Dərc edildi: Baxış sayı: 597
Aşıq Abbas Tufarqanlı - Ayrı salmasın
Başına döndüyüm alagöz Pəri,
Tanrı səni məndən ayrı salmasın.
Haqq götürsün bu qarını aradan,
Nişanəsi bu dünyada qalmasın.
Gedəni gəlməsin, yatanı ölsün,
Göz-göz olsun, qabıq qoysun, soyulsun,
Hər yanına yetmiş piltə qoyulsun,
Nə yığıb yerini salan olmasın.
Ciyərin doğrasın bir alagöz bıçaq,
Yeddi il yan yerdə uzansın naçaq,
Qohumu-qardaşı düşsünlər qaçaq,
Əhvalını xəbər alan olmasın.
Sən pozmusan yazıq Abbas halımı,
Mən sənə neylədim, Tanrı zalımı.
Çəkim ciyərinə mən çəngalımı,
Cənazənə yaxın gələn olmasın.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət