üç yaşında bir uşax
salsaydın bilməzdin hayana getdi. Başındakı fəsinin ortasında da yarım
girvəngədən artıx qotazı varıydı Ədəfnən salam verif dizini yerə qoydu. Civinnən
bir ipək dəsmal çıxartdı. Pulu dəstələyif saydı, sonra dəsmalın arasında qoydu.
Ayağa qalxıf pulları şalvarının civinə salıf dedi:
- Yanşaxlar, üç yüz iyirmi manat quruşunuz oldu.
Bunu deyif heş nə olmamış kimi kir-kirimiş çıxıf getdi. Mən dözə bilmiyif Aşıx
Duraxana dedim:
- Ay usta, qoyma pulu apardı.
Aşıx Duraxan dedi:
- A bala, bunu sən tanımırsan, uzun pazdı, başımıza oyun açar, qoy aparsın.
Gedif o biri küçədən yığarıx.
Dedim:
- Əmi, o pulu yığana kimi yayın istisində gözümə qan damıf. Sazın köynəyinin
harada qalmasına baxmıyıf, düşdüm bunun dalıncax. Gördüm bu yoxdu, amma
ağac çarpayının üstündə bir paşa əyləşif. Bunnarın salamını öyrənmişdim. Əl
köksümə qoyuf baş əydim. Dedim:
- Mərhaba, paşa!
- Mərhaba, quzum. Buyurun mətləbinizi deyin. Sizi dinniyirəm.
- Paşam sağ olsun, bu nişan bir oğlan bizim quruşdarımızı qaçırıf, bu doqqaza
girdi.
- Oğul, o qaçırtmaz. O mənim aşığım Yığvaldı. O yaqın sizə bir qafiyə deyif.
Siz də cavab verə bilmiyifsiniz.
Dedim:
- Paşam sağ olsun, gəlsin o qafiyiyi burda desin. Əgər cavaf verə bilməsək,
onda bizim döyranımız ona halaldı.
Paşa Yığvalı çağırtdırdı. Yığval gəldi. Diz üstə çökdü, əl köksünə qoyuf paşıya
baş əydi. Paşa soruşdu:
- Oğul, bunnar müsafirdilər. Niyə bunnarın quruşunu qaçırdıfsan?
Yığval dedi:
- Paşa sağ olsun. Mən para qaçırtmamışam. Bunnara bir qafiyə demişəm, cavab
verə bilmiyiflər.
Bu arada Duraxan da gəlif burya çıxmışdı. Aşıx Alı dedi:
- Paşam, budu ustadım da gəlif çıxdı. Sənin aşığın bizə heş bir bağlama-zad
demiyif.
Usta deyəndə qayıtdım Duraxanın üzünə baxdım. Onun qulağına dolanan
bığları qorxusunnan aşağı tüşüf, xırman çalğısı kimi boğazının altınnan
düyünnənəsi olmuşdu.
Paşa dedi:
- Oğul, fərqi yox, indi ya sən, ya da sənin ustadın düşün qavağa.
Mənim aşığıma bir qafiyə deyin.
Aşıx Alı dedi:
- Paşa sağ olsun, ustadımın mana çox əziyyəti oluf. Mən razı olmaram ki, ona
genə zəhmət verim. Mən sənin aşığınnan bajarmasam, onda ustadım meydana
girəjək.
Aldı Aşıx Alı görək nə dedi:

Gəndinə aşığam deyən,
Aşıxsan meydana gəl
Namərd girməz bu meydana,
Mərd isən meydana gəl.
Gəndi olan gəndisini,
Öyməyi layıx döyül,
Şimdi sazın aləminə,
Bu cəngi-dövrana gəl.

Aldı Yığval:
Sən ki, varsan bir adasan
Axırsan ümmana gəl,
Mən danışım, sən qulax as,
Mərfətə, ərkana gəl.
Sən satansan, mən də alan,
Açkınan mətahını,
Malın satma hər nadana,
Xırdarın alana gəl.

Duraxan baxıf gördü, bu cavan aşıx özünə görə döyül. Yığvalı lap təntidif. Bir
də ürəyinə gəldi ki, birdən ustadı meydana çağırallar. Biavırçılıx olar. Ona görə
qalyan-qorçuya dedi:
- Əgər desələr, usta da oxusun, sən tez dillənif denən ki, usta yornuxdu.
Aldı Alı görək nə dedi:

Ey arifə, bir salam ver,
Soruşum halın görüm,
Həqiqət haqq aşığısan,
Söylə, kamalın görüm.
İncil, Zəbur, Tövrat, Qur'an
Göstər kitabın görüm.
Dostum, əgər bütpərəstsən,
Bu narı-neyrana gəl.

Paşa dilləndi:
- Sağ ol, Aşıx Alı. İndiyə qədər mən bilmirdim ki, bu nə məssəvə qullux eliyir.
Elə yaxşı eliyif soruşursan.
Yığval dedi:
- Paşa sağ olsun, indi söznən kim olduğunu bəyan eliyəjəm.

Aldı Yığval:
İsayiyəm, Musayiyam,
Hər nəyəm öz yolumda.
Haqqınan söz söylərəm,
Mə'rifət kamalımda.
Şimdi paşam qulluğunda,
Sədirəzəm yanında.
Haqqında divan kəssələr,
Ədalət divana gəl.

Paşa dedi:
- Kəs, nadürüst oğlu, nadürüst. Bu cavan aşıx sənnən dörd kitavı xəvər aldı. Bu
nə cavabdı verirsən. Dörd kitabın birinə də yiyə durmadın.
Aşıx Alı dedi:
- Paşa sağ olsun, görünür, o öz millətini, hələ tapa bilmiyif. Yazıxdı, deyim,
qoy örgənsin.

Aldı Alı:
Mən Alıyam tamam Leyli
Nahar söylərəm mədhi,
Mə'rifəti, şəriəti, 
innəqan haxdı, təriqəti,
İsayisan "İncil"i sev,
Musayisan "Tövrat"ı.
Gər Məhəmməd hümbətisən,
Boyun əy, "Qur'an"a gəl.

Yığval dedi:
- Paşa sağ olsun, mən də Məhəmməd hümbətiyəm. İndiyə qədər
soruşmuyufsan, mən də deməmişəm. İndi icazə versən söznən deyərdim:

Aşıx Yığvalam, bilin,
Fərzi-sünnət qanıram.
Əlif Allahın adıdı,
Bey peyğəmbər tanıram.
Tay Tabərrah, qəni Allah,
Ona səjdə qılıram.
Xilqətimdi Adəm ata,
Sey xaki-yeksanə, gel.

Paşa dedi:
- Oğlum, indi də mənim aşığım qavağa düşəjək. Siz cavaf verəjəksiniz.
Aldı görək Yığval Aşıx Alıyı nejə imtahana çəkdi.

O nədi ki, otuzunda cavandı,
On beşində qojalanar, uludu?
O nədi ki, dili ayrı, sözü bir,
Hansı dərya, hər dəryadan doludu?

Duraxan baxıf gördü kü, Yığval yaman qəliz məsələlərdən yapışıf. Öz-özünə
fikirrəşdi ki, bu çox çətin açılajax. Qalyan-qorçu Duraxanın üzünə baxanda gördü
kü, ustad yaman qorxuya düşüf. Ona ürək-dirək vermək üçün dedi:
- Qorxuf eləmə, Aşıx Alı cavavını verəjək.
Aldı görək Aşıx Alı nə cavaf verdi:

O aydı ki, otuzunda cavandı,
On beşində qojalanar, uludu.
O qələmdi dili ayrı, sözü bir,
O elmdi hər dəryadan doludu.

Duraxan qalyan-qorçu Əsədə dedi:
- Əsəd, mən elə bilirdim ki, bu kişinin başı dəryadı. İndi gördüm kü, kişinin
oğlunun başı dərya döyülmüş ümmanıymış.
Aldı Yığval görək sözün o biri xanəsində nə dedi:

O nədi ki, qışda dağlar bürüyər?
O nədi ki, əl dəyməmiş hörülər?
O nədi ki, amanata verilər?
O nədi ki, o da onun gülüdü?

Aşıx Alı görək nejə cavab verdi:

O qardı bil qışda dağlar bürüyər,
O könüldü məhəbbətnən hörülər.
O urufdu amanata verilər,
İlqar, iman o da onun gülüdü.

Aldı Yığval:
O nədi ki, hax yanında nahaxdı?
O nədi ki, yerə-göyə dayaxdı?
O kimdi ki, yatmıyıfdı, oyaxdı?
Aşıx Yığval hər elmdən halıdı.

 

(III hissə)

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məcburi köçə məruz qalan Bolqar Türklərinin qatardan çıxış anı 1989-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR