Aparatlar yeni 10 manatlığı nə vaxt qəbul edəcək?
Vətəndaşlar artıq bir müddətdir dövriyyəyə buraxılan yeni 10 və 200 manatlıq əsginasların ödəmə terminalları tərəfindən tanınmadığını bildirirlər. Sözügedən problem bundan əvvəl bir neçə dəfə gündəmə gəlsə də, hələ də həllini tapmayıb.
“MilliÖn”dən Axar.az-a bildirildi ki, şirkətə məxsus aparatların bir qismi yeni 10 və 200 manatlıq əsginasları qəbul etsə də, bir qismi qəbul etmir:
“Bunun hansı səbəbdən baş verməsi barədə məlumat verə bilmərik”.
“E-manat” şirkətindən isə problemin həlli istiqamətində müvafiq işlərin görüldüyü bildirildi:
“Əgər dövriyyəyə yeni əsginas daxil olursa, gərək aparatların pul qəbuledicisi də dəyişdirilsin. Sözügedən problemin həlli ilə əlaqədar artıq bizdə bu ay ərzində bütün ödəmə terminallarında pul qəbuledicilərin dəyişdirilməsinə başlanılıb. Hazırda terminallarımız yeni 10 manatı qəbul edir. Ümumilikdə Azərbaycan üzrə 2 mindən çox terminal qoyulub. Onların hər birinin bir-bir dəyişdirilməsi təbii olaraq vaxt alır”.
EasyPay MMC-dən də quruma məxsus ödəmə terminallarında təkmilləşdirilmə işləri aparıldığı bildirilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət