Slimfit
  1. AZƏRBAYCAN

Aqroparklar üzrə milli brend - “Yalama Aqropark” 2 yaşında

Aqroparklar üzrə milli brend - “Yalama Aqropark” 2 yaşında
Sakura

Aqroparklar üzrə milli brend - “Yalama Aqropark” 2 yaşında

“Yalama Aqropark” Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Xaçmaz rayonunun Yalama qəsəbəsində ölkə üzrə yaradılmış ilk aqroparkdır. Aqropark rayonda fəaliyyət göstərən “Yalama” südçülük-maldarlıq üzrə Damazlıq Dövlət Kənd Təsərrüfatı İstehsalı müəssisəsinə daimi istifadə üçün təhkim edilmiş 523 hektar torpaq sahəsi əsasında özəl pilot təsərrüfatı kimi yaradılıb. Layihənin ilkin mərhələsinə uyğun olaraq, “Yalama Aqropark”da 1113 başı südlük istiqamətli olmaqla, 3 min başlıq cins iribuynuzlu heyvandarlıq kompleksi, müasir suvarma sisteminin tətbiq olunduğu 460 hektar sahədə iri əkinçilik təsərrüfatı, istehsal gücü saatda 5 ton olan yem zavodu yaradılıb. 2016-cı il sentyabrın 8-də Prezident İlham Əliyev “Yalama Aqropark”a səfər edərək müəssisənin açılışında iştirak edib və aqroparkın fəaliyyətinin genişləndirilməsi ilə bağlı tapşırıqlarını verib.

                     “Yalama Aqropark”da əkin sahələri genişləndirilir

 

Sonrakı dövrdə Prezident İlham Əliyevin tapşırığına əsasən Xaçmaz rayonunun Müqtədir qəsəbəsində Dövlət Ehtiyat Fondu torpaqlarından 956 hektar əkin dövriyyəsinə qatılıb və meliorativ tədbirlər görülüb. Bu əkin ilində, əkin sahələri 1479 hektara çatdırılıb ki, bu da yem təminatının əsas hissəsinin təmin edilməsinə imkan verir.

Əkin sahələrində heyvandarlıq təsərrüfatının yem tələbatını ödəmək üçün taxıl və qarğıdalı bitkisinin, həmçinin digər yem bitkilərinin əkin həcmi genişləndirilib. Həmçinin heyvandarlıq kompleksinin genişləndirilməsi sahəsində işlər sürətlə davam etdirilir.

“Yalama Aqropark”da innovativ üsullardan və müasir texnologiyadan istifadə edildiyindən istehsal sahələri üzrə ölkədə ən yüksək məhsuldarlıq səviyyəsinə nail olunub. 2017-2018-ci əkin ili üzrə əkin sahələri və əkin həcmi genişləndirilib. Növbəti əkin ili üçün bütün torpaq sahələri əkinə hazır vəziyyətə gətirilib. Ümumilikdə, 400 hektar ərazidə dən arpa, 115 hektarda senajlıq arpa, 38 hektar ərazidə isə qarışıq yem senajı əkilib. Yazlıq əkinlər ilə birgə yonca əkin sahəsi 208 hektar olub, həmçinin 327 hektar silosluq qarğıdalı, 148 hektar dən qarğıdalı, 146 hektar silos qarğıdalı və sınaq üçün 4 hektar ərazidə şəkər çuğunduru əkilib. Senajlıq əkilmiş arpa və qarışıq yem biçilib, həmçinin 208 hektar yonca sahəsi üzrə birinci biçim senaj basdırılıb. Bununla yanaşı, 446 hektar dən arpa sahəsi biçilərək, ümumilikdə, 1600 ton dən arpa əldə edilib.

                         Bu il diri çəkidə 255 ton ət istehsalı proqnozlaşdırılır

Aqropark heyvanların baş sayı, həmçinin daimi işçi heyətinin sayına görə ölkə üzrə fəaliyyət göstərən ən iri heyvandarlıq təsərrüfatlarından biridir. Heyvandarlıq təsərrüfatında Avstriya və Almaniyadan gətirilmiş “Simmental” cinsli inəklərdən balalar alınıb və hazırda təsərrüfatda heyvanların baş sayı 2 min 600-ə çatır. 2018-ci ilin ötən 9 ayı ərzində 82 düyədən ilk balalar alınıb və ilin sonuna qədər bu rəqəmin 250-yə çatması planlaşdırılır. Bununla da sağmal inəklərin sayı daha da artacaq və təsərrüfata kənardan heyvan alınması dayandırılacaq. Heyvan sayının artırılması ilə yanaşı, heyvandarlıq sahəsi üzrə itkilərin minimuma endirilməsi və digər keyfiyyət göstəricilərinə nail olmaq üçün də işlər davam etdirilir. Təsərrüfatda buzov itkiləri 3 faiz, inək itkiləri isə 2 faiz həcmindədir ki, bu da dünya üzrə heyvandarlıq sahəsi üzrə qabaqcıl nəticə sayılır.

Hazırda heyvandarlıq sahəsi üzrə gündəlik istehsal həcmi 16 tona bərabərdir. 2018-ci il ərzində 5 min 800 ton süd və 255 ton diri çəkidə ət istehsalı proqnozlaşdırılır. İlin ötən 8 ayı ərzində 3 min 700 ton süd istehsal edilib ki, bu da keçən illə müqayisədə 500 ton artıqdır. Ümumilikdə 2018-ci il süd istehsalında 1000 ton artıma nail olunması nəzərdə tutulub.

                                      İcrası davam edən layihələr

Aqroparka əlavə edilmiş Müqtədir qəsəbəsindəki yeni ərazidə daxili drenaj və kollektor sistemləri təmizlənib, suvarma kanalları bərpa edilib. Həmçinin əkinlərin daimi suvarma suyu ilə təmin olunması üçün Meliorasiya və Su Təsərrüfatı İdarəsi ilə birgə əraziyə daimi su mənbəyi olan “Xanarx” və digər suvarma kanallarından beton kanalların çəkilişi üzrə layihələndirmə işləri görülür. İlin sonuna doğru suvarma beton kanallarının çəkilişi və tutumu 50 min kubmetr olan 2 ədəd su hovuzunun tikilməsi planlaşdırılır. Həmçinin müasir suvarma sistemlərinin qurulması üçün “Valley”, “Reinke” və “Lindsay” kimi məşhur şirkətlər ilə layihələndirmə işləri aparılır.

Yem ehtiyatlarının tam təmin olunması üçün Yalamada tutumu 13 min kubmetr olan 3 ədəd senaj quyusunun tikintisi tamamlanmaq üzrədir. Həmçinin artan heyvan sayı nəzərə alınmaqla, 240 başlıq yeni tövlənin tikinti işlərinə başlanılıb. Tövlənin tikintisi noyabr ayında başa çatacaq. Həmçinin yem tədarükü və emalını təmin etmək üçün tutumu 1800 kvadratmetr olan taxıl saxlama bunkeri sifariş edilib və oktyabr ayında quraşdırılması nəzərdə tutulub.

                                 Süd emalı zavodu qurulur

Hazırda emal gücü 50 ton olan süd emalı zavodunun qurulması üçün texniki-iqtisadi əsaslandırma işləri aparılır. Həmçinin paralel bazar araşdırması davam edir. Aparılan araşdırmalar nəticəsində növbəti il üçün emal zavodunun qurulması üzrə investisiya qərarı veriləcək.

Alternativ enerji mənbəyi kimi biokütlədən enerji və istilik alınmasına imkan verən bioqaz qurğusunun qurulması üzrə texniki-iqtisadi əsaslandırma işləri də icra edilir. Layihənin məqsədi avtonom olaraq aqroparkı bərpa edilən mənbələrdən əldə olunmuş elektrik enerjisi ilə təmin etməkdir.

                  Sosial dəstək - daimi iş yeri sayının 300-ə çatdırılması planlaşdırılır

“Yalama Aqropark” ölkəmizin şimal zonasında əhalinin davamlı iş yerləri ilə təminatında mühüm rol oynayır. Aqroparkda hazırda 190 daimi iş yeri açılıb. Mövsümi işlər zamanı aqroparkda işləyənlərin sayı 200-ü keçir. Orta aylıq əməkhaqqı 500 manat ətrafındadır. Aqropark layihəsinin ikinci mərhələsi üzrə işlər icra edildikcə, daimi iş yeri sayının 300-ə çatdırılması planlaşdırılır.

Aqropark təkcə kənd təsərrüfatı məhsullarının istehsalı ilə deyil, həmçinin ölkədə kənd təsərrüfatı sahəsi üzrə kadr hazırlığına da öz töhfəsini verməyə çalışır. Bu istiqamətdə kənd təsərrüfatı sahəsi üzrə ölkədə fəaliyyət göstərən ali təhsil və digər təhsil müəssisələri ilə əməkdaşlıq edilir. Artıq Azərbaycan Dövlət Aqrar Universiteti ilə əməkdaşlıq memorandumu imzalanıb, kadr hazırlığı və aqrar sahə üzrə elm tutumlu yeni təcrübə və tədqiqatların aparılması üzrə əməkdaşlığın təməli qurulub. Yay aylarında gənclər üçün yay təcrübə proqramı yaradılıb ki, bu da region və digər bölgələrdən olan gənclərə aqrar sahə üzrə praktik biliklər əldə etmək imkanı verir. Mütəmadi olaraq Almaniya, Türkiyə və digər ölkələrdən mütəxəssislər cəlb edilərək, kadr hazırlığı və ixtisasartırma işləri icra olunur.

“Yalama Aqropark” bu gün ölkədə bir nümunəyə, “brendə” çevrilib. Yeni aqroparklar yaradılarkən “Yalama Aqropark”ın təcrübəsindən istifadə olunur. Aqroparkın əsas hədəfi qeyri-neft sektorunun inkişafına dəstək olmaqla yanaşı, kənd təsərrüfatı üzrə bilik ötürülməsini təmin edən qabaqcıl mərkəzə çevrilməkdir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Arılar heç vaxt yatmır.

Redaktor seçimi

SON XƏBƏRLƏR