Argentinada tədbir: “Sarı gəlin” səsləndirildi
Argentinanın paytaxtı Buenos-Ayres şəhərinin ən nüfuzlu və prestijli tədbir məkanlarından olan Kirçner Mədəniyyət Mərkəzində TÜRKSOY-un dəstəyi, Azərbaycan, Qazaxıstan və Türkiyə səfirliklərinin təşkilatçılığı ilə TÜRKSOY-un 25 illik yubileyi münasibətilə “Səslər və nəğmələr: Türk mədəni irsi Argentinada” adlı konsert proqramı və foto-sərgi keçirilib.
Kult.az xəbər verir ki, tədbirdə Argentinada akkreditə olunmuş diplomatik korpusun, Argentina Milli Konqresinin nümayəndələri, Argentinanın Xarici İşlər və Etiqad Nazirliyinin rəsmi şəxsləri və yerli auditoriya iştirak edib.
Tədbirin rəsmi hissəsində çıxış edən Media və İctimai Məsələlər üzrə Argentina Federal Sisteminin direktoru Qustavo Mozzi mədəniyyətin xalqlararası təmasların gücləndirilməsində önəmli rolundan bəhs edərək, zəngin türk mədəni irsinin Argentinada təqdim olunmasının əlamətdar hadisə olduğunu qeyd edib.
Daha sonra çıxış edən səfir Rəşad Aslanov 2018-ci ilin TÜRKSOY-un 25 illik yubileyi ilə yanaşı, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə də əlamətdar olduğunu və türk dünyasının bir üzvü kimi türk xalqlarının ortaq mədəniyyətinin təşviqində Azərbaycanın da yaxından iştirak etdiyini deyib.
Tədbirin bədii hissəsində Azərbaycan (Muğam üçlüyü-Nigar Şabanova, Sahib Paşazadə, Toğrul Əsədullayev), Qazaxıstan (Akerke Tazibayeva, Zinat Kassimova) və Türkiyə (Bakır Karadağlı) sənətçilərinin ifasında musiqi nümunələri tamaşaçılara təqdim olunub. Azərbaycan musiqiçilərinin ifasında “Mənim Azərbaycanım”, “Küçələrə su səpmişəm”, “Sarı gəlin”, “Sən gəlməz oldun” mahnıları və “Şahnaz” muğamı səsləndirilib. Həmçinin, konsertdə məşhur argentinalı bəstəkar Astor Piazzollanın “Adios Nonino” əsəri tarda ifa ilə tamaşaçılara təqdim edilib. Konsert sənətçilərin birgə ifa etdiyi “Qardaşlıq türküsü” ilə yekunlaşıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət