Slimfit
  1. ƏDƏBİYYAT

Araz Yaquboğlu - Rzalılar nəsli

Araz Yaquboğlu - Rzalılar nəsli
Sakura

Araz Yaquboğlu - Rzalılar nəsli

Ulu diyar, doğma Göyçə mahalı – əbədi olaraq ədəbi mövzumuza çevrilən yurd. Nə tarixin bəllidir, nə də yaşın. Əslində yaşını da, tarixini də bilirik. Sənin yaşın YERin, GÖYün yaşıdır. Günü bu gün də səni araşdırır, səni öyrənir, səndən yazırıq. Zaman-zaman adını dünyaya car çəkən, səni külli-aləmə tanıdan ozanların, şairlərin, nəsillərin oldu. 
...Bir-birindən gözəl kəndlərin sinən üstə olan gömgöy gölünün – səninlə adaş olan gölünün ətrafında üzük kimi çevrələnmişdi. Bu kəndlərin hər birinin öz gözəlliyi, öz özəlliyi vardı. Bu sətirləri yazdıqca kövrəlir, uşaqlıq illərimə, sənli günlərimə qayıdıram. Yaylaqlarını, yurd yerlərini, dağlarını, dərələrini, güneylərini xatırlayıram.
...Sakinlərin də özün qədər əzəmətli, özün qədər dəyanətli, sevimli idi. Qoynunda neçə-neçə qərinələrə yoldaş olan nəsillər yurd salmışdı. Bu nəsillərdən biri də Rzalılar nəsli idi.
2005-ci ildən başlayaraq Daşkənd kəndində yaşayan nəsillər haqqında araşdırmalar aparır, məqam olduqca tamamladığım materialları müxtəlif kitablarda çap etdirirəm. Belə bir məqam da indi yaranıb. Nə yaxşı ki, Sərraf Şiruyə Daşkəndin sayılıb-seçilən ağsaqqallarından olan Kərbəlayı Əli Xəlilova ithaf etdiyi "Ayrılıq belə düşdü" adlı kitabına məhz Kərbəlayı Əlinin mənsub olduğu, ümumən Daşkənd nəsillərinin özəyini təşkil edən Rzalılar nəsli haqqında topladığım və sxematik şəkildə tərtib etdiyim şəcərəni də kitaba əlavə etməyi məsləhət bildi.
Rzalılar nəsli torpağın dərin qatlarından rişələnən əzəmətli çinar ağacına bənzəyir. Yeri gəlmişkən, qeyd edim ki, əslində elə "şəcərə" sözünün mənası da ağac anlamına gəlir. Bəzən şəcərəyə "nəsil ağacı" da deyirlər. Heç də gəlişigözəl söz mənasında mən bu nəsli çinar ağacına bənzətmədim. Daşkənd kəndində yaşayan nəsillər haqqında apardığım araşdırmalar nəticəsində bir neçə soyun məhz Rzalılar kökündən olduğu məlum oldu. Belə ki, kənd camaatının "İsmayıllılar", "Hacı Məhəmmədlilər", "Qocamanlılar", "Hacı Dünyamalılar", "Sarı Əlilər" kimi tanıdığı soylar elə Rzalılar nəslinin budaqlarıdır. Arxivimdə olan Əli Xəlilova mənsub əlyazmadan belə məlum olur ki, Rzalının (bəzən Rzalıya "Rza Qoca" da deyirmişlər) Məşədi Oruc, Hacı Kərim və Kərbəlayı Süleyman adlı övladları olub. 2007-ci ildə 85 yaşlı Qocaman Qocamanovla görüşlərimin birində adını daşıdığı Qocaman babası haqqında soruşarkən – "Qocaman babamın Hacı Məhəmməd adlı bir qardaşı olub. Onların atası Hacı Tanrıverdi isə Rzalının nəvəsidir", – dedi. Deməli, onda belə məlum olur ki, Hacı Tanrıverdinin atası Abdulla Məşədi Oruc, Hacı Kərim və Kərbəlayı Süleymanın qardaşıdır. Yeri gəlmişkən, sonralar Əli Xəlilov Rzalılar nəslinin Hacı Söydümalı qolunun da İmişli rayonunda yaşadıqlarını öyrənmiş, onlarla əlaqə də qura bilmişdir. Hətta güman edirəm ki, ola bilər digər nəsillər də Rzalılar soy-kökündəndir. 
Yazılı şəkildə təsdiqini tapmasa da, deyilənlərdən belə məlum olur ki, bu nəsil əslən Sulduz mahalından olub. Oradan əvvəlcə Sədərəyə, sonra Qazağa, daha sonra isə Göyçə mahalına köç etmiş, Daşkənd kəndində məskunlaşmışlar.
Rzalının oğlu Məşədi Orucun Xəlil, Zeynəb, Şirin və Abdulkərim adlı iki oğlu, iki qızı olub. Biz bu yazıda əsasən nəslin bu qolundan danışacağıq. Xəlilin üç övladı olub: Əziz, Oruc və Simuzər. Əzizlə Oruc qarayanız olduqlarından kənddə onlara bəzən "Qara Əziz", "Qara Oruc" da deyirmişlər. Bacıları Simuzərə isə daha çox "Simi nənə" və ya "Simi qarı" deyərdilər. 1980-ci ildə 110 yaşında rəhmətə gedən Simi nənənin Elbəyi, Qurban, Yunus və Balaxatın adlı övladları olub. Orucun isə Səttar və Lətifə adlı iki övladı olubdur. 
Əziz Xəlil oğlu sovetləşmədən əvvəl Hüseynlə Xanların bacısı Şəkər Rəsul qızı ilə ailə qurmuş, Niftalı adlı övladı dünyaya gəlmişdir. Lakin bu ailənin ömrü uzun sürməmiş, Şəkər xanım hamımıza yaxşı məlum olan erməni daşnaklarının 1919-cu ildə Göyçə mahalında törətdiyi qırğınlardan canını qurtarıb Kəlbəcərə köç edərkən Sarı yer adlanan ərazidə qar çovğununa düşərək həlak olmuşdur. 1921-1922-ci illərdə göyçəlilər yenidən dədə-baba yurdlarına qayıtdıqdan sonra Əziz kişi qonşu Yuxarı Şorca kəndindən olan Abdulla qızı Reyhan ilə ailə qurmuşdur. İkinci evlilikdən Mahı, Sübə, Əli, Sənəm, Köçəri, Məsim və Məhluqə adlı övladlar doğulmuşdur. 
1919-cu ildə anadan olan, ailənin ilk övladı Niftalı Xəlilov dövrünün savadlı şəxslərindən olmuş, Daşkənd kənd sovetinin sədri işləmişdir. O, dayısı Xanlar Kərimov ilə birlikdə nəinki Daşkənddə, hətta Basarkeçərin bir neçə kolxozunda da mühasib kimi çalışmışdır. 1941-ci ildə Böyük Vətən müharibəsinə səfərbər edilmiş, Primorsk ordusu 25-ci atıcı diviziyasının 54-cü atıcı alayında xidmət etmişdir. Niftalı Xəlilov 2 mart 1942-ci ildə Krımda döyüş zamanı almanlar tərəfindən əsir götürülmüş, əsirlikdən qaçaraq İtaliyada faşistlərə qarşı döyüşmüşdür. Müharibədən sonra Niftalı Xəlilov Sovet İttifaqının amansız qanunlarını qəbul etməyərək Türkiyədə yaşamağa üstünlük vermişdir. Niftalı Xəlilov (Əzizli) Ankara şəhərində yaşamış, Zinyət (1927 – 05.08.2001) adlı xanımla ailə qurmuş, Reyhan, Ayhan adlı iki qızı və İrfan adlı bir oğlu olmuşdur. 4 avqust 1980-ci ildə vəfat edən Niftalı Əzizli Ankarada dəfn olunmuşdur. 
Ailənin ikinci oğul övladı Əli Xəlilov Rzalılar nəslində daha çox sevilən, rəğbət bəslənən, soyuna-kökünə bağlı bir el ağsaqqalı olmuşdur. Əli Əziz oğlu Xəlilov 1928-ci ildə Göyçə mahalının Basarkeçər rayonunun Daşkənd kəndində anadan olmuşdur. 1935-ci ildə Daşkənd orta məktəbində təhsil almağa başlamış, 1945-ci ildə həmin orta məktəbi bitirmişdir. Bir il müəllim işlədikdən sonra kənd sovetinin sədri vəzifəsində çalışmağa başlamışdır. 1950-ci ildə hərbi xidmətə çağırılmış, zabit kimi xidmət etmiş, 1954-cü ildə doğulduğu kəndə qayıtmış, orta məktəbdə müəllim işləmişdir. Bundan sonra Daşkənd kənd sovetinin sədri, ferma müdiri, Subatanda (1964–1969) və Daşkənddə (1969–1971) kolxoz idarə heyətinin sədri vəzifələrində çalışmışdır. Hərbi xidmət zamanı Kommunist Partiyasının sıralarına daxil olan Əli Xəlilov 1972-ci ildən Daşkənd kənd partiya təşkilatının katibi vəzifəsində çalışmış, Ermənistan SSR-nin Fəxri Fərmanı ilə təltif olunmuşdur.
Əli Xəlilov 1967-1972-ci illərdə Özbəkistandakı Daşkənd Kənd Təsərrüfatı İnstitutunun aqronomluq fakültəsində oxumuş, 1974-cü ildə həmin institutda dissertasiya işini müdafiə edərək "Kənd təsərrüfatı elmləri namizədi" alimlik dərəcəsi almışdır.
Əvvəldə qeyd etmişdim ki, Əli Xəlilovun böyük qardaşı Niftalı Xəlilov Böyük Vətən müharibəsinə səfərbər edilmişdir. Müharibədən sonra geri dönmədiyindən həlak olduğu zənn edilmiş, hətta ehsanı da verilmişdir. 1952-ci ildə Gədəbəydə bir nəfər söhbət əsnasında Əli Xəlilova qardaşı Niftalının sağ olduğunu, onu İtaliyada gördüyünü söyləmişdir. 1953-cü ildə Stalin vəfat etdikdən sonra xarici ölkələrdə gizli yaşayan SSRİ vətəndaşları öz yaxınları ilə əlaqələr qurmağa başlamışlar. Niftalı Xəlilov da bu fürsətdən istifadə edərək qardaşı Əliyə 1954-cü ildə ilk məktubunu yazmışdır. Əli Xəlilov Sovet İttifaqının dağılmasından istifadə edərək 1990-cı il iyul ayının axırı – avqust ayının əvvəllərində Türkiyədə olmuş, qardaşı Niftalının məzarını ziyarət etmiş, uşaqları ilə görüşmüşdür. Hal-hazırda da hər iki qardaşın övladları bir-biriləri ilə sıx əlaqə saxlayırlar.
Əli Xəlilov hərbi xidmətə getməmişdən əvvəl Simi bibisinin nəvəsi Sumaya Elbəyi qızı ilə evlənmişdir. Onların Ofeliya, İlham, Nurəli və Mahir adlı övladları dünyaya gəlmişdir. Əli Xəlilov soy-kökünü sevdiyi kimi, övladlarına da çox bağlı olmuş, təhsil almaları, cəmiyyətə və xalqa yararlı şəxsiyyət kimi formalaşmaları yolunda daim çalışmışdır. 
1999-cu ilin fevral ayında Kərbalanı ziyarət edən Əli Xəlilov 2008-ci il aprel ayının 25-də, 80 yaşında dünyasını dəyişmişdir. Həyat yoldaşı Sumaya xanım isə 2005-ci il noyabr ayının 9-da vəfat etmişdir. Hər ikisi Bakı şəhərində dəfn olunmuşlar.
Bu gün bu ocağın od qoruyanı Kərbəlayı Əlinin böyük oğlu, bu kökün ağsaqqalı İlham Xəlilovdur. O, 1 iyul 1957-ci ildə anadan olmuş, Daşkənd kənd orta məktəbində VIII sinfə qədər oxuduqdan sonra təhsilini Bərdə rayonu Yeni Daşkənd kənd orta məktəbində davam etdirmiş və 1974-cü ildə orta məktəbi bitirmişdir. 1974-cü ildə Azərbaycan Politexnik İnstitutunun mexanika fakültəsinə daxil olmuş və 1984-cü ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirmişdir. 1977-1979-cu illərdə Gürcüstanın Tbilisi şəhərində hərbi xidmətdə olmuşdur. İlham Xəlilov institutu bitirdikdən sonra Azərbaycan Dövlət Üzümçülük və Şərabçılıq Komitəsində, daha sonra isə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyində işləmişdir. 2000-ci ildə "Rimlis" şirkətini qurmuş, hal-hazırda isə həmin şirkətin prezidentidir.
"Rzalılar nəsli" adlı yazımın sonunda qeyd etmək istəyirəm ki, bu nəslin Qara Əziz, Kərbəlayı Əli kimi soy-kökünü sevən, qohumcanlılıq, istiqanlılıq edən İlham Xəlilov, Mahir Xəlilov kimi nümayəndələri var. Mən əminəm ki, onların övladları, nəvə-nəticələri də belə olacaq, onların adını daim uca tutacaqlar.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fransızlar tərəfindən başları bədənindən ayrılan Mərakeş müsəlmanlarının təsvir olunduğu POÇT MARKAsı. 1922-ci ildə Fransada istifadə olunub.

Redaktor seçimi

SON XƏBƏRLƏR