Arşın mal alan (film, 1945)
Arşın mal alan tammetrajlı bədii filmi rejissorlar Rza Təhmasib və Nikolay Leşşenko tərəfindən 1945-ci ildə ekranlaşdırılmışdır. Film Bakı Kinostudiyasında istehsal edilmişdir. Bakı, XX əsrin əvvəli. Gənc tacir Əsgər evlənmək fikrinə düşür. Lakin dövrün qaydalarından fərqli olaraq o, qızı toydan öncə görüb sonra evlənmək istəyir. Bəs nə etməli? Bu məsələnin həllində dostu Süleyman onun köməyinə gəlir. Filmdə əsas rolları Rəşid Behbudov, Leyla Bədirbəyli, Ələkbər Hüseynzadə, İsmayıl Əfəndiyev, Münəvvər Kələntərli, Lütfəli Abdullayev, Fatma Mehrəliyeva və Rəhilə Mustafayeva ifa edirlər.
Məzmun
Bakı, XX əsrin əvvəli. Gənc tacir Əsgər(Rəşid Behbudov) evlənmək fikrinə düşür. Lakin dövrün qaydalarından fərqli olaraq o, qızı toydan öncə görüb sonra evlənmək istəyir. Bəs nə etməli? Bu məsələnin həllində dostu Süleyman(İsmayıl Əfəndiyev) onun köməyinə gəlir...
Film haqqında
- Film kinostudiyanın 1941-ci il planına salınsa da, Böyük Vətən müharibəsinin başlanması ilə çəkilişi təxirə salınır.
- Musiqili film Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun eyniadlı operettası əsasında ekranlaşdırılmışdır.
- Təkcə 1945-ci ildə bu filmə (ekrana buraxıldıqdan sonra) 16,27 milyon tamaşaçı baxmışdır. 8-ci yeri tutmaqla prokat lideri olmuşdur. ("Domaşnaya Sinematika" bədii filmlərinin kataloqu. Moskva, 1966).
- Rusiya kinosunun 100 illiyi münasibətilə aparılan sosioloji tədqiqatlar nəticəsində sovet kinosunun inkişafına əhəmiyyətli təsir göstərmiş sovet filmlərinin və sovet ekranında uzun illər nümayiş etdirilmiş xarici ölkə filmlərinin arasından "100 Sevimli film" seçilmişdir. Həmin filmlər üç hissəyə-Qızıl, Gümüş və Bürünc siyahılara ayrılmışdır. 1945-ci ildə istehsal olunmuş "Arşın Mal Alan" kinokomediyası məşhur kino mütəxəssislərinin yekdil rəyi ilə "Qızıl Siyahı" ya daxil edilmişdir.
- Film Sovet dövründə 136 ölkədə nümayiş etdirilmiş, 86 dilə tərcümə edilmişdir.
- Mədəniyyət və Turizm Nazirliyi Beynəlxalq Bankın maliyyə dəstəyilə "Arşın mal alan" filminin Moskva Film Fondundakı nüsxəsinin ölkəmizə gətirilərək, Azərbaycan dilində yenidən bərpa olunmasını təşkil edib. 16 may 2006-cı ildə film 60 illiyində ilk dəfə nümayiş etdirilib.
- Film 2013-cü ildə Heydər Əliyev Fondunun təşəbbüsü, AtaHoldingin dəstəyi və “Peachline” şirkətinin təşkilatçılığı ilə film bərpa olundu və rəngləndi.
- Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə bərpa edilmiş və rənglənmiş “Arşın Mal Alan” filmi 19 sentyabr 2015-ci ildə Hollivudda nümayiş olunub. Filmin nümayişi Azərbaycanın ölməz bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 130, görkəmli sənətkar Rəşid Behbudovun 100, “Arşın Mal Alan” filminin isə 70 illiyinə həsr olunub. Filmi 650 nəfərə yaxın tamaşaçı izləyib. Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun təşkilatçılığı ilə Azərbaycan kino sənətinin əvəzsiz incilərindən biri olan "Arşın mal alan" filmi Hollivudun məşhur “Ricardo Montalban” kinoteatrında nümayiş olunub.
- 2018-ci ilin martında "Xarici ölkələrin filmləri" həftəsi çərçivəsində Parisin "Balzak" (fr. Le Balzac) kinoteatrında nümayiş olunub.
Mükafat
1946-cı ildə bəstəkar Üzeyir Hacıbəyova (ölümündən sonra), rejissor Rza Təhmasibə, aktrisa Leyla Bədirbəyliyə, aktrisa Münəvvər Kələntərliyə, aktyor Rəşid Behbudova, aktyor Lütfəli Abdullayevə və aktyor Ələkbər Hüseynzadəyə SSRİ Dövlət Mükafatı verilmişdir.
Filmin üzərində işləyənlər
Əsərin müəllifi: Üzeyir Hacıbəyov
Ssenari müəllifi: Sabit Rəhman
Rejissor: Rza Təhmasib, Nikolay Leşşenko
Operator: Əlisəttar Atakişiyev, Muxtar Dadaşov
Rəssam: Yuri Şvets
Bəstəkar: Üzeyir Hacıbəyov
Rollarda
Rəşid Behbudov — Əsgər
Leyla Bədirbəyli (Leyla Cavanşirova kimi) — Gülçöhrə
Ələkbər Hüseynzadə — Soltan bəy
İsmayıl Əfəndiyev — Süleyman
Münəvvər Kələntərli — Cahan xala
Lütfəli Abdullayev — Vəli
Fatma Mehrəliyeva — Telli
Rəhilə Mustafayeva — Asya
Mirzəağa Əliyev — məşədi İbad
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət