Dərc edildi: Baxış sayı: 1376
Anhidroz nədir? - Səbəbləri, simptomları, müalicəsi
Аnhidroz (yununca "hidros” — tər, "an” — inkar şəkilçisi) yunan dilindən tərcümədə "tərin olmaması” mənasını verir. Bu patoloji vəziyyət tər ifrazının xeyli azalmasına və ya onun tamamilə olmamasına gətirib çıxaran tər vəzilərinin fəaliyyətinin pozulması ilə əlaqəlidir. Anhidrozun səbəbləri anadangəlmə və qazanılma ola bilər.
Medicina.az xəbər verir ki, bununla əlaqədar olaraq dərinin daimi quruluğu və ya tər ifrazının müvəqqəti funksional azalması meydana çıxır. Anhidrozun diaqnostikasında tər ifrazının stimulyasiyasına yönəlmiş, dərinin nəmlik dərəcəsini qeyd edən xüsusi testlər istifadə olunur.
Аnhidrozun səbəbləri
Anadangəlmə anhidroz tər vəzilərinin formalaşma prosesinin bitməməsi ilə əlaqəlidir. Qazanılmış anhidroz astenik, atrofik, travmatik, toksik, nevroloji və funksional ola bilər.
Anhidroz bəzi dəri xəstəlikləri nəticəsində də yarana bilər. Məsələn güclü tərləmə tər vəzilərinin fəaliyyətinin pozulmasına və nəticədə kəskin generalizəolunmuş anhidroza gətirib çıxara bilər. Lokal tər ifrazı pozulması dərinin sklerodermiya, ixtioz, cüzam və başqa bu kimi xəstəliklərlə zədələnmə nahiyələrində inkişaf edə bilər. Sinir sisteminin müxtəlif xəstəlikləri, periferik sinirlərin və ya onurğa beynin zədələnməsi də tər vəzilərini innervasiyasının pozulmasına, beləliklə, anhidroza səbəb ola bilər.
Avitaminozlar, şəkərli diabet, qaraciyər sirrozu, Addison xəstəliyi və s. zamanı astenik anhidroz inkişaf edir. Dehidratasiya, zəhərlənmə və intoksikasiya (hamilələrin toksikozu, revmatizmönü vəziyyət, diareya, qida intoksikasiyası, vəba, şüa xəstəliyi) kəskin generalizəolunmuş anhidroza səbəb ola bilər.
Tər ifrazının fizioloji azalması isti havalarda kifayət qədər maye qəbul etmədikdə müşahidə oluna bilər. İsti ölkələrdə maye qəbulunun kafi olmaması və ya vəzi axacaqlarının tozla tutulması tropik anhidrozun inkişafına gətirib çıxara bilər. Tər ifrazının müvəqqəti olmaması bəzi dərman preparatlarının, məs., xolino- və ya qanqlioblokatorların qəbulu zamanı yan təsir kimi meydana çıxa bilər.
Аnhidrozun simptomları
Anhidroz tər ifrazının olmaması və quru dəri ilə təzahür edir. Daimi quruluq nəticəsində dəridə çatlar əmələ gəlir. Belə nahiyələrin dərisi asanlıqla zədələnir və infeksiyalaşa bilər. Dərinin iltihabi xəstəlikləri – dermatit inkişaf edə bilər. Belə ki, tərlə orqanizmdən zərərli maddələr xaric olur; tər ifrazı pozulduqda temperaturun yüksəlməsi, qusma və vazomotor reaksiyalarla özünü göstərən intoksikasiya müşahidə olunur. Bu zaman toksinlərin orqanizmdən çıxarılması prosesində yük digər orqanların üzərinə düşür, buna görə də sidiyin miqdarı arta və həzm orqanlarının patologiyaları meydana çıxa bilər.
Kəskin lokal anhidoz zamanı dərinin normal tər ifraz edən nahiyələri tər ifrazını kompensator olaraq artıra bilər. Bu səbəbdən bəzi hallarda pasientlər dəri quruluğundan deyil, güclü tərləmədən şikayətlənirlər. Kəskin generalizə olunmuş anhidroz bədən temperaturunun yüksəlməsi; isti, qırmızı və quru dəri; tənəffüsün tezləşməsi, ürəkdöyünmə və huşun alaqaranlıqlaşması ilə xarakterizə olunur. Qıcolmalar müşahidə oluna bilər.
Tər ifrazının olmamasına səbəb olan amillərin uzun müddət davam etməsi tər vəzilərinin atrofiyasına gətirib çıxarır və xəstəliyin gedişatı xroniki xarakter alır.
Аnhidrozun diaqnostikası və müalicəsi
Diaqnostika histaminin dəridaxili yeridilməsi və ya tər ifrazını artıran preparatların qəbulu ilə aparılır. Tər ifrazı pozulmuş nahiyəni aşkarlamaq məqsədilə pasientin dərisinə nəmlənmə detektoru qoyulur və termoörtüklə sarınır.
Müalicə ilk növbədə normal tər ifrazının pozulmasına gətirib çıxaran səbəbin aradan qaldırılmasına yönəlir. Xəstələr isinmədən çəkinməli, quru dəri nahiyələrinə nəmləndirici kremlər və indifferent məlhəmlər sürtməlidirlər. Əzələdaxili vitamin B12 yeridilməsi, retinol (vitamin A) və polivitaminlərin qəbulu dərinin vəziyyətini yaxşılaşdırır. Kəskin generalizəolunmuş anhidroz zamanı pasientin təcili soyumaya, dərisinin nəmləndirilməsinə və çoxlu maye qəbuluna ehtiyacı yaranır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət