Slimfit
  1. MEDİA

Arifoğlu: Bunu etsək, ermənilər Qarabağdan qaçacaq

Arifoğlu: Bunu etsək, ermənilər Qarabağdan qaçacaq
Sakura

Arifoğlu: Bunu etsək, ermənilər Qarabağdan qaçacaq

Teleqraf.com-un “Brifinq” layihəsinin qonağı “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğludur.

Qurban Yaquboğlu: Uzun illər çap mediasında çalışmışınız. Bir ara deyirdilər kitab oxunmur, indi Azərbaycanda kitab oxunmağa başlayıb. Bəs qəzet oxuyan varmı?

- Print medianın vəziyyəti yaxşı deyil. Təkcə ona görə yox ki, oxuyan yoxdur. Ona görə ki, azərbaycanlılar texniki nailiyyətlərə Türkiyə və başqa cameələrdən daha tez adaptasiya olunur və onlayn oxumağa üstünlük verirlər. Bunu apardığımız kiçik rəy sorğuları da sübut edir. Onsuz da bazarımız əhalinin sayına görə dar idi, indi vəziyyət daha da pisləşib. Amma ənənə və tarix baxımdan çap medianı saxlamaq mühümdür, eyni zamanda hələ də minlərlə insan var ki, qəzet oxumaq istəyir. Ticari vəziyyəti düzəltmək lazımdır.

Bizim qəzetlərimizin ticari görünüşü satış üçün uyğun deyil. Onu düzəltmək üçün də gərək ucuz mətbəə olsun. Rəngli mətbəələrdə qəzet çıxarmaq çox baha başa gəlir. Biz ona görə də çalışdıq ki, onun küncə sıxılması və can verməsi prosesini izləməkdənsə, bu imkanları birləşdirək. Neylədik? Baza, işçilər, eyni zamanda sistem, planlaşdırma olaraq bütün işi çap mediası üzərində qurduq - işə gəlmək, qrafik, davamiyyət, xəbər, yazı istehsalı, köşə yazıları və sair. Bunu müsavat.com üzərindən internet mediası statusuna yüksəltdik.

Səhər açılır, bütün onlayn media saat 10:00-a iki-üç xəbər yerləşdirir, biz isə saat 8:00-10:00 arasında 150 min işarəlik xəbər qoyuruq. Çünki arxada print media, 16 səhifəmiz var, 15 səhifə sayta yüklənir, bu, manşet, onlyan medianın yerdə komponentlərinə mövzu verəcək yeni tapıntılar, müsahibələr deməkdir.

Axı qəzetdən gələnlər indiki halda məktəb keçiblər. Azərbaycanda onlayn media məktəbi yoxdur axı, sosial şəbəkə məktəbləri də yoxdur, özünəöyrənmədir. O baxımdan üstünlük bizdə var. Açıq etiraf edim ki, digər onlayn media quruluşları bizi keçir, amma günortaya qədər yığdığımız “ay-pi”lər bizi axşama qədər daşıya bilir. Paralel ekrana, yəni telefona “stavka” elədik, indi onun əsridir, ənənəni saxlamaq şərtilə dəyişim elədik. Hələ ki davam edirik. Yeri gəlmişkən, bu il “Yeni Müsavat” qəzetinin 30-cu ilidir.

Qurban Yaquboğlu: Deyəsən, abunə kampaniyasına da başlamışdız. Belə aksiyalar hərdən olur, nəticə necədir?

- Nəticə unikal oldu. Əvvəla məlum oldu ki, qəzet oxumaq istəyənlər hələ də var və onların sayı çoxdur. Onlayn media tərəfdarları belə qəzetə dəstək verir. Eyni zamanda bir çoxları o fikirdədir ki, ənənəni dayanmağa qoymaq olmaz. Biz təxminən 1500 saya yaxın abunə yığdıq. Düzdür, böyük əksəriyyəti 4-5 aylıqdır, 1 illik çox azdır, hər halda o mərhələni keçdik.

Onsuz da elə bir problemimiz yoxdur, həm də digər media quruluşlarına da vəziyyətdən çıxış yollarını göstərdik ki, oxucuya yönəlik daha bir aktivlik mümkündür. Elədik, “Şərq” və başqa qəzetlər də buna qoşuldular və hesab edirəm ki, ümumi Azərbaycan üzrə evində sistematik qəzet oxuyanların sayı bir neçə min nəfər çoxaldı.

Nərgiz Ehlamqızı: Politoloq Elxan Şahinoğlunun Feysbukda bir status paylaşıb şikayətlənmişdi ki, abunə olduğum qəzetləri gündəlik oxumaq istəyirəm, amma yığıb həftədə bir dəfə gətirirlər, buna görə abunəlik məsələsinə yenidən baxacağam...

Düz deyir, hələ Bakıda belədir, görün, rayonlarda necədir... Sovet dövründə poçtalyon təsisatı vardı, kəndlərdə velosiped və ya atla qəzet daşıyırdılar. Sovet hakimiyyəti ən ucqar kəndlərə belə qəzet getməsinə önəm verirdi. Bu sistemi bərpa etmək lazımdır. Buna da imkan var. Dövlət mənə qrant versə, özümüz təsisat yaradıb Azərbaycanı əhatə edə bilərəm. 12-15 min əlavə abunə vasitəsilə tirajına artırılması mümkündür. İllər öncə bir neçə dəfə Soros və başqa təsisatlara müraciət edib bu sistemi qurmaq üçün cəhd eləmişəm. Bizdə bütövlükdə yayım infrastrukturu Bakı, Sumqayıt, Gəncə, bir də Naxçıvanla məhdudlaşıb.

Dükana qoyurlar, qəzetlə bərabər başqa avadanlıqlar da satırlar, onu biznes nöqtəsinə çeviriblər. Qəzetin gəliri ən sonda dayanır, xala-xətrin qalmasın deyə satırlar.

Aynur Camalqızı: Problemləri qeyd elədiniz, bu reallıqda sizcə, bu qədər qəzet saxlamağa ehtiyac varmı? Bir halda ki, oxucu azdır, həvəssizdir...

- Qəzeti kollektiv və menecer saxlamalıdır. Özü üçün niyə saxladığını müəyyənləşdirməlidir. Mənim üçün bu məsələ aydındır. Bu sual KİVDF üçün aktualdır. Mən o qədər çox çap media quruluşunu saxlamağın tərəfdarı deyiləm. Tirajı çox deyilsə, 10-15 illik tarixi yoxdursa, həmin qəzetlərin sayt variantına dəstək vermək lazımdır. Dövlətin pulları oraya yatırılsa, daha mühümdür. Çünki bu gün Azərbaycanın daxili auditoriyasına ideoloji müharibəni çap mediası deyil, internet üzərindən həyata keçirirlər. Buna görə də daxili auditoriyaya xitab edən internet media vasitələrinin gücləndirilməsi və sayının artırılması aktualdır.

Amma Azərbaycanın yaxın tarixində ənənəsi olan 10-12 qəzet var ki, onların dotasiya hesabına olsa belə davam etməsi vacibdir. Nə bilmək olar, bəlkə 5 il sonra internetdən televiziyaya, qəzetlərə geridönmələr olacaq. Bayaq Qurban bəy kitab oxuyanların sayının periodik olaraq geri döndüyünü dedi. Kampaniyalar şəklində olur, yaxud hansısa mərhələ gəlir.

Aynur Camalqızı: Bəs xaricidilli media orqanlarının yaradılmasına, mövcud olanların fəaliyyətinin daha da intensivləşdirilməsinə münasibətiniz necədir? Biz informasiya müharibəsindən danışırıq, amma çox təəssüf ki, azərbaycandilli mediada nə yazsaq, dünyaya səsimizi çatdıra bilmirik.

Bu barədə fikrimi açıq deyim, ingilisdilli, fransızdilli, italyandilli və s. media quruluşlarını yaratmağa çox tələsməyə ehtiyac yoxdur, yaratmaq da lazım deyil, təşəbbüs göstərilsə, məlum olacaq ki, nə auditoriya, nə də kadr imkanları var. Mütləq “Əl-Cəzirə” kimi Azərbaycanın dünyaya xitab edən ingilis dilində media quruluşu olmalıdır. Bunu biz yaratmamalıyıq, biz cəhd etsək, nə avadanlıqlarımız, nə də pulumuz çatar, ingilisdilli mütəxəssislər qıt olduğu üçün bahadır.

Axı, yaranan kimi bazarda “Yeni Müsavatla” yox, CNN-lə, “Əl-Cəzirə”, türk arealında ən güclüsü olan “TRT World”lə rəqabət aparacaq. Bunlarla rəqabət apardığı üçün böyük kapital və dövlət dəstəyi lazımdır.

“TRT World”ün təkcə London bürosu 103 nəfərdən ibarətdir, görün nə qədər böyük şəbəkədir. Digər dillərə gəlincə, rus dilinə üstünlük verilməlidir. Azərbaycan ideoloji müharibədə rusdilli arealda, Moskvada çıxan və oradan yayımlanan TV və saytlara uduzur. 2016-cı ilin aprel hadisələri zəif yerlərimizi göstərdi. Ona görə də birinci bunların sayı artmalıdır, say artdıqca rəqabət olacaq və içərisindən həm mütəxəssislər yetişəcək, həm də daha güclüləri önə çıxacaq. Ermənilər buna çoxdan diqqət ayırıblar. Kimin imkanı, maliyyəsi varsa, rusdilli media yarada bilər, rusdilli arealda rəqib və düşmənlərimiz çoxdur. Qalan gücü daxili auditoriyaya xitab edən və populyar media quruluşlarına vermək lazımdır.

Daxili auditoriya bizim üçün strateji məsələdir, bütün oyunlar, informasiya müharibəsi, təxribatlar bu auditoriyanı təhrik etmək üçündür. Hər hansı provakativ məlumatlar selinin qarşısında dayana biləcək və auditoriyanın etimad etdiyi, mötəbər hesab elədiyi media quruluşları qurulmalıdır. Təkcə qəzet, sayt anlamında demirəm, Yutub, Feysbuk kanalları daha da genişlənməlidir.

Hər şey ölkəyə sosial şəbəkə üzərindən gəlir və ölkəyə sızır, onların qarşısında mötəbər kanallar olmalıdır. Qarşıdakı hansı prinsiplə işləyirsə, sən də o prinsiplə işləmək imkanları və lüksü əldə etməlisən. Məsələn, Avropada oturan mühacirlərin bir qismi xarici xüsusi xidmət orqanları vasitəsilə örgütlənib, Yutub, Feysbuk platformasında ölkəyə hücum edib zirehlərini dəlməyə çalışırsa, onların metodlarından burada qurulmalıdır. O, çox kəskin edir, sən konstruktiv tənqid eləməlisən. O, tənqidlər sayəsində populyar oldu, sən onun qarşısına verilişlərə ölkədə populyar olan hansısa siyasi düşərgəyə o qədər də bağlı olmayan adamları çıxarmalısan.

Heydər Əliyevin hakimiyyəti illərində Azərbaycan mediasına gətirdiyi tənqid baxışı və canlı yayım modeli ölkəyə qayıtmalıdır, qayıtmasa efir Avropaya axacaq. Efir də bir vətəndir, onun da sərhədləri var. Bizim bu vətənimizi niyə Orduxanlar, Vidadilər işğal eləsin ki?! Onların çağırış və söyüşlərindənsə Azərbaycandakı analoji kanallar insanların, sosial qrupların problemlərini dilə gətirilməli, çağırış və tənqid etməlidir.

Heydər Əliyevin dövründə xaricdən heç kim azərbaycanlının əli ilə TV də qura bilmədilər, bir neçə telekanal vardı, amma populyar olmadı, çünki ANS, “Yeni Müsavat” və başqa quruluşlar o işləri görürdü, əhalinin kənara axmasına heç bir ehtiyac yox idi.

Qurban Yaquboğlu: Bütün hallarda media qurumları boz olmamalıdır...

- Əlbəttə, televiziyadırsa, pultun düyməsini basıb başqa yerə keçirir, qəzetdirsə oxumur, saytdırsa, başqasına keçir.

Aynur Camalqızı: Print media bir məktəb idi, ən zəif jurnalisti bir müddət sonra yetişdirmək olurdu. Amma onlayn mediada buna imkanlarımız yoxdur, rəqabət mühitində saniyələrlə işlədiyimiz üçün artıq peşəkarlıq üzərində çalışmağa vaxtımız yoxdur. Bakı Dövlət Universitetində və başqa ali məktəblər isə bizə peşəkar jurnalist yetişdirə bilmirlər. Bizdə xarici dildə yazan jurnalist yoxdur. Fakültələr sovet sistemindən qalma üsullarını dəyişib çağdaş çağırışlara cavab verən təhsil sistemi üzərində düşünməlidir. Təhsildə ingilis və rus dillərinə önəm verilməlidir. Sizin təklifləriniz nələrdir?

Jurnalistika fakültələrinə, kadrdan tutmuş ixtisasa qədər inqilabi dəyişiklik olmalıdır. Praktiki jurnalistika ilə məşğul olan adamların master-klasslarını təşkil etmək lazımdır. Heyfdir, kadrlar gəlib oxuyurlar, il ərzində 3-4 potensialı olan imza çıxa, ya çıxmaya. Sosial media və onlayn media istiqamətində ixtisas yaradılmalıdır.

Onlayn mediaya gələn uşaqlar yaxşı çəkə, göstərə bilirlər, amma bunu xəbər elə, başlıq qoy deyəndə qalırlar belə. Yaxud yazdıqları xəbərlərdə çoxsaylı səhvlər olur. Biz bu dəqiqə özümüzlə, rəqib saytlarla yox, sosial şəbəkələrlə yarışırıq. Məsələn, bu gün AzTV-də idim, foto çəkib Feysbukda paylaşdım, xəbər getdi ki, axşam tok-şou olacaq, siz də götürüb ondan xəbər düzəltdiniz. Sürətə bax.

Xəbərçilikdə 8-10 saat olan hadisəni qabaqlamaq imkanları var. Yeni nəsil xəbəri şriftlə oxumaq istəmir. Bunu təəssüflə müşahidə edirəm, bu, az qala keçmişdəki kimi görüntü və qulaqla almağa üstünlük verir. İstənilən halda jurnalistikaya gələn adamın halda baza təhsili olmalıdır. Olmasa parlaq gələcəyimiz yoxdur.

Qurban Yaquboğlu: 1989-cu ildən başlayan “Yeni Müsavat” layihəsində son bir neçə ildə sizin fiqurunuzun bir az zəiflədiyi hiss olunur. Sanki kollektiv, ayrı-ayrı adamlar sizin personanızdan qabağa keçib. Bu, nə ilə bağlıdır?

- Elədir. Əvvəllər oynayan məşqçi idim, buna ehtiyac vardı. Sonra ancaq məşqçi, menecer oldum. İndi də yazıram, manşetlər, bəzən xəbər yazıram. Kollektivin vatsap qrupu var, bəzən şəkil atıram ki, buna təcili söz yazmaq lazımdır. Kimsə yazana kimi əlim dinc durmur, beş cümlə ilə yazıram, ən tirajlı xəbər olur. Azərbaycanın ən məşhur köşə yazarı Zamin Hacı, Xalid Kazımlıdır, onlar da bizdə yazır, başqaları sizdə yazırlar. Amma köşə yazıları ilə hər hansı manşet xəbərinin tirajını müqayisə edin, nə qədər “ay-pi” gətirir? 1500 biri, 30-40 min başqası olur. Bu, yenilikdir.

Artıq mən bir menecer kimi bunların bazarlama prosesi, yəni öz işimlə məşğulam. Əvvəllər medianı fikir yazıları daşıyırdı, indi mənim kimi yazarların yazılarına inan ki, bazarda o qədər də yüksək ehtiyac yoxdur. Ayrı-ayrı qruplar, siyasətin başqa-başqa sektorunda olan insanlar üçün xitab edirdik, indi bütövlükdə yeni oxucu kütləsinə xitab edirik.

“Yeni Müsavat” qəzeti bir partiya qəzetindən xəbər portalına, media qrupuna keçidi yaşamış, çox mürəkkəb taleyi olan bir media quruluşudur. Bu transformasiyanı həyata keçirmək elə asan məsələ deyildi. Yazmaqda davam etsəydim, bu transformasiya olmayacaqdı. Yazmağı dayandırıb bu prosesi həyata keçirməklə “Yeni Müsavat” qəzeti kimi ağır dili olan müxalifət media quruluşunun sayt variantı, rus dilində versiyaları, başqa saytları, Feysbuk və Yutub kanalları oldu. Bu, əvvəlki gücümüzü bir neçə dəfə keçmək deməkdir.

Məqsəd isə daha çox yayılmaq, xəbər xidməti göstərmək, öz xəbərini oxutdurmaq, əlində olan saytlarda oxucunu daha çox saxlamaqdır. Bunlara nail oluruq, yazı yükünü boşaltmasaydım, təbii ki, bunu edə bilməzdim.

Nərgiz Ehlamqızı: Qızınız xaricdə jurnalist təhsili alır. Uzun illər jurnalistikada olan insanlar deyir ki, bu sahə çətindir, övladımı yönəltmərəm. Niyə qızınız jurnalistikanı seçdi, onu bəlkə “Yeni Müsavat”a varis kimi yetişdirirsiniz?

- Aytən Abbaslı mən həbsxanada olanda 8-9 yaşı vardı, mənə məktublar yazırdı və orada xəyal qururdu, mənim yanıma necə gələcəyini təsvir edirdi. O biri qızımdan da məktub alırdım, onda elə şey yox idi, sadə, birbaşa yazırdı, amma Aytən esse kimi yazırdı. Onu orada kəşf elədim, özünə də yazdım ki, qızım, sən jurnalistsən.

Sonra bilmirəm, mənim sözümmü başında qaldı, yoxsa özündə o talantı gördü, Türkiyədə jurnalistikanı oxudu, sonra da Böyük Britaniyada sənədli film üzrə magistr oxudu. İndi APA holdinqin London bürosunun rəhbəridir, artıq il yarımdır işləyir.

Jurnalistika çətin sənət deyil, çox rahatdır, çətinliyi yaradan sənin seçimlərindir, jurnalistikada hansı istiqaməti seçirsən. Aytən savaş jurnalistikasına üstünlük verirdi, Türkiyədə oxuduğu müddətdə mən bilmədən harada nə qəza olurdusa, ora gedib reportaj yazırmış. Sonra Suriya və başqa yerlərə getmək istəyirdi, mən onu təhsilə yönəltdim, qismət elə oldu ki, Britaniyada qaldı.

Nərgiz Ehlamqızı: “Yeni Müsavat”a yazmır?

- Bəzən APA-nın qəbul etmədiyi xəbərləri biz qəbul edirik, gedir. APA üzərindən gələn xəbərlərini, ingilis nazirləri, deputatları ilə eksklüziv müsahibələrini veririk. Yeri gəlmişkən, Paşinyana sual verən yeganə azərbaycanlı jurnalistdir. APA-nın Avropa Şurası üzrə də müxbiridir, o fürsəti orada yaxaladı.

Aynur Camalqızı: “Yeni Müsavat”a qayıtmağı düşünür?

- Yox, düşünmür. Aytənin Türkiyənin “Hürriyyət” qəzetində assistent kimi işi var idi, məlum səbəbdən o işə getməsini tövsiyə eləmədim. Təhsilini davam etdirdi, Azərbaycan istiqamətinə qayıtsa Türkiyədə işləməyi düşünür. Mən də elə düşünürəm.

Aynur Camalqızı: Bəs davamçınız kimdir?

- Azər Ayxan.

Mənsur Rəğbətoğlu: Deyəsən, karate ilə məşğul olmuşunuz, indi necə?

Peşəkar şəkildə məşğul olmamışam, amma dostlar klubu yaratmışdıq. Brüslinin filmi təzə çıxmışdı, bir az da ondan əvvəl karate çox dəbə minmişdi. Elə hər kəs o hərəkətləri göstərirdi, atılıb-düşürdü, dostlarımdan bir neçəsi qolunu, qıçını, belini belə yaralamışdı. Qonşuluqda Faiq adlı oğlan vardı, son siniflərdə onunla başlayan proses idi, universitetə qədər onu daşıdıq. Universitetdə isə çevrəmdəki hər kəs boksçu idi.

Mənsur Rəğbətoğlu: Nə vaxtsa davada öyrəndiyiniz fəndlərdən istifadə etmək lazım olub?

- Olub.

Ruslan Xəlil: Yəqin mitinqlərdə olub.

- Yox, mitinqlərdən əvvəl də olub. Gənclik, tələbə vaxtı da olub. Sovetlər bizim ölkəmiz olduğu üçün universitetin son kurslarında çox səfərlər edirdik, 4 aylıq Moldovanın Tiraspol şəhərində təcrübəyə getmişdik. Orada diskotekalara gedirdik, ermənilərlə davalarımız olub. Orada fəndlər işimizə yarayardı. Sonra müharibə dövründə fiziki hazırlığın olmasının çox böyük əhəmiyyəti vardı. İndi də təxminən bir aylıq məşqdən sonra formaya qayıdıb müharibəyə gedə biləcək vəziyyətdəyəm.

Nərgiz Ehlamqızı: Bir müddət öncə belə anons yayıldı ki, azərbaycanlı və erməni jurnalistlərin qarşılıqlı səfərləri təşkil olunacaq. Sizin qənaətiniz necədir, özünüz gedərsinizmi?

Yox, özüm getmərəm. Gedə bilmərəm, getsəm də sakit dura bilmərəm, xəta çıxar, dövlətin adına da, öz adımıza da pis olar. Məni də 100 faiz orada tutarlar. Bu prosesi yaşamışam, Avropa Şurası, Avropa Birliyi bu təkliflə Azərbaycanın bütün media qurumlarına müraciət etmişdi, qrantlar vasitəsilə bizi xalqlar arasında sülhyaratma prosesinə cəlb etmək istəmişdilər. O vaxt Mirşahinin timsalında ANS, həmçinin biz də “yox” dedik. Amma o layihələrdə bizim müxbirlər iştirak edib. Şahin Cəfərli, Elbəyi Həsənli İrəvanda olub.

Avropa Şurasının Strasburqda təşkil etdiyi Gürcüstan-Azərbaycan-Ermənistan jurnalistlərinin toplantısında özüm olmuşam. Moskvada Avropa Şurası və Avropa Birliyinin maliyyə dəstəyi olan tədbirin o vaxtki Ana Vətən Partiyası vasitəsilə Rusiyada yox, Türkiyədə keçirilməsinə nail olmuşam. Yəni bu mərhələni keçmişik.

İstənilən halda kommunikasiya vacibdir. Ermənilərin hələ bizim getməyimizdən daha çox erməni jurnalistlərin buraya gəlməsi çox mühümdür. Türkiyədə olan erməni jurnalistlərin İstanbulu necə heyrətlə, şok keçirərək, möhtəşəmlikdən əzilərək gördüyünün şahidi olmuşam. Onlar gəlib Bakını görməlidirlər.

Necə ki, sovet dövründə xaricə çıxan jurnalistlərimiz mədəniyyət şokunu keçirmişdilər, biz sən demə, xəyal və propaqanda içində yaşayırıq. O fərqi bunlara göstərmək lazımdır. Mənim məlumatıma görə, texniki imkanlarımız onlardan çox üstündür, onlara qəzet redaksiyalarını gəzdirmək lazımdır. Ermənilər uzun müddət bizim hədəf kütləmiz olacaq. Biz onlarla dırnaqarası işləməyə, bəzi hallarda da müharibə aparmağa məcburuq. Üstəlik nə qədər istəməsək də, yüz minə yaxın erməni vətəndaşımız var.

Biz Azərbaycanın bütövlüyünü tanıyan, biət edən milliyyətindən asılı olmayaraq hər bir kəslə dinc yaşamağa, onunla öz dövlətimizdə öz vətəndaşımız kimi davranmaq mədəniyyətinə malikik. Bunu həm də dünyaya göstərməliyik. “Ura patriotlar”ın çox hay-küy oldu, nə şəkildəsə təmasları həyata keçirmək lazımdır. Təbii ki, Azərbaycanı kiçiltmədən, əldə edə biləcəyi dividentləri çoxaltmaq texnologiyasını hazırlayaraq buna getməyi mümkün hesab edirəm.

Aynur Camalqızı: Son günlər mediada biri foto, biri video olmaqla diqqətimi çəkən və məni çox təsirləndirən hadisə oldu: biri Paşinyanın Şuşaya səfəri və yallı getməsi, digəri ilə Robert Köçəryanın gəlininin Cıdır düzündə şəkil çəkdirib sosial şəbəkələrdə paylaşması... Sizə təsiri nədən ibarət oldu?

Çox ağır təsiri elədi. Bunun qarşısını almaq olar. Lokal müharibəyə də gərək yoxdur. O zamana kimi dövlət bu qərarı verə bilər, hesab edirəm ki, yerli camaatdan ibarət partizan, qisas dəstələrini yaratmağın vaxtı çoxdan keçib. Kim olsa bunu edərdi. Biz də eləməliyik. Onlar o meşəlikdə, Cıdır düzündə, Şuşada hər zaman narahat olsunlar və öz adamlarını oraya buraxmasınlar.

Ora bizim torpağımız, ərazimiz, haqqımızdır. Demirəm bu dəqiqə müharibə başlansın. Onun üçün xarici və çox önəmli faktorlara ehtiyac var. Necə ki Dilqəm Əsgərovla Şahbaz Quliyev dinc vətəndaş da olsa gedib-gəlirdilər. Özü də çoxdəfəlik olub. 1998-99-cu illərdə də gedirdilər, o vaxt Elbəyi Həsənli Dilqəm Əsgərovdan müsahibə də almışdı. Onların bir neçəsi silah da götürüb gedə bilər. Demirəm dinc əhaliyə, 2-3 dəfə hərbi kontingentə münasibətdə partizanların edə biləcəyi prosedur həyata keçirilsə, orada dinc məskunlaşma olmayacaq.

Bizim üçün strateji məsələ oradakı məskunlaşmaya, Suriyadan, başqa yerdən qaçan ermənilərin, kürdlərin gəlib binə olmasına imkan verməməkdir. Qoy narahat olsunlar, turizm şirkətlərinin fəaliyyətinə və turistik səyahətlərin keçirilməsinə imkan verməməliyik. Bunun tək yolu partizan dəstələridir, o qədər istəyən var ki. Köhnə döyüşçü heyət, partizan və könüllülərlə mənim müəyyən təmaslarım, tanışlıqlarım var və hələ də qalır. Bu da onların arzu və istəyidir. İnanıram ki, olacaq. O dəstələrlə məskunlaşmaya imkan verməsək o zaman o səhnələr də olmayacaq.

Aynur Camalqızı: Dinə yaxın adamınız, dualara və duaların həyata keçməsinə inanırsınız?

- Dindar deyiləm, inanclıyam, dua edirəm, duaların sehrinə, gücünə inanıram və həyatımda da buna şahid olmuşam. Bu, sözün qüdrətidir. Sizə elə bir gözəl söz deyərəm ki, ondan xoşhal olarsınız və içinizdə mənə müsbət, pozitiv enerji yaranar və sonra da bir şey xahiş edərəm, siz onu çevirməzsiniz. Yaxud elə ağır sözlər deyərəm ki, durduğunuz yerdə mənimlə dalaşa bilərsiniz, mənə neqativ yaranar, çox pis cavab verərsiniz. İki dost bəzən bir yerdə gedir, sonra biri o birini bıçaqlayır, səbəb nədir? Arada ancaq söz olur, başqa bir şey olmur.

Bir də var Allahın sözü. İnsanın özünün bir-birinə dediyi sözün sehrinə bax, bir də Allahın sözünün kainata göndərilməsinə bax. Sən onunla özünü cərəyana qoşursan, sözlə səni görünməyən energetik alana salır. Tam tərsinə, neqativ sözlə səni evrəndə mövcud olan neqativ sahəyə yönləndirir və dua özünün etdiyindir. Xoş bir iş görürsən, övladının qarşısına çıxır. Dolaşır evrəndə, heç nə etmir, hər şey oradadır.

Elə bir zaman gələcək ki, evrəndəki min il bundan əvvəlki səsləri təyin edib yazmaq olacaq. Özümün də ibadətdən, itaətdən və başqa prosedurlardan başqa özümün də bu məsələlərlə bağlı sintezim və sistemim var, bir qismini açıqladım, dua eləməkdən heç kim əlini çəkməsin. Bəzən bir həkimin edə bilmədiyini min insanın duası edə bilir.

Aynur Camalqızı: Sosial şəbəkələrdə son zamanlar insanlarda ümidsizliyi hiss edirəm və bu mənə çox mənfi təsir edir . Yazırlar ki, artıq hər şey bitdi, Qarabağı qaytara bilməyəcəyik, gücümüz çatmayacaq, xarici faktorlar var və s. Hər dəfə bu ifadələrlə rastlaşanda çox böyük stress və gərginlik keçirirəm. Özüm duaların, xüsusən kütləvi edilən duaların gücünə inanıram. Düşünürəm ki, bizim toplum birinci növbədə öz düşüncələrində, dualarında Qarabağı qaytarmalıdırlar, sonra da biz onu müharibə və ya sülh yolu ilə mütləq qaytaracağıq. Uduzmaq düşüncədəki uduzmaqdırdır ki, bu, çox təhlükəlidir.

- Doğrudur, ümidsizlik heç yaxşı bir şey deyil. Amma bu, ümummilli amilə çevriləndə burada bir pozitiv nöqtə yaranır. Bu o deməkdir ki, hər kəsin beynində eyni işarə var, eyni qənaətdədir və bir komanda ilə hamını ruhlandırmaq da olar. Bu baxımdan dərin ümidsizlik və çıxılmazlıq bəzən istiqlal savaşı doğurur, ümidsizcəsinə “Ya Allah, bismillah” deyərək bir ölkənin qurtuluşuna səbəb olur.

Mən Azərbaycan cəmiyyətində dərin ümidsizliyi yaşamağa əsas görmürəm. Amma olsa belə faciə deyil. Güclü ordumuz var, Azərbaycanın 2016-cı ildə aprelin əvvəllərində həyata keçirdiyi əməliyyatla Ermənistanda hakimiyyəti dəyişə bildi, monolit erməni cəmiyyətini darmadığın etdi. Paşinyan bizim əsərimizdir. Onu iqtidara biz gətirmişik. Bəziləri deyir itki verdik boşuna getdi, boşuna getmədi, erməni ordusunun nə olduğunu Ermənistan ictimaiyyətə göstərdik və müharibə partiyasını darmadağın etdik.

Azərbaycana qarşı cinayətkarlar həyata keçirmiş Robert Köçəryan qısamüddətli olsa da həbsxanaya girdisə, onun qohumları təqib olundusa, bu, Azərbaycanın arzuları idi. Orada bir azərbaycanlı hakimiyyətə gəlsə, onu dama qoyardı. O baxımdan Paşinyan bizim əsərimiz, gördüyümüz fəaliyyətin nəticəsidir ki, Ermənistan cəmiyyəti qeyri-müharibə partiyasından birini, başqa cür düşünən adamı, jurnalisti seçdi. Əslində bu dəqiqə dərin ümidsizliyə düçar olacaq bir cəmiyyət varsa o da Ermənistandır. Türk-müsəlman arealında özünü təkləməkdədir və bu gün-sabah Rusiyanın Avrasiyaçıları Kremlə əsas ideyanın Türkiyə-Rusiya-Azərbaycan birliyinin Ermənistan forpostu institutundan daha vacib olduğunu aşılaya bilsələr, Ermənistanın əhəmiyyəti də, özü də gedəcək. Ermənistan gələcəkdə dövlət kimi mövcud olmaya bilər, bu dərəcədə təhlükəli arealdadır.

Azərbaycan isə türk və İslam arealının ən parlaq nöqtəsi, ən nümunəvi dövlətidir. Ümidsizliyi ayrı-ayrı fraqmentlərdə görəndə sizin kimi rəy liderlərinin stress keçirməsinə heç bir əsas görmürəm.

Mənsur Rəğbətoğlu: Fərqli düşüncənin sahibi, Azərbaycan ordusunun təzyiqi nəticəsində hakimiyyətə gəlmişdisə, Paşinyan niyə Şuşada rahat şəkildə oynadı?
- Demədim Paşinyanı hakimiyyətə Azərbaycan gətirdi. Dedim ki, o prosesin nəticəsi olaraq Ermənistan ictimaiyyətində elə bir tərsinə dönüş başladı ki, cəmiyyət artıq müharibə partiyasının təmsilçisini yox, bir jurnalistika sektorunda bir adamı seçdi. Paşinyanın hakimiyyətə gəlmədiyi dövrlərdə müsahibə və açıqlamaları oxuyun, pozitivdir, müharibə partiyasına münasibətdə oppozisiyadır.

İndi hakimiyyətə gəldi, onu qorumaq ehtiyacı var. Təkcə Şuşada yallı oynamır, baş nazir rolunu oynayır. Yallı gedən Paşinyan hakimiyyətdə qalmağın və Dağlıq Qarabağ ermənilərinin ürəyinə yol tapmağın yollarını düşünür. Oğlunu da o məqsədlə ora göndərmişdi, əks halda Qarabağ klanı onu məhv edəcək. Bizim Elçibəy hakimiyyətinin gününə düşə bilər. Bir il olmasın, iki il sonra ola bilər. Qarabağ klanının o qədər güclü köçü var ki... Paşinyan o elektorata “stavka” edib. Azərbaycan təyyarəsi, raketləri buna o imkanı verməməlidir. Xarici turistlər belə gəlib-gedirlər, bu, bizim qanımıza toxunur. Paşinyan azərbaycanlı deyil ki. Bir ermənidir, Azərbaycan torpağını işğal etmiş Ermənistanı təmsil edir. Bir nümunə deyim, Paşinyan birdən-birə qərar verib bəyan etsə ki, Ermənistan Azərbaycan torpaqlarını boşaldır. Biz işğal etmişik, çıxmalıyıq, onu sizcə nə gözləyir? Bir günün içində yeyib-bitirərlər. Erməni cəmiyyəti budur.

Mənsur Rəğbətoğlu: Paşinyan o sözü deyəcək adamdırmı?

- O sözü heç kəs deməz. Kim hakimiyyətə gəlib o sözü desə, hakimiyyətdən gedəcək. Bayaq dedim Ermənistan dərin ümidsizlik içində olması gərəkən cəmiyyətdir. Amma onlar bunu keçirmir. Çünki ermənilər bəzən xəyali, xəstə bir təxəyyülün ətrafında birləşməyi bacaran qəribə toplumdur. Məsələn, “Dənizdən dənizə Ermənistan” xəritəsini buraxdılar, o ideyanın ətrafında konsolidasiya oldu, mümkün deyil, yaşam məskənlərinə yetməyəcək qədər azdırlar, amma o xəritə onları cəmləşdirdi. “Miatsum” ideyası onları cəmləşdirib işğalçı cəmiyyətə çevirdi.

Amma “Böyük Azərbaycan” xəritəsini ha buraxırıq, azərbaycanlılar onun ətrafında birləşmir. Vahid Azərbaycan ideyası nə qədər desək də, Elçibəyin müridlərindən başqa çox az sayda insan onun ətrafında toplaşır. Hər bir millətin özünün açarı var, bizimkilər reallıqla, ermənilər qeyri-reallıqla bağlıdır. Ona görə də bu millətin sonunu görmürəm, Rusiya sayəsində dövlət oldu, ərazi işğal etdi, Rusiya və bir qisim də İran sayəsində oralarda böyüdü və irəliləməkdə davam edir.

Amma millətlər və regional proseslər üçün 200-300 il elə bir müddət deyil. Osmanlı imperiyası 600 il mövcud olub, amma o dövrə gəlib çatmışıq ki, Osmanlı imperiyasının ərazisində olan dövlətlərin çoxu türk düşmənçiliyi aparırlar. Bu prosesdə 100 il sonra ermənilərin hansı vəziyyətə düşəcəyi, ümumiyyətlə bu ərazidə mövcud olub-olmayacağı çox böyük sual altındadır.

Mənsur Rəğbətoğlu: Ermənistanın Rusiya sayəsində dövlət olduğunu deyirsiniz, biz niyə kiminsə sayəsində Qarabağı qaytara bilmədik?

- Elə Rusiyanın sayəsində qaytara bilmirik. Rusiyanın I Pyotrdan üzü bu yana rəhbərliyi hesablayır ki, ermənilər regionda bunların əsas dəyişilməz və ən sadiq müttəfiqləridir. Biz bu dünyagörüşünü dəyişmək üçün təşəbbüslər edirik, o təşəbbüslərin görünən və görünməyən tərəfləri var. Görünməyən tərəflər sayəsində artıq görünən faktlar ortaya çıxıb. Neçə yüz il sonra Rusiya-Türkiyə münasibətləri normallaşıb. Bu prosesdə qəribə məsələ var. Bu prosesdə Azərbaycan və Azərbaycan rəhbərliyinin rolu çox böyükdür. Azərbaycanın prezidenti iki nəhəng dövlətin bir dəfə təyyarəyə görə pozulan münasibətlərin düzəlməsində həlledici rol oynadı, ondan sonra yaxınlaşma və strategiyanın qurulması prosesində iştirak etdi.

Bilirsiniz ki, türklərlə ruslar həmişə vuruşub müharibə aparıblar. Bu, yeni bir trenddir, Azərbaycanın marağı Rusiya rəhbərliyi və intilligensiyasını Ermənistan forpostu ideyasından ayırmaqdır. Bu, bizim üçün mümkün olsa, müharibəni 15 günə udacağıq. Mümkün olmama variantımız da yoxdur, çünki bizim üçün böyük təhdiddir, ya olacaq, ya da olacaq.

2008-ci ildə Mixail Saakvilinin qəfil və lokal müharibə modeli olmasaydı, inandırım sizi bu, olacaqdı. O ideya bizdə idi, o model bizim üçün idi, onu biz hazırlamışdıq, xaincəsinə bizim planı bildi və özünə tətbiq elədi. Hesab elədi ki, ona da münasibət o cür olacaq.

Yadınızdadırsa, Rusiya basıb Tiflisin 40 kilometrliyinə gəldi. Amma bizim şansımızı 2016-cı ilə, onu yoxlama imkanına qədər 8 il geriyə saldı. O model bir dəfə yoxlandı, ona icazə verilmədisə, biz təzədən necə ona keçə bilərdik?

Bizə Rusiyanın müəyyən loyallığı lazımdır ki, lokal müharibə olsun, iki rayon yarımçıq rayonlarımız Füzuli və Ağdamın qaytaraq. Sonra erməni cəmiyyətini inandırmalıyıq ki, Azərbaycan gəlir, sülhə hazır olan prezidentini, baş naziri yeməsin. Hər dəfə yeyir. Biz diplomatiyada uduruq, yeni mərhələ başlayır, cəmiyyət başındakını devirir, yeni oyunçu gətirir, proses uzanır. Azərbaycan bu strategiyanı həyata keçirsə, bu, yaxın illərdə mümkün olacaq. Rusiyanın neqativ amilini pozitiv amilinə çevirməyi bacarmalıyıq. Bu, ağır işdir, amma mümkündür.

Qurban Yaquboğlu: Müsahibəni iyun hadisələri baş verdiyi dövrdə götürürük, uzun müddət keçib, insanlar əldə etdiyi faktlarla bağlı fikir və rəyini dəyişə bilir, sizin o dövrdəki hadisələrə münasibətiniz hansı məsafədə dəyişib?

- Mənim də simpati bəslədiyim, tərəflərindən birinin – Müsavatın rəhbərliyində olduğum hakimiyyət özünü qoruya bilmədi. Özü ilə bərabər Azərbaycanı qoruya bilmədi. Çəkinməyəcək, son döyüş taktikası ilə müqavimət göstərəcəyi bir məqamda geri çəkildi.

Mənim o vaxt 26-27 yaşım vardı, saqqalım da qapqara idi, bu, məni o qədər məyus elədi ki. Çünki biz savaşaraq, döyüşərək, yara alaraq, şəhid verərək hakimiyyət qurmuşduq, qədrini bilmədik. Onu elə asanlıqla, sakit şəkildə verdik ki. Mən hətta İsa bəyin yanında yekə söz demişdim ki, ya sənin, ya da Elçibəyin köməkçisi olsaydım, dirəşib qalardım, qoymazdım. O qədər cəhdlər elədim ki. İsa Qəmbərin partiya xətti ilə Ali Sovetin sədrinin müavini idim, o da istefa verdi.

Nə qədər cəhd elədim, deyə bilmədim ki, girişdə Gəncədən gələn dəstə üst-üstə min nəfər belə deyildi, bir tərəfdən 250, digər tərəfdən 400 nəfər gəlirdi. Panik əhval-ruhiyyə, qorxu, təcrübəsizlik və sair idi. İndi yox, hətta ən radikal müxalifətdə olduğum dönəmdə belə hesab edirdim ki, Elçibəyin həmin situasiyada ən düzgün addımı Heydər Əliyevi çağırmaq idi.

Qurban Yaquboğlu: Bakıdan getmək şərti ilə?

- Getməmək şərti ilə. Amma çağırdı, onda burada idi. Plan başqa idi, Azərbaycan dövlətini fürsət ikən bölüb-parçalamaq, ümumiyyətlə yox eləmək istəyirdilər. Heydər Əliyev 1995-ci ilə qədər təkcə Azərbaycanı yox, həm də bizim liderləri qoruyub-saxladı, Surət və digər “Sizi gəlib Azadlıq meydanından asacağıq” deyənlər o imkanları əllərindən alınana qədər.

1994-cü ilin oktyabrında onları siyasətdən, dövlət vəzifələrindən yığışdırdı. Mən indi təhlil edirəm, Elçibəy komandasının üzvləri uzun müddətdir müxalifət komponentlərin başındadır, bir çoxu da parlamentdə təmsil olunurlar. Bunların uzun yaşama sirrini tapa bilmirəm, belə güclü adamların hakimiyyəti o cür fərsizcəsinə, bəsitcəsinə əldən verməsini anlaya bilmirəm.

Parlamentdə ən yaxşı danışanlar o hərəkatın, prosesin adamlarıdır. Müharibə görüblər, kütləvi səhnə yaradıblar, mitinqlərə rəhbərlik ediblər, əllərində silah savaşıblar, hətta həbsxanalarda belə fəaliyyətini davam etdiriblər, partiyalarını irəlilədiblər və sair. Necə oldu ki, bu insanların bir komandada olması belə bir hüsrana gətirdi çıxardı, bu insanlar o gözəlim hakimiyyəti saxlaya bilmədilər.

Heydər Əliyev hakimiyyətə gələndə vəziyyət bambaşqa idi. Bizim deyəndə çox yekə çıxır, mən həyatım boyu jurnalistdən başqa vəzifədə olmamışam. Elçibəy hakimiyyətinin heç bir rəqibi və şəriki yoxdur. Təkbaşına idi. Heç bir oluşum da yox idi, bir neçə ay da olmadı. Müqavimət göstərənlər ancaq yerli xalq cəbhələri idi, onlar da deyirdi o icra başçısı yox, mənim verdiyim olsun, təşkilatlar iki yerə bölünürdü, biri möhürü ilə filankəsi icra başçısı təyin edirdi, o biri beşmənkəsi. Sonra da xalq cəbhəsinin rayon təmsilçiləri gəlib Prezident Aparatının qarşısında çadır qurub qalırdılar ki, onu yox bunu icra başçısı qoymalısan.

Ta may ayına, aprelin sonuna qədər səhnədə bizi yıxacaq və ya aşıracaq qüvvə yox idi. Medianın imkanların Heydər Əliyevin yarısı qədər istifadə etmək lazım idi. AzTV-yə çıxmaq lazım idi, çıxmadılar, müraciət etmək lazım idi, eləmədilər, xalqı görəvə səsləmək lazım idi, səsləmədilər. Həmin dövrdə də o qənaətdə idim, indi də həmin qənaətdəyəm.

Ruslan Xəlil: Pənah Hüseyn bu günlərdə Müdafiə Komitəsinin qərarını yaydı, sonda bir əmr vardı ki, Surət Hüseynov məhv olunsun. Bu, niyə icra olunmadı?

- Onun üçün Milli Təhlükəsizlik Nazirliyinin 40 nəfərlik xüsusi rotası Gəncədə idi. Mən o zaman Azərbaycan Xalq Cəbhəsinin İcraiyyə Komitəsinin 7 üzvündən biri vəzifəsindən təzəcə çıxmışdım, bütün məlumatlar əlimdəydi, həm də informasiya mərkəzinə bir dönəmdə rəhbərlik elədiyim üçün hətta dövlətin məxfi məlumatlarına belə çıxış imkanlarım var idi.

Surəti aradan götürmək, yaxud neytrallaşdırmaq üçün bir neçə vasitə olub. Adlarını çəkmirəm, mane olanlar var idi, indi onların çoxu müxalifətdədir. A planına görə, Elçibəyin qərarı ilə Surət Hüseynovun tutuqlanması, yaxud məhv olunması üçün xüsusi rota ayrılır, Sülhəddin Əkbər rəhbərlik edib, orada olublar, Surət Hüseynov “Niva” maşınında evindən çıxıb, onu saxlayıblar, sonra buraxıblar. Bu, cinayət idi.

Aynur Camalqızı: Niyə buraxıblar?

- Bilmirəm.

Aynur Camalqızı: Bəs sonra Sülhəddin Əkbərdən soruşmadınız niyə tutdunuz, niyə buraxdınız?

- Çox soruşmuşam, bütün suallara cavabım yoxdur. Deyə bilmirəm. Elçibəyi təkrar eləmirəm, zamana ehtiyacı da demirəm. Zaman da keçib, deyilməlidir, amma onu özləri açıqlasalar yaxşıdır. Ümumiyyətlə, həmin dövrdə hakimiyyəti təmsil edən güc strukturlarının hamısı bizim kənddə bir söz var, “pampaq” idi, əllərində güc, arxaların tank gedib hamısı əsir düşdü. Elçibəy neyləsin, icranı bunlara tapşırıb. Sonra da yuxarıdan aşağıya doğru qətiyyətsizlik başladı.

O zaman Türkiyədən 50 nəfər döyüşçü gətirmişdik, Tovuzun Kirən kəndində rəhmətlik Novruz Həsənov “Rüzgar” kampı qurmuşdu, dostum Atilla Kaya, türk ordusunun mayoru Həmid İltaş, tanınmış jurnalist Yavuz Səlim Dəmirağ, Adnan, İrfan qardaşları həmin dövrdə nələr yaşadıqlarının, nə təklif etdiklərinin şahidiyəm. Onlar prezidentdən bir yazılı əmr istədilər, bir də Azərbaycan pasportu. Pasportu Novruz əmi onlara verdi, ona görə də 13 il mühacirətdə qaldı, Əli Ömərov cinayət işi qaldırdı, dedilər girək biz məsələni həll edək.

Onlara ən müxtəlif səbəblərdən icazə verilmədi. Məncə, zamanı geriyə döndərmək olsaydı, Əbülfəz Elçibəydə indiki məlumatlar olsaydı, o qərarı verərdi, türk komandosları girərdi və 20 nəfərlə məsələni həll etmək olardı.

Ruslan Xəlil: Məğlubiyyətdən danışdıq, sonuncu məğlubiyyətimiz futbolda olub, Azərbaycan-Slovakiya oyunu barədə təəssüratlarınızı bilmək istərdik...

- Ağır təəssüratlardır. Futbolu çox sevirəm, bir müddət daha yaxından məşğul olurdum, bir periodda Azərbaycandan yeganə komandaya azarkeşlik etməyə başladım, hətta onun arxasınca İsveçrəyə qədər getdim. “Qarabağ” komandasının, udurdu, hansı sahədə olur olsun, bizə kiçik qələbələr çox vacib idi. İndi uduzuruq, adam üzülür, biz əslində bütün oyunları, o cümlədən futbolu oynamağı bacaran millətik. Nəsə düz deyil.

O nəsəni professionallar, aidiyyəti qurumlar və ölkə rəhbərliyi tapıb həll eləməlidir. Milləti bu qədər üzmək olmaz. Bayaq foto paylaşıram ki, AzTV-də tok-şoudur, şərh yazırlar ki, futbolu müzakirə edin, öldük, üzüldük. Görün, psixikaya nə dərəcədə təsir edir. Ümidi türk millisinə bağlamışam, yaxşı ki, onlar var.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan Milli İncəsənət Muzeyinin açılışı. Bakı, 6 may 1937-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR