Aprel şəhidi: “Mən bu həyata ölmək üçün yox, düşmənə dağ çəkmək üçün gəlmişəm”
“Nədən narahat olursan sən axı, deyirsən birdən mənə nəsə olar? Ürəyini sıxma ata, mən ölüm üçün doğulmamışam. Düşmənə dağ çəkmək üçün bu həyəta gəlmişəm. Sən məgər aciz oğul böyütmüsən?”.
“Bu, Sahilin stəkanıdır. Hər gün süfrəmizdə onun yemək payını ayrıca qoyuram. İnanıram ki, balam ölməyib, gələcək. Hətta nə gecələr, nə də başqa günlərdə bir yana gedəndə qapını bağlamıram. Evin əsas qapsının kilidi xarab olsa da onu belə dəyişmirəm, çünki Sahilin cibində o kilidin açarı varıydı. Elə bilirəm ki, gələndə onu evdə görəcəm”.
Canını Vətən yolunda fəda edən daha bir şəhidimiz haqqında yazını təqdim edirik.
Sahil Həsrət oğlu Şirinov 1992-ci il iyun ayının 24-də Qəbələ rayonunun Bum qəsəbəsində anadan olub. O, 2010-cu ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub, 2014-cü ildə məktəbi motoatıcı taqım komandiri ixtisası üzrə bitirərək leytenant hərbi rütbəsi alıb. Şirinov Sahil Həsrət oğlu 2016-cı il aprelin 4-də Talış kəndi uğrunda gedən döyüşlərdə şəhid olub.
Bum qəsəbəsinə gəlişimiz yağışlı bir günə təsadüf etdi, elə bil təbiət də şəhidimiz üçün gəldiyimizi bilib gözlərindən yaş tökürdü. Darısqal, yağış sularının yararsız hala saldığı kənd küçəsi ilə üzüyuxarı getdik. Evlərin birinin giriş qapısının üzərindən Azərbaycanın 3 rəngli bayrağı asılıb. Açıq qapıdan içəri keçib ev yiyəsini səsləyirik. Şəhidimizin atası Həsrət əmi bizi qarşılayır və Sahil şəhid olduğu gündən indiyə qədər küçə qapsını bir dəfə də olsun bağlamamışıq deyir.
O nəql edir ki, gənc olmasına baxmayaraq Sahilin həmişə qonaqları olub. Sağlığında olduğu kimi hələ də dost-tanışları vaxtaşırı gəlirlər. Ona görə də, heç bir zaman qapını bağlı saxlamırlar ki, gələn qonaqları qapını döymədən həyətə gəlsinlər. Otağa daxil oluruq və Həsrət ata otağın yuxarı hissəsində oğlunun iri çərçivədəki rəsminə baxır. Bir az sonra üzünü bizə tutub yenidən xoşgəldin deyib, oğlunun şəhadətindən sonra yaşadığı hissləri dilə gətirir.
“Sahil o qədər cəld biriydi ki, nəsə onun ölümünə hələ də inanmıram. Onun hərbiyə getmə xeyir-duasını mən vermişdim. Ali məktəblərə qəbul imtahanından topladığı bal, seçdiyi ixtisasa görə az oldu. Əslində başqa ixtisasları da seçə bilərdi, amma həmişə deyərdi ki, mən ya hüquq, ya da hərbi sahəni seçəcəm. Çünki, bu ixtisasla dövlətə daha çox xidmət edə bilərəm. Hərbi məktəbə tələbə qəbulu elanını eşitdim və bu barədə ona dedim. Məktəbə sənəd qəbuluna cəmi 3 gün qalmışdı. Amma sabahı gün gördüm ki, qısa vaxtda bütün sənədlərini hazır edib. Məndən xeyir-dua istədi. Onunla özüm də getmək istəyirdim, lakin razı olmadı. Qardaşı ilə ikisi getdi. İmtahandan sonra nəticələri öyrənib, məni muştuluqladı ki, məktəbə qəbul olub”.
Ali hərbi məktəbdə təhsilini bitirdikdən sonra, Sahil Şirinov leytnant hərbi rütbəsilə Göygölrayon ərazisində ön xəttə olan hərbi hissələrdən birində xidmətini davam etdirir. Burada bir müddət xidmət edən Sahil Şirinov sonra öz ərizəsi ilə Xüsusi Təyinatlı Qüvvələrə göndərilir.
“Xüsusi Təyinatlı Qüvvələrə keçdikdən sonra evə gəlmişdi. Ona dedim ki, niyə əvvəlki xidmət yerində qalmadın? Mənə dedi ki, bura daha çox marağım var. Daha bir söz demədim. Amma elə bil ürəyimdə nəsə bir narahatlıq varıydı. Ön xəttə xidmətə getməyini eşitdim. Ona bir az ehtiyatlı olmasını dedim. Boynumu qucaqlayıb üzümdən öpdü. “Nədən narahat olursan sən axı, deyirsən birdən mənə nəsə olar? Ürəyini sıxma ata, mən ölüm üçün doğulmamışam. Düşmənə dağ çəkmək üçün bu həyəta gəlmişəm. Sən məgər aciz oğul böyütmüsən?” dedi. Düzü onun bu sözü ilə qürurlandım, amma yenə də narahatçılığım varı idi. Lakin uşaq məndən narahat qalmasın deyə biruzə vermədim. Onun o sözü hələ də qulağımda əks-səda verir: “Mən ölüm üçün doğulmamışam. Düşmənə dağ çəkmək üçün bu həyəta gəlmişəm”, - deyə atası xatırlayır.
Həsrət ata ilə söhbətimiz aram-aram davam edirdi. Bütün söhbətimiz boyu kövrələn ata hərdən söhbətinə ara verir, göz yaşlarına hakim olduqdan sonra yenidən sözə başlayırdı. Həsrət ata deyir ki, o oğlu ilə həm də dost olub. Sahilin yoxluğu ona ikiqat zərbə olub. O təkcə oğul yox, həm də etibarlı bir sirdaşını, dostunu itirib.
“Oğlumun şəhadətini hiss etmişdim”
Şəhidimizin anası Şəhla ana deyir ki, bu otaq Sahilin şəxsi otağı olub. O, bütün işlərini bu otaqda görərdi. Hərdən elə olub ki, yazıb-oxumaq onu yorub və bəzən içəri girən ana oğlunun elə stulda yuxuya getdiyinin şahidi olub. Narahat yatmasına baxmayaraq onu yuxudan oyatmağa qıymayıb. Elə oğlunun ölümündən sonra da ona məxsus olan otağa sadəcə təmizlik üçün girdiyini deyir.
“Vətən sağ olsun” deyən şəhid anası Şəhla Şirinova əlində şəhid oğlunun şəkilini tutur, gözlərini qıyır və əlində silah olan oğlunun gülümsəyən rəsminə baxaraq dərindən köks ötürüb sözünə davam edir.
“Aprelin ilk günləri idi, cəbhədən xəbərlər gəlirdi. Ona zəng elədik, telefonu çaığırırdı, amma cavab vermirdi. O bizə həmişə deyirdi ki, mənə zəng çatmayanda və ya cavab verməyəndə bilin ki, təlimdəyəm. Ona görə də zənglərə cavab verməyəndə o qədər də narahat olmurduq. Amma elə bil mənə agah olmuşdu ki, nəsə olacaq. Çünki, aprel hadisələrinin ilk günündən nədənsə, ürəyimdə bir narahatçılıq keçirirdim. İnanın heç evə sığmırdım. Hər keçən an narahatçılığım bir az da artırdı. Aprelin 4-ü günü yuxumda gördüm ki, evdə oturmuşuq. Sahil içəri girdi, əlində qırmızı kostyum vardı. Mənə dedi ki, “Ana bax gör, necədir, bəylik kostyumumdur”. Mən də kostyumu əlimə alıb ona dedim ki, anan qurban bəylik kostyumunu qırmızı niyə almısan?... Hələ sözümü qurtarmamışdım ki, əlimdə olan qırmızı kostyumun rənginin birdən dümağ olduğunu gördüm. Diksinib əlimdən paltarı yerə qoyub Sahilin üzünə baxdım. Balamın üzündə bir solğunluq gördüm. Elə bil uşaq tədricən duman içərisində yox oldu. Yuxudan səksəkəli oyanıb durdum. Yuxum ərşə çəkildi, Allaha əl açıb bütün əsgərlərimizə yardımçı olması üçün, dua etdim”, - deyə anası nəql edir.
Söhbətimiz davam edir. Bəzən valideynlərin dedikləri elə sözlər olurdu ki, onlara verəcəyimiz sual boğazımızda quruyurdu. Sakit bir şəkildə ata və ananın dedikləri sözlərə diqqət yetirdik. Söhbət zamanı ortaya çay gətirildi və ana stolun baş tərəfində nəlbəkinin içinə çevrilən stəkanı dikəldib çayın birini də o stəkana süzdü. Yerində əyləşib başını sağ çiyninə əyib, çay süzdüyü stəkana baxıb “Sahilin stəkanıdır. Hər gün süfrəmizdə onun yemək payını ayrıca qoyuram. İnanıram ki, balam ölməyib, gələcək. Hətta nə gecələr, nə də başqa günlərdə bir yana gedəndə qapını bağlamıram. Evin əsas qapsının kilidi xarab olsa da onu belə dəyişmirəm, çünki Sahilin cibində o kilidin açarı varıydı. Elə bilirəm ki, gələndə onu evdə görəcəm” deyə dərindən köks ötürür.
Bu təkcə bir ananın keçirdiyi hisslər deyil. Bu həm də şəhidi ilə bir millətə oğul bəxş edən ananın hissləridir. Bizim isə üzərimizə daha böyük bir yük düşür: şəhid olan övladını hələ də dönəcəyi ümidilə gözləyən anaların göz yaşlarını və narahatçılıq hislərinin qisasını almaq.//Ordu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət