Slimfit
  1. MEDİA

Aprel savaşından daha şiddətli müharibə başlaya bilər

Aprel savaşından daha şiddətli müharibə başlaya bilər
Sakura

Aprel savaşından daha şiddətli müharibə başlaya bilər

QAFSAM-ın sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərsoyun Axar.az-a müsahibəsini təqdim edirik.

- Paşinyan son 30 ildə Xankəndidə mitinq təşkil edərək, burada “Miatsum” sədaları altında çıxış edən ilk Ermənistan lideri oldu. Sizcə, niyə məhz indi “Miatsum” gündəmə gətirilir?

- Paşinyan indiyə qədər Petrosyan, Köçəryan, Sərkisyandan fərqli olaraq, Qarabağ məsələsində Azərbaycana daha məqbul olan lider profili cızırdı. Hakimiyyətə gəldikdən sonra onun mövcud olan ümumi dünyagörüşünə, fikirlərinə baxaraq, bu şəxsin Qarabağ klanına deyil, alternativ Ermənistan kökənli bir xəttə mənsub olduğunu görmək olurdu. Paşinyan istər Petrosyan, istər Köçəryan, istərsə də Sərkisyanla müqayisədə Qarabağ məsələsi üzərində yüksəlməmiş, Qarabağ müharibələrində aktiv iştirak etməmiş təmsilçidir. Onun üçün əsas təşkil edən məsələlər daha çox Ermənistanla bağlı idi. Paşinyanın bu xətdən gəlməyi bizim üçün müəyyən fürsət yaradırdı, eyni zamanda, Qarabağ məsələsini də Paşinyan üçün “Axilles dabanı”na çevirirdi. Ona görə bütün rəqibləri əsasən, Ermənistandakı rəqibləri, eləcə də şimal qonşumuz bu “zəif yerdən” Paşinyanın əleyhinə istifadə edilə biləcək heç bir fürsəti qaçırmırdılar. Əvvəllər Paşinyan bu hücumları müəyyən mesajlar vermək, oğlunu Qarabağa hərbi xidmətə göndərmək, bir az daha populist sayıla bilən addımlarla dəf etməyə çalışırdı ki, rəqibləri oradan heç bir hücum etməsinlər. Bu baxımdan Azərbaycan buna müəyyən qədər səbir göstərə bilərdi, amma indi Paşinyanın hakimiyyətə gəlməyindən il yarım keçib. Hazırda Qarabağ probleminin həllinə daha çox maneə yaradan bir neçə məqam var ki, bunlardan da biri erməni millətçiliyidir. Erməni millətçiliyi xüsusilə populist bir şeydir. Buna yavaş-yavaş başlaya bilərsiniz, amma bir müddətdən sonra artıq o populizmin içərisinə yuvarlanma ehtimalınız daha çox artır. Yəni başlanğıcda bir neçə açıqlama ilə müəyyən şeyləri gündəmə gətirə bilərsən, amma bir müddətdən sonra populizm sizi öz ovcunun içərisinə alacaq. Paşinyanda son dövrlər bu xəttin gedərək yüksəldiyini görürəm.

- Sələflərindən fərqli olaraq, Paşinyanı hakimiyyətə millətçilik dalğasının gətirmədiyini nəzərə alsaq, indiki şəraitdə onun bu istiqamətdə addımlamasının səbəbi nədir?

- Bunun iki səbəbi var. Əvvəla ona görə ki, Ermənistandakı rəqiblərinin Qarabağ kartından istifadəyə davam etməsi, Rusiya ilə münasibətlərdəki həssas balans Paşinyanı davamlı olaraq narahat edir. Paşinyan qorxur ki, Rusiyanın müəyyən dairələrinin himayəsində olan daxili müxalifət hər an ölkədə hökumət əleyhinə küçələrdə hərəkətlənmələri artıra bilərlər. Bunun üçün də Paşinyan Qarabağ üzərindən ona vurula biləcək “populist” zərbəni, “Axilles dabanı”nı bacardıqca təsirsiz hala gətirməyə çalışır. İkinci və çox daha əhəmiyyətli səbəb odur ki, Paşinyan hakimiyyətə Ermənistanın sosial-iqtisadi problemlərini həll etmək vədi ilə gəlib. Üzərindən təxminən bir il keçib. Görünən mənzərə odur ki, bir il bundan qabaq Paşinyan öz vədlərini, arzu elədiklərini həyata keçirə bilməyib. İstər korrupsiya ilə mübarizə, istərsə də ölkənin iqtisadi və sosial vəziyyətində arzu etdiyi nəticələri ala bilməyib. Bu da istər-istəməz onu Ermənistandakı ənənəvi karta müraciət etməyə sövq edir. Bu isə Qarabağ kartıdır. Bu mənada Paşinyanın öz sələflərindən fərqli olaraq Xankəndidə çıxış etməsi, orada uzun müddət sonra “Miatsum”dan danışması, “Qarabağ Ermənistandır” fikirlərini səsləndirməsi önümüzdəki dönəmdə yaranacaq ciddi risklərdən xəbər verir.

- Bunlar nələr ola bilər?

- Yəni Paşinyan Ermənistanın daxili məsələləri ilə bağlı vədləri reallaşdırmaq üçün hakimiyyətə gəlmişdi, amma görünür ki, yavaş-yavaş “Qarabağ kozırı” ilə hakimiyyətdə qalmağa çalışacaq. Prosesi Paşinyanın bu şəkildə davam etdirməsinin əhəmiyyətli məqamlarından biri odur ki, o, “Qarabağ kozırı”ndan istifadə edərsə, hakimiyyətinin ömrünü uzadacağını düşünür. Məncə, bu, bizim son bir il ərzində Qarabağ siyasətində lazımi sərtliyi göstərməməyimizin nəticəsidir. Çünki “Ermənistandakı şahinlər” - Paşinyan da yavaş-yavaş bu xəttə qoşulur - Azərbaycan ordusunun sərt reaksiyasını müəyyən məqamlarda görməsələr, Bakı növbəti dönəmdə Ermənistan tarixindəki ən radikal və qərbçi Paşinyanla qarşılaşacaq. Bu gedişat o xəttə doğru inkişaf edir. Bəs burada nə edilə bilər? Məsələn, Xankəndidə “panerməni oyunları” keçirilir. Biz elə bir oyunun orada keçirilməsinə imkan verməyəcək şəkildə Qarabağda təhlükəsizlik risklərini artırmalıydıq. Azərbaycan ordusunun proses başlamadan öncə o coğrafiyada hərbi uçuşlar gerçəkləşdirməsi, “oyunlar”ın oynanacağı bəzi sahələrin vurulması, erməni rəsmilərinin davamlı Qarabağa gəlib-getməsi prosesinin məhdudlaşdırılması kimi addımlar atıla bilərdi. Bundan əlavə, Xankəndi hava limanının istifadəsinə qarşı çıxdığımızı ifadə eləmişdik və demişdik ki, ora gələnləri vuracağıq, amma ermənilər həmin hava limanından istifadə etməyə başlayıblar. Bu proseslərin hamısına biz sadəcə diplomatik deyil, öz hərbi reaksiyamızı da göstərməliyik. Çünki bu ərazilər beynəlxalq hüquqa görə Azərbaycan torpağıdır. Azərbaycan torpaqlarında fərqli bir gücün Azərbaycanın icazəsi olmadan gəlib inşaat aparması və ya idman yarışı keçirməsinə, o torpaqlarda kimlərinsə çıxışlar etməsinə yol verməməyimiz gərəkir. Bu prosesi kəskinləşdirməyimiz lazımdır.

 

- Rusiya Xarici İşlər Nazirliyi, daha çox Mariya Zaxarovanın simasında, dolayısı ilə Moskvanın Qarabağda status-kvonun saxlanılmasının tərəfdarı kimi çıxış edir. Paşinyan Putinin səfəri öncəsi bu status-kvonu pozmağa çalışır. Əgər Paşinyan planını reallaşdırarsa, ona Moskvadan hansısa reaksiyaların olması gözləniləndirmi?

- Status-kvonun dəyişməməsi o deməkdir ki, Rusiya XİN-i Azərbaycan torpaqlarının işğal edilməsini dəstəkləyir. Bu açıqlamaların cavabı yalnız budur. Sərt diplomatik dildən ehtiyac çərçivəsində istifadə olunmalıdır. Biz Qərbi Avropadakı hər hansı bir dövlətlə münasibətlərimizi tənzimləmirik, Azərbaycanın 20 fazini işğal etmiş və davamlı olaraq bu torpaqlarda işğal fəaliyyətlərini davam etdirən bir ölkə ilə qarşı-qarşıyayıq. Dolayısı ilə Azərbaycan XİN-in bəyanatları da bu reallığa uyğun olaraq formalaşmalıdır. Azərbaycanın Ermənistan, eləcə də Qarabağ siyasəti “smart pover” - “ağıllı güc” olmalıdır. Yəni anlayanlar üçün yumşaq diplomatik bəyanatlar, anlamayanlar üçün isə sərt gücdən istifadə olunmalıdır. Paşinyanın Dağlıq Qarabağ probleminin həlli ilə bağlı yumşaq mesajlarına yumşaq cavab vermək lazımdır, lakin əgər o, Xankəndidə hansısa oyunlarda iştirak və çıxışlar edirsə, təhlükəsizlik risklərini artıracaq addımlar atmalıyıq. Biz bunu etməsək, erməni tərəfi müzakirə masasında qarşımıza yeni tələblərlə çıxacaqlar. Bütün baş verənlər ermənilərin mərhələli olaraq müzakirələrdə öz lehinə xal əldə etmək üçün atdığı addımlardır. Bu addımları biz yerindəcə əngəlləməyi bacarmalıyıq. Bunları bacarmasaq, onlar dipolmatik müzakirələrdə bizim qarşımıza daha böyük problemlərlə çıxacaqlar. Paşinyanın bu çıxışına gəlincə isə Rusiyadan önəmli bir reaksiya veriləcəyini düşünmürəm. Gərginliyin artırılmaması istiqamətində mesajlar verilə bilər. Rusiya burada da bizim maraqlarımızı dəstəkləməkdən daha çox diplomatik mesajlar verə bilər.

- Nikol Paşinyanın hazırkı mövqeyi Qarabağda Aprel müharibəsindən daha şiddətli bir savaşı reallığa çevirə bilərmi?

- Qarabağda işğalın davam etdiyi müddətcə müharibə riski hər zaman var. Azərbaycan tərəfinin yetərincə müasir silahlarla təmin olunduğunu, Ermənistanın isə silahlanmaya davam etdiyini (xüsusən bu istiqamətdə Rusiyanın dəstəyini də unutmaq olmaz – N.C.) nəzərə alsaq, bu halda zaman keçdikcə ortaya çıxacaq müharibənin həm şiddəti, həm də miqyası daha böyük ola bilər. Ona görə ki, hər iki tərəfin əlində çox ciddi müasir silahlar var və bu da yeni müharibənin əvvəlkilərdən daha şiddətli olma ehtimalını daha da artırır. Paşinyanın Qarabağda radikal çıxışlar etməsi də müharibə risklərini artırır. Çünki orada Paşinyanın rəqibləri onu yenidən Qarabağ kartıyla vurmaq üçün daha fərqli addımlar ata bilərlər. Paşinyan özü də bir dəfə çıxışında demişdi ki, Qarabağda yenidən müharibənin başlanması və Azərbaycanın torpaqlar ələ keçirməsinə şərait yaratmaq istəyən qüvvələr var. Paşinyan bu bəyanatı ilə əslində Qarabağ kartını istifadə edən müxalifətin - rəqiblərinin müəyyən kozırını əlindən almağa çalışır. Onlar isə öz növbəsində önümüzdəki dönəmdə Qarabağda hərbi prosesləri daha da gərginləşdirə bilərlər. Çünki Qarabağdakı Paşinyan müxaliflərinin təhlükəsizlik sektorunda, orduda ciddi təsiri var. Paşinyan bu problemi hələ də həll edə bilmir. Bunlar Qarabağda yenidən Azərbaycana qarşı müəyyən təxribatlar həyata keçirə bilərlər. Azərbaycan Ordusu da Apreldə olduğu kimi, buna müəyyən sərt reaksiya verə bilər. Dolayısı ilə Paşinyanın “kraldan daha çox kralçı” davranması, Köçəryan və Sərkisyandan daha populist olmağa çalışması Qarabağdakı müharibə riskini artıracaq. Çünki qarşı tərəf mütəmadi olaraq Qarabağla bağlı bu cür açıqlamalar versə, onda Qarabağda daha pis vəziyyət yaradacaq. Əlbəttə, Qarabağda müharibə erməni ordusunun yeni bir məğlubiyyəti ilə nəticələnəcək. Bu da təbii ki, siyasi olaraq Paşinyanın ayağına yazılacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Zəngin Romalılar saatlarla davam edən möhtəşəm ziyafətlərdə yeməyə davam etmək üçün zaman-zaman qusarlardı

Redaktor seçimi

SON XƏBƏRLƏR