“ASAN xidmət”in yeni “Çağrı” mərkəzi açılıb
Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “Çağrı” mərkəzinin yeni inzibati ofisinin açılışı olub.
Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev mətbuat nümayəndələrini mərkəzin inzibati binası ilə tanış edib və ətraflı məlumat verib.
Ü.Mehdiyev bildirib ki, “Çağrı” mərkəzi “ASAN xidmət” yarandığı gündən fəaliyyət göstərir: “Çağrı” mərkəzi “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti ilə bağlı informasiya xidmətinin göstərilməsini, xidmətlərlə bağlı şikayət və təkliflərin qəbul olunmasını həyata keçirir. Gündəlik 3 minə yaxın zəng qəbul olunur. İndiyə kimi 30 nəfərlik kollektivlə fəaliyyət göstərdiyi üçün mərkəz bütün müraciətlərə cavab verə bilmirdi. Yeni “Çağrı” mərkəzi müasir texnika və digər avadanlıqlarla təchiz olunub. Xidmətdə ən son yeniliklər tətbiq edilib. Bundan sonra heç bir vətəndaşın zəngi itirilməyəcək, heç bir vətəndaş cavab üçün çox gözləməli olmayacaq”.
Onun sözlərinə görə, xidmət zallarında ümumi olaraq 100 əməkdaşın fəaliyyəti nəzərdə tutulub: “Mərkəzdə işə dövlət qulluğuna imtahanla keçən şəxlər götürüləcək. Onlar xüsusi təlimlərə cəlb olunacaq. “Çağrı” mərkəzi özəl sektorun xidmətləri ilə bağlı məlumatları da vətəndaşlara çatdıracaq”.
Qeyd edək ki, hazırda 108 “Çağrı” mərkəzi vasitəsilə müraciətlər həftənin bazar ertəsi-cümə günləri saat 10:00-dan 19:00-dək, şənbə günü 10:00-dan 14:00-dək qəbul olunur.
Mənbə: Moneta.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət