AQTA-da koronavirusa qarşı mübarizə tədbirlərinin təşkilinə nəzarət üzrə məsul şəxs təyin olunub
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) koronavirus (COVID-19) infeksiyasının qarşısını almaq məqsədilə sanitariya-epidemioloji və profilaktik tələblərin həyata keçirilməsi ilə bağlı onlayn konfrans təşkil edib.
Ens.az xəbər verir ki, AQTA-dan APA-ya verilən məlumata görə, Agentliyin regional bölmə rəisləri və struktur bölmə rəhbərlərinin iştirak etdiyi videokonfransda məlumat verilib ki, mövcud sanitariya-epidemioloji vəziyyət və xüsusi karantin rejiminin tələbləri nəzərə alınaraq, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sistemində koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə sanitariya-epidemioloji və profilaktik tələblər təmin edilməlidir. Bunun üçün Agentlikdə sanitariya-epidemioloji və profilaktik tələblərin tətbiqinə, habelə koronavirus epidemiyasına qarşı mübarizə tədbirlərinin təşkilinə nəzarət edilməsi üzrə məsul şəxs təyin olunub.
Eyni zamanda AQTA-nın regional bölmələrində sanitariya-epidemioloji, profilaktik tələblərə, işin təşkilinə nəzarət edilməsi üzrə məsul şəxslərin siyahısı təsdiq edilib. Bundan başqa Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda sanitariya-epidemioloji, profilaktik tələblərə, işin təşkilinə nəzarətlə bağlı öhdəliklər müəyyənləşdirilib. Həmçinin Agentlikdə koronavirus infeksiyasına qarşı mübarizə sahəsində preventiv tədbirlərin müəyyən edilməsi məqsədilə “Yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair daxili sanitariya-epidemioloji Qaydalar”ın təsdiq olunması barədə məlumat verilib. Agentliyin regional bölmələri və tabeli qurumları üzrə təyin olunan məsul şəxslərə müvafiq göstərişlər verilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət